Füzuli rayonunda özünü ictimai nəzarətçi kimi təqdim edən Qasımov Taleh Mövsüm oğlundan məhkəməyə müraciət edilib. Buna səbəb onun Əhmədbəyli bələdiyyəsinin sədri Fərhad Səfərov barəsində əsassız məlumatlar yayması olub.
Haqqında səsləndirilən iddiaların həqiqəti əks etdirmədiyini deyən Fərhad Səfərov Taleh Qasımovla aralarındakı məsələyə aydınlıq gətirmək üçün məhkəməyə şikayət ərizəsi ilə müraciət ünvanlayıb.
F.Səfərov ictimai nəzarətçi olduğunu deyən şəxsin Əhmədbəyli kəndi bələdiyyəsi ilə bağlı şər məqsədi ilə xəbərlər yaydığını bildirib.
"Mən iki il yarım işlədiyim müddətdə Qasımov Taleh Mövsüm oğlu özünü ictimai nəzarət nümayəndəsi kimi təqdim edərək, nazirliklərə guya Əhmədbəyli bələdiyyəsinin rüşvətxorluqla məşğul olması barədə saxta məlumatlar verib. Mən məsələyə aydınlıq gətirilməsi üçün məhkəməyə müraciət etdim. Həmin şəxs mənim haqqımda yalan məlumatlar yayıb, ictimai nüfuzuma xələl gətirəcək iddialar irəli sürüb. Mən məhkəməyə müraciət edərək, haqq-ədalətin bərpa olunmasını xahiş etdim. Məhkəmə iclasında haqqımda səsləndirilən fikirlərin yalan olduğu üzə çıxdı. Taleh Qasımovun təxribat fəaliyyəti ilə məşğul olması sübuta yetirildi".
Məhkəmənin qərarına əsasən, bələdiyyə sədrinə böhtan atması sübuta yetirilən T.Qasımova 500 manat məbləğində cərimə kəsilib.
"Mənimlə bağlı iddiaların hər biri məhkəmədə təkzib olunub və Taleh Qasımova 500 manat məbləğində cərimə kəsilib. Həmçinin səsləndirilən yalanların təkzib olunması tələb edilib. Eyni zamanda 5 maddə əsasında cəzalandırılıb. Mən istərdim ki, belə şəxslər ifşa olunsun, özünü ictimai nəzarətçi kimi qələmə verən Taleh Qasımov kimi insanları cəmiyyətimiz yaxından tanısın. Onu da bildirim ki, Taleh Qasımov bundan əvvəl də şantajla məşğul olduğundan cəzalandırılıb".