"TikTok" Çin hökumətinin ABŞ-dəki əməliyyatlarını texnologiya milyarderi İlon Maska satmağı müzakirə etdiyi barədə yayılan xəbərləri təkzib edib.
Sosial media platforması "TikTok", Maskın potensial alıcı olaraq ilkin görüşlərdə iştirak etməsi ilə bağlı iddiaların "tamamilə uydurma" olduğunu bəyan edib.
Valyuta.Az xəbər verir ki, "Bloomberg"in yayımladığı xəbəri təkzib edən "TikTok", "BBC"yə açıqlamasında bildirib ki, "uydurma bir xəbər ilə bağlı şərh verməyimiz gözlənilə bilməz".
"TikTok" 19 yanvarda qadağa ilə üzləşə bilər
Bu qərar, 170 milyon amerikalının istifadə etdiyi məşhur tətbiqin 19 yanvarda ABŞ-də qadağan olunması təhlükəsi ilə üzləşməsi və Ali Məhkəmə hakimlərinin "TikTok"un ana şirkəti "ByteDance"ın ABŞ-dəki əməliyyatlarını satması və ya fəaliyyətini tamamilə dayandırması barədə qərar qəbul etməsi ilə əlaqədardır.
Dekabr ayında Donald Tramp Ali Məhkəmədən bu qərarın 20 yanvarda vəzifəyə başlayana qədər təxirə salınmasını xahiş etmişdi. Bu addımın məqsədi, məsələnin həlli üçün əlavə vaxt əldə etmək idi.
"BBC"nin verdiyi xəbərə görə, Trampın bu müraciəti "TikTok"un icraçı direktoru Şou Zi Çju (Shou Zi Chew) ilə Floridada keçirdiyi görüşdən bir həftə sonra baş tutub.
Lakin ABŞ hakimlərindən hər hansı birinin bu addımı atıb-atmayacağı hələlik qeyri-müəyyəndir.
Milli təhlükəsizlik təhdidi
19 yanvar qərarı, hökumətin "TikTok"un Çinlə əlaqələri səbəbindən milli təhlükəsizlik təhdidi kimi qiymətləndirdiyi uzunmüddətli müzakirələrin zirvə nöqtəsi idi.
ABŞ rəsmiləri hesab edir ki, "TikTok" tərəfindən istifadəçilərdən toplanan böyük həcmdə məlumatlar – o cümlədən izləmə vərdişlərinə dair həssas bilgilər – təzyiq yolu ilə Çin hökumətinin əlinə keçə bilər.
"Euronews"un məlumatına əsasən, ABŞ rəsmiləri həmçinin "TikTok"un istifadəçilərin qarşısına çıxan məzmunu idarə edən xüsusi alqoritmin Çin hökuməti tərəfindən manipulyasiya olunmasından narahatdırlar. Bu isə platformadakı məzmunun incə şəkildə dəyişdirilməsi üçün "ByteDance"a təzyiq göstərilə biləcəyi ehtimalını artırır.
Lakin "TikTok" uzun müddətdir ki, Pekinin vasitəçisi kimi istifadə edilə biləcəyini qətiyyətlə inkar edir.
Rəhim