RU

Mirzoyan hakimiyyətdən gedən Baydenin “yaxasından düşmür”...

Image

Məhəmməd Əsədullazadə: “Bayden administrasiyası ilə belə bir saziş imzalayırlar ki, Trampa miras qalsın”

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 14-15 yanvarda Vaşinqtonda işgüzar səfər çərçivəsində dövlət katibi Entoni Blinken və digər rəsmilərlə görüş keçirəcək. Bu görüşdən bir neçə gün sonra Blinkeni dövlət katibi postunda bir başqası əvəz edəcək. Yanvarın 20-də Donald Trampın andiçmə mərasimindən sonra dövlət postları vəzifələrini yeni şəxslər tutacaq. 

Belə olan halda Mirzoyanın köhnələrlə görüş məqsədilə Vaşinqtona səfərinin mənası nədir? Mirzoyan ABŞ-da hakimiyyət dəyişikliyinə bir neçə gün qalmış vəzifəsini itirəcək dövlət katibi ilə görüşürsə, hesab etmək olarmı ki, ortada nəsə var?

“Burada əsas strateji məqsəd Ermənistanı Rusiyanın orbitindən çıxarmaq və regionda möhkəmlənməkdir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, burada əsas məqsəd Birləşmiş Ştatlarla strateji tərəfdaşlıq sazişini imzalamaqdır: “Artıq ABŞ-la Ermənistan arasında strateji tərəfdaşlıq sazişi imzalanıb. Burada əsas strateji məqsəd Ermənistanı Rusiyanın orbitindən çıxarmaq və Cənubi Qafqazda möhkəmlənməkdir. Onlar yaxşı bilirlər Tramp administrasiyası dövründə ABŞ Ermənistanla belə bir saziş imzalamaz. Baydendən fərqli olaraq, Trampın ermənilərə rəğbəti yoxdur. Bu həm də erməni lobbisi, diasporu və kilsəsinin onun hakimiyyəti dövründə effektiv işlər görmə imkanının məhdudlaşması demək idi. Ermənilər ABŞ-dakı gücünü itirməmək, ən azından Vaşinqton-İrəvan münasibətlərini saxlamaq üçün son anadək əllərindən gələni edib, bu sənədi imzalada bildilər. Ona görə gedər ayaq Bayden administrasiyası ilə belə bir saziş imzalayırlar ki, Trampa miras qalsın. Düşünürəm ki, Tramp ümumiyyətlə, Ermənistan siyasətinə ciddi şəkildə yanaşmayacaq və konkret olaraq İrəvan arxa planda saxlanılacaq. Trampın bu sənəddən irəli gələcək məsələləri icra edəcəyi real görünmür. Ona görə də Ermənistan hökuməti və Bayden administrasiyası çalışdı ki, erməniləri bu müstəvidə qorusun, himayə etsin. Çox güman ki, imzalanacaq sənəddə ABŞ-ın Ermənistana hərtərəfli dəstəyi öz əksini tapacaq. Burada siyasi, iqtisadi, hərbi dəstək ola bilər. Ancaq düşünmürəm ki, bütün bunlar Ermənistanı düşdüyü çətin vəziyyətdən çıxara bilsin. Ermənistan düşdüyü vəziyyətdən çıxmaq üçün ilk növbədə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır, sülh sazişi imzalamalıdır”.

Vidadi ORDAHALLI





Избранный
15
baki-xeber.com

1Источники