RU

"İranda "Zarqos" adlı unikal esmines yaxın günlərdə dənizə endiriləcək" - Şahram İrani

"Bizdə elə silahlar var ki, düşmənin onların mövcudluğundan belə xəbəri yoxdur..."
 
İran Hərbi-Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Şahram İrani tamamilə İran istehsalı olan "Zaqros" adlı "unikal" esminesin yaxın günlərdə dənizə 
endiriləcəyini açıqlayıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, İran Hərbi-Dəniz Qüvvələrinin artıq ən müasir gəmisi adlandırılan "Zaqros" döyüş əməliyyatları ilə yanaşı, kəşfiyyat vəzifələrinin də yerinə yetirilməsi üçün nəzərdə tutulub.
 
Şahram İrani əlavə edib ki, bu həftə İranın cənubunda, Oman körfəzinin sahilindəki strateji əhəmiyyətli Cask bölgəsində İranın müasir texnologiyalarla təchiz edilmiş xüsusi doka malik olan ən böyük hərbi mərkəzi açılacaq.
 
"Son illərdə İran Hərbi-Dəniz Qüvvələri suüstü və sualtı gəmilərin istehsalında tam özünütəmin səviyyəsinə çatıb. İran Hərbi-Dəniz Qüvvələri piratçılıq və dəniz terrorçuluğu ilə mübarizəyə hazırlığını artırmaq üçün Rusiya, Çin və Pakistan kimi ölkələrlə birgə hərbi təlimlər keçirib", - məlumatda deyilir.
 
"İran Hərbi-Dəniz Qüvvələri ticarət gəmilərinin və tankerlərin təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq sularda iştirakını artırıb. Bu təşəbbüslərə dənizdə xilasedici əməliyyatlar üzrə məlumat mübadiləsi və beynəlxalq dəniz ticarətinin təhlükəsizliyini gücləndirmək üçün əməliyyat təcrübəsinin bölüşdürülməsi də daxildir", - "Tasnim" yazır.
 
Xatırladaq ki, dünən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, briqada generalı Məhəmməd Rza Aştiyani bildirib ki, İranın indiyədək heç kəsin bilmədiyi silahları var. "Bizdə elə silahlar var ki, onları hələ təqdim etməmişik və düşmən onların mövcudluğundan belə xəbəri yoxdur", - o, qeyd edib.
 
Bundan bir gün əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general-mayor Hüseyn Salami bildirib ki, SEPAH böyük döyüşlər və uzunmüddətli münaqişələr baş verəcəyi halda ölkəni tam müdafiə etməyə hazırdır.
 
İran Ordusunun koordinasiya məsələləri üzrə rəis müavini, kontr-admiral Həbibulla Səyyari isə bildirib ki, yaxın günlərdə İran İslam Respublikası Ordusu strateji avadanlıqlarla, o cümlədən min ədəd yerli istehsal olan pilotsuz uçuş aparatı ilə təmin ediləcək.
Избранный
5
moderator.az

1Источники