RU

Cənubi Qafqazda aparıcı iqtisadiyyat, hərbi güc, qüdrətli dövlət

Zəngəzur dəhlizinin reallaşması regionda bu üstünlüklərə malik olan Azərbaycanın imkanlarını daha da artıracaq

Vətən müharibəsindən sonra bölgədə əmin-amanlığa, region ölkələri arasında siyasi, iqtisadi əməkdaşlığın təminat verən şərtləndirəcək Azərbaycanın səylərinə baxmayaraq hələ də Qərblə, ABŞ-la məsləhətləşən, qeyri-ciddi davranışları, revanşist sayıqlamaları ilə vəziyyəti gərginləşdirən rəsmi İrəvanın danışıqlar prosesindən yayınması bölgənin sabitliyi üçün ciddi təhlükədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi müddətdə qonşu Türkiyə və İranla Zəngəzur dəhlizinin açılması üçün müxtəlif səviyyəli danışıqlarda bu yolun bölgə üçün əhəmiyyətini diqqətə çatdıran Ulu Öndər Heydər Əliyev Cənubi Qafqazda pozulan sabitliyin səbəblərini də açıqlayırdı. Cənubi Qafqaza gəlmə toplum olan ermənilərə havadarlıq edərək qonşu dövlətlərin əraziləri hesabına haylara qondarma respublika yaradanların məkrli siyasətlərinin nəticəsi olan Zəngəzurun Ermənistana birləşdirilməsini Azərbaycan xalqına xəyanət adlandırırdı. O dövrdə Qarabağa, Zəngəzura göz dikən daşnaklar Naxçıvana da sahib olmaq niyyətlərini açıq-aşkar söyləyirdilər və məqsədlərinə çatmaq üçün havadarlarından dəstək alırdılar. Zəngəzur mahalının və Araz sahilindəki Mehrinin Ermənistana verilməsi Azərbaycana qarşı ədalətsizliyin nümunəsi idi. Bu cür «pay almalardan» şirniklənən ermənilərin bu gün Zəngəzur dəhlizi ilə bağlı əsassız iddialarının aktuallaşması daşnak ideologiyasının zərərli təzahürü kimi Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına ciddi təhlükə yaradır. Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən Qars müqaviləsini təzələməklə bu cür xəyanətkar əməllərin qarşısını aldı. Naxçıvanı Ermənistanın işğalından qorudu. «…Xatirimdədir, 1992-ci ilin mart ayında mən Naxçıvanda Ali Məclisin Sədri olarkən Türkiyəyə səfər etdiyim zaman orada mərhum prezident Turqut Özalla, o vaxtkı Baş nazir Süleyman Dəmirəllə danışıqlarımızda həmin Qars və Moskva müqavilələrini biz çox geniş səsləndirdik. Uzun bir fasilədən sonra Türkiyə Cümhuriyyətinin başçıları, xüsusən Baş nazir Süleyman Dəmirəl bütün mətbuat qarşısında bəyan etdi ki, Moskva və Qars müqavilələrinə görə, Naxçıvan Muxtar Respublikasının statusunda əgər bir dəyişiklik edilərsə, Türkiyə burada səs sahibidir. Bu, həqiqətən də belədir. Çünki həm Qars müqaviləsini, həm də Moskva müqaviləsini imzalayan bir tərəf də Türkiyədir. Türkiyə o vaxt olduğu kimi, indi də dünyanın böyük, müstəqil dövlətidir. Bu baxımdan Türkiyə o vaxtdan Naxçıvan Muxtar Respublikasının qarantı kimi olubdur. Bunlar bizim tariximizin səhifələridir» söyləyən, uzaqgörən siyasətçi, torpağına bağlı olduğunu dövlətçilik təcrübəsinə əsaslanaraq bildirən Ulu Öndər Heydər Əliyevin qətiyyətini davam etdirən Prezident İlham Əliyev Zəngəzur dəhlizinin gerçəkləşməsi istiqamətində real addımlar atır. Ermənistanın Zəngəzur dəhlizindən siyasi alver kimi istifadə etməsi daşnak ideologiyasının, xəyanətinin başqa motivlərlə təkrarlanmasıdır. Tarixən Azərbaycan ərazisi olan Zəngəzuru zəbt etmək, hətta Naxçıvanın guya ermənilərə məxsusluğunu sübuta yetirmək üçün daim havadarlarından dəstək alan ermənilər statusu Moskva və Qars beynəlxalq müqavilələri ilə müəyyənləşdirilən muxtar respublikanı özününküləşdirə bilməmişlər. Ermənilərin «Qarabağı başlayan adam» adlandırılan, «Naxçıvan və Qarabağ-bir medalın iki üzü» adlı yazının müəllifi, Qars müqaviləsinə qarşı çıxan Zori Balayanın «Qarabağ hərəkatı bizi qətrə-qətrə kölə olmaqdan xilas etdi. Tarixi məğrurluğumuzu, tarixi qeyrətimizi özümüzə qaytardı. Başlıcası isə bizi Naxçıvan haqqında düşünməyə məcbur etdi. O Naxçıvan ki, onsuz Ermənistanın gələcəyi yoxdur» sözləri ermənilərin mifik təfəkkürünü zəhərləyir. «Mən bu işi başladığıma görə yox, öz xalqımı gec ayağa qaldırdığıma görə günahkaram. Görünür, məsələni Naxçıvandan başlamağa cəsarətim çatmadı» söyləyən Balayanın etirafına cavab İkinci Qarabağ müharibəsində qazandığımız Zəfər oldu. Başdan- başa yalanlarla dolu bədnam «Ocaq» cızmaqarası ilə erməniləri « miatsum» çağırışına səsləyən Balayanın sonrakı davamçıları indi havadarlarının Zəngəzur ətrafında çaldıqları havalara uyğun oynayırlar. İşğalçı ölkənin sabiq prezidenti Serjik Sarkisyanın «Əlbəttə ki, Tavuşda silahlı qüvvələrimiz ən yaxşı tərəflərini göstərdi və son dərəcə vacib bir məsələni (söhbət görəsən hansı məsələdən gedir?-red.) həll etdi. Silahlı Qüvvələrimiz təbrik edilməlidir. Ancaq eyni şey 2018-ci ilin may-iyun aylarında Naxçıvan istiqamətində aparılmalı idi. Bu, zərurət idi»” sayıqlaması Xocalıda günahsız insanları qətlə yetirdiyini etiraf edən uşaq qatilinin mifoloji sərsəmləməsi idi. 2011-ci ildə erməni tələbələri ilə görüşündə gənclərin «Ağrı dağının nə zaman Ermənistana birləşdiriləcəyi» ilə bağlı sualını « Bu sizin və sizin kimi gənc nəslin əlindədir» sözləri ilə cavablandıran Serjik Sarkisyanın ermənilərlə bağlı «ali irq» təsəvvürü 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun arsenalında olan PUA-larla göyə sovruldu. Daşnakların həmişə həsrətində olduqları Naxçıvanı müntəzəm atəşə tutmaları həsəddən yanan ürəklərinə su səpmə alışqanlığıdır. Həqiqət isə budur ki, Sarkisyanın «gələcəyi parlaq erməni gənclərinin» idarə etdikləri «qüdrətli ordunun müasir silah -sursatları» Bakıdakı Hərbi Qənimətlər Parkında növbəti sınıq-salxaq «hərbi avadanlıqlarını» gözləyir. Muxtar respublikada yaradılan Ümumqoşun Əlahiddə Ordunun qüdrətini Günnüt əməliyyatı zamanı görən, Zəngəzur dəhlizinin bərpasını gecikdirməklə Naxçıvan iştahalarının gerçəkləşəcəyinə inanan, ABŞ-ın, Qərbin yalanları, baş tumarlamaları ilə arxayınlaşan baş nazir Nikol Paşinyan dəqiq bilir ki, Zəngəzur dəhlizi ilə bağlı bəhanələri öz başında çatlayacaq.

Prezident İlham Əliyevin «Naxçıvanı Azərbaycana birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi çevrələrdəki qorxu və əndişələr, mənə görə, yersizdir» sözlərinin davamı olan «Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır» sözləri daha real və inandırıcıdır.

Bəllidir ki, Cənubi Qafqazda sülhün və sabitliyin təminatı üçün göstərdiyi səyləri təmkinlə, beynəlxalq hüquq normaları əsasında davam etdirən Azərbaycandan fərqli olaraq imzaladığı sənədlərə, üzərinə düşən öhdəliklərə əməl etməkdən boyun qaçıran Ermənistanın baş naziri Nikol Paşinyanın sülh sazişi ilə bağlı mövqeyini tez-tez dəyişməsinin, əsassız bəhanələrə istinad etməsinin başlıca səbəbi kommunikasiyalarla bağlıdır. Təkcə region üçün deyil, Çinin «Bir kəmər, bir yol», qitələri birləşdirəcək Orta Dəhliz layihələrinin tərkib hissəsi kimi diqqətçəkən beynəlxalq əhəmiyyətli Zəngəzur yolunun bərpasında maraqlı dövlətlərin sayı artır. Respublikamızın digər rayonları ilə Naxçıvan Muxtar Respublikasına, qardaş Türkiyəyə birbaşa yol olacaq bu dəhlizin açılması Azərbaycan, Rusiya, Ermənistan arasında ­2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda öz əksini tapmış kommunikasiyaların qarşılıqlı şəkildə açılmasını nəzərdə tutan maddəyə rəsmi İrəvan da öz razılığını bildirmişdi. Sonradan Ermənistanın «dəhliz məsələsinin sülh danışıqları paketindən çıxarılması» sayıqlaması ilə onsuz da gərgin olan, addım-addım irəliləyən danışıqlar dalana dirənib. Siyasətdə piyada olduğu kimi, dövlətçilikdə idarəetmə təcrübəsi olmadığı üçün başqalarının tapşırıqlarını qul itaətsizliyi ilə yerinə yetirən Ermənistanın baş naziri Nikol Paşinyan sərsəmləmələri ilə bölgənin biri-biri ilə əlaqəsi olan bütün kommunikasiyaların, o cümlədən İcevan-Qazax dəmir yolunun qarşısına xətt çəkir. Qərbin, o cümlədən Fransa Prezidenti Emmanuel Makronun «ev tapşırıqlarını» yerinə yetirən, Zəngəzur dəhlizinin açılmasına hər vasitə ilə əngəl olmağa çalışan Paşinyanı və havadrlarını qorxudan əsas məsələ bu yolun Türkiyəyə qədər uzanmasıdır. Qərbin, ABŞ-ın, Rusiyanın, İranın «Zəngəzur məsələsi»nə öz maraqları baxımından yanaşmaları, bu dövlətlər arasındakı gərginlik belə dəhlizin açılmasına ciddi maneələr törədir. Öz milli maraqları naminə Ermənistandan vasitə kimi istifadə edən dəstəkçilər rəsmi İrəvana hərbi yardımlarını artırmaqla Nikolu ələ almaq yarışına girişiblər. Sülh sazişinin imzalanması üçün əsas məsələ olan Ermənistan Konstitutuiyasında dəyişik edilməsini, Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət edilməsini Paşinyandan tələb edən yoxdur. Ermənistanın Konstittsiyasındakı dəyişikliklərin 2027-ildə baş tutacağı ilə bağlı sərsəmləmələri erməni məkrindən, vaxt qazanmaq hiyləsindən qaynaqlanır. «Ümid edirəm ki, sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimiz də qəbul ediləcək. Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi – bunlarsız sülh müqaviləsi mümkün deyil. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik. Yəni, mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri. Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngəzur dəhlizinin, bütünlükdə kommunikasiyaların açlmasında maraqla olan Azərbaycanın başlıca məqsədi Orta Dəhliz layihəsinin coğrafiyasını genişləndirməklə dövlətlərarası əməkdaşlığı, gücləndirmək, bölgədə sabitliyin təminatına nail olmaqdır. Azərbaycanın hədəfi kommunikasiyaların birləşdiyi geosiyasi mövqeyindən qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi naminə istifadə etməkdir. Astara-Rəşt yolunun açılmasını gecikdirən İran rəsmiləri aydın başa düşürlər ki, bu kommunikasiyanın açılması faktiki olaraq Zəngəzur dəhlizinin bərpasını zəruriləşdirir. Yaranan imkanlar Azərbaycanın da dəstəklədiyi bütün dəhlizlərin bərpasına , daimi işlək vəziyyətinə gətirilməsinə şərait yaradacaq. Bu marşrutu dəstəkləyən Azərbaycandan fərqli olaraq ABŞ, Qərb, İran arasında oynanılan siyasətin şahmat taxtasında piyada gedişlər edən, iki-üç stulda əyləşmək vərdişindən əl çəkməyən Ermənistan sonda qələtini anlayacaq Yerli televiziya kanallarına müsahibəsində aktuallığı ilə seçilən Zəngəzur dəhlizi ilə bağlı mövqeyini «Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın» sözləri ilə bildirən Prezident İlham Əliyev vədinə sadiq Lider kimi sözünün imzası qədər dəyərli oldğunu təsdiqləyəcək.

Xuraman İsmayılqızı, «İki sahil»

Избранный
6
ikisahil.az

1Источники