RU

Orduda radikal dinçilik meyllərinin yayılmasına qarşı daha bir tədbir görüldü

Emin Həsənli: "Bu çox önəmli və vacib məsələdir" 

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair 2025-ci il üçün birgə fəaliyyət planı imzalanıb.

Sənədə əsasən Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində keçiriləcək tədbirlərin yeri, icra vaxtı və məsul şəxslər müəyyən edilib.

Bu il ərzində hərbi qulluqçularla təşkil ediləcək görüşlərdə Azərbaycançılıq ideyasının, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılmasının inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq və digər mövzularda tədbirlərin keçirilməsi planlaşdırılıb.

Müdafiə Nazirliyi ilə Dini Komitə arasında bu istiqamətdə əməkdaşlıq sazişinin imzalanması maraq doğurur.

Bu sazişə nə ehtiyac var idi? Bu hansı zərurətdən doğdu? 

Bu, orduda dini radikalizmin yayılmasının qarşısını almaqda necə rol oynaya bilər? 

Hərbi ekspert Emin Həsənli iki qurum arasında bağlanmış sazişin əhəmiyyətinin böyük olduğunu qənaətindədir:

 "Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında uzun zamandır ki, əməkdaşlıq mövcuddur. 2025-ci ildə birgə fəaliyyət planı imzalanıb. Bu fəaliyyət planında dini radikalizmə qarşı birgə mübarizə, eyni zamanda Azərbaycançılıq ideyasının təbliği, milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətlər və sivilizasiyalar arasında münasibətlər, bir çox məsələlər öz əksini tapacaq. Bu çox önəmli və vacib məsələdir. Bilirsiz ki, orduda xidmət edənlərin böyük hissəsi gənclərdir və onlar orta məktəbi bitirdikdən qısa müddət sonra 18 yaşında həqiqi hərbi xidmətə gedirlər. Bunlar arasında maarifləndirmə işlərinin aparılması vacibdir. Hesab edirəm ki, bu cür əməkdaşlıq çox vacibdir, dövlətçilik baxımından önəmlidir. Milli-mənəvi dəyərlərin qorunması və Azərbaycançılıq ideyasının təbliği baxımından çox əhəmiyyətlidir.

Hazırda dünyada dini radikalizm ən əsas problemlərdən biridir və müxtəlif ölkələr bu kimi məsələlərdən öz maraqları üçün istifadə edirlər. Azərbaycan dövləti isə hər zaman çalışır ki, bu məsələlərdə milli və dövlətçilik yönündən addımlar atılsın, Azərbaycançılıq ideyası, milli dəyərlər qorunsun. Bu istiqamətdə müsbət haldır ki, ölkəmizdə uğurlu bir fəaliyyət var.

Fikrimcə, Müdafiə Nazirliyi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin bu əməkdaşlığı da çox təqdirəlayiqdir, çox vacib bir məsələdir.

Ümumiyyətlə, müxtəlif istiqamətlərdə əməkdaşlıqlar var. Əsgərlərimiz, hərbçilərimiz arasında dini maarifləndirmə, milli dəyərlərin qorunması, hüquqi maarifləndirmə kimi önəmli işlər aparılır. Hüquqi, siyasi, informasiya, məlumat maarifləndirilməsi kimi məsələlər hər zaman Silahlı Qüvvələrdə çox önəmli, vacib sahələrdən biridir. Bu yöndə də aidiyyəti üzrə zabitlər var, Müdafiə Nazirliyinin özündə və ayrı-ayrı qoşunlara aid hərbi hissələrdə həmin zabitlər müntəzəm olaraq həmin məsələləri diqqətdə saxlayırlar".

 

Избранный
1
1
herbiand.az

2Источники