RU

Bayden gedir, Tramp gəlir...

Dünya necə dəyişəcək?

Qlobal miqyasda cərəyan edən proseslərə Amerika Birləşmiş Ştatlarının (ABŞ) bu və ya digər formada təsir göstərdiyi hər kəsə bəllidir. Bu mənada qlobal güc sayılan ABŞ-yə hansı mövqeyə və keyfiyyətlərə malik administrasiyanın rəhbərlik etməsi çox vacibdir.

İndi beynəlxalq ictimaiyyət yanvarın 20-də Ağ Evdə baş verəcək administrasiya dəyişikliyini səbirsizliklə gözləyir. Bir sıra sərgüzəştlərlə gülüş hədəfinə çevrilən, adekvat olmayan qərarlarla gündəmə gələn Bayden erası başa çatır, onu ABŞ-nin perspektiv hədəflərini açıqlayan, bütün dünya üçün yeni mesajlar verən Tramp əvəzləyəcək .  Ağ Evdə administrasiya əvəzlənməsi qlobal proseslərin gələcək inkişafına, o cümlədən də Azərbaycan - ABŞ münasibətlərinə necə təsir göstərəcək?

ABŞ-nin yeni administrasiyasına inam...

Açıq deyək ki, Bayden dönəmində Azərbaycan-ABŞ münasibətləri arzuedilən səviyyədən çox uzaq olub və bunun məsuliyyəti bütünlüklə qarşı tərəfin üzərinə düşür. Azərbaycan hər zaman ABŞ-nin ölkəmizin enerji layihələrinə verdiyi dəstəyi yüksək dəyərləndirib və əlaqələri daha da möhkəmlətməyə çalışıb. Təəssüf ki, Azərbaycandan verilən müsbət siqnallara Bayden administrasiyasından adekvat cavab gəlməyib. Prezident İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına müsahibəsində  ölkəmizə münasibətdə Bayden administrasiyasının səhvlərinə diqqət çəkib. “Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, o, Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinin qurbanına çevirdi. Yəni, Azərbaycana Ermənistan-Azərbaycan, ya da ki, Amerika-Ermənistan münasibətlərinin prizmasından yanaşırdı və o vaxta qədər əldə edilmiş yaxşı nəticələr kölgədə qaldı”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bayden administrasiyasının ölkəmizə münasibətdə ikinci səhvi Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləməsi idi. Bu, xüsusilə də keçmiş Qarabağ probleminə yanaşmada daha qabarıq şəkildə hiss olunurdu. Bu məsələdə Ağ Ev açıq-aydın ikili standartlara əsaslanan mövqe tuturdu. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Mən Amerika nümayəndələrinə dəfələrlə deyirdim və açıq da deyirdim, mətbuatda da, siz Ukraynanın ərazi bütövlüyünü ikiəlli dəstəkləyirsiniz, silahlar verirsiniz, milyardlarla pul verirsiniz. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik, niyə siz bizi cəzalandırmaq istəyirsiniz? Buna cavab verin. Cavab da yox idi. Cavab da bəllidir ki, bu, ikili standartlardır”.

Adekvat olmayan əməlləri ilə ABŞ-yə inamı sarsıtması Bayden administrasiyasının növbəti səhvidir. Götürək, elə Əfqanıstan məsələsini. Azərbaycan birinci ölkələrdən idi ki, Əfqanıstandakı missiyaya qoşulmuşdu. Əfqanıstanda  bizim hərbi kontingentimiz fəaliyyət göstərirdi və oranı axırıncı tərk edənlərdən oldu. Azərbaycanın ABŞ-yə dəstəyi yalnız bununla məhdudlaşmırdı. Nəqliyyat-logistika baxımından da ölkəmizin rolu əvəzsiz idi. Bayden administrasiyasının bütün bu yaxşılıqlara cavabı isə sağlam məntiqdən, tərəfdaşlıq münasibətlərinin ruhundan çox uzaq oldu. Bunu nankorluq kimi dəyərləndirən dövlətimizin başçısı “Biz onlara lazım olana qədər 907-ci düzəliş - sanksiya qaldırılırdı, biz ki, lazım olmadıq, tətbiq etdilər. Yəni, bu nədir? Bunun bir adı var: nankorluq. Bu, nankorluqdur və hansı inamdan söhbət gedə bilər? Hansı uzunmüddətli əməkdaşlıqdan söhbət gedə bilər?”, - deyə vurğulayıb.

Sorosun yüksək təltifə layiq görülməsi də Bayden administrasiyasının mahiyyətindən xəbər verir. Məlumdur ki, Sorosun vasitəçiliyi və  maliyyə dəstəyi ilə bir sıra ölkələrə “rəngli inqilablar” ixrac olunub, xüsusi ssenarilər əsasında milli hökumətlər hakimiyyətdən uzaqlaşdırılıb. Yeri gəlmişkən, zamanında  Azərbaycanda da belə cəhdlərə təşəbbüs göstərilib. Sorosun pərdəarxası rolda çıxış etdiyi bu ssenarilər ölkələrə yaxşı heç nə gətirməyib, onları viran qoyub. Belə bir şəxsin təltif edilməsi Bayden administrasiyasının maskasını yırtdı, təsdiqlədi ki, son beş ildə ABŞ-də Soros iqtidarı hakimiyyətdə olub.  Buna görə də Bayden dönəmində Azərbaycan-ABŞ münasibətlərində heç bir irəliləyiş baş verməyib.

Azərbaycan-ABŞ münasibətlərində əsas ciddi əməkdaşlıq platforması Klinton və Corc Buş dönəmində yaradılıb və bu, Tramp dönəmində də davam edib. Yanvarın 20-dən sonra həmin platformanın daha da möhkəmlənəcəyinə böyük inam var. Azərbaycan rəhbərliyi Trampa rəğbətlə yanaşır. Prezident İlham Əliyev ötən ilin iyul ayında Şuşa Forumunda Trampa xoş münasibətini açıq şəkildə ifadə etmişdi - onda hələ heç kəs Trampın ABŞ-nin yeni prezidenti olacağını bilmirdi. Ölkələrimiz arasında münasibətlərin yaxşı perspektivlə inkişaf edəcəyinə böyük ümidlər var. “Öz açıqlamaları ilə cənab Tramp çox aydın, açıq mesajlar göndərir. İndi bunların bəlkə də hamısını təhlil etmək mümkün deyil. Amma deyə bilərəm ki, onların böyük əksəriyyətini Azərbaycan ictimaiyyəti bölüşür. Yəni, ona görə ümidlər böyükdür. Ona görə mən dedim ki, ümidlər var, ümidlər böyükdür. O cümlədən Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq. Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Müharibələrə “yox” deyən Tramp

O qənaəti ifadə etmək mümkündür ki, Bayden administrasiyası ABŞ-nin  güc mərkəzi rolunu və məsuliyyətini lazımınca dəyərləndirməyib və yaxud öz imkanlarından istifadə etməklə ayrı-ayrı regionlarda proseslərin inkişafını arzuedilən məcraya yönətməyə çalışmayıb, ilk növbədə böyük dövlət mövqeyindən, imperialist maraqlardan, ədalətsiz yanaşmalardan çıxış edib. Qısa şəkildə desək, Bayden administarsiyası ABŞ-yə “müharibə dövləti” imici qazandırıb. Bu fikrin təsdiqi olaraq bildirək ki, elə bu günlərdə Tramp Rusiya-Ukrayna müharibəsinin başlamasında sələfinin məsuliyyətindən danışıb. Bayden administarsiyası yalnız Şərqi Avropada deyil, dünyanın digər regionlarında da qanlı müharibələrin alovlanmasında katalizator rolunda çıxış edib.

Tramp isə hələ seçkiqabağı dönəmdə təbliğat kampaniyasını “müharibələrin dayandırılmasının zəruriliyi” tezisi üzərində qurmuşdu. Qalib gəldikdən sonra da eyni məzmunlu bəyanatlarla çıxış edir. Tramp xüsusilə də Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında israrlı görünür. Düzdür, o hələ üç ildir ki, davam edən müharibənin hansı şərtlər altında dayandıracağını bəyan etməyib. Ancaq bütövlükdə Trampın müharibələrin dayandırılması ritorikasından çıxış etməsi alqışalayiqdir. Bu, dünya üçün bir çağırışdır.

Bəhs olunan müsahibəsində Prezident İlham Əliyev qloballaşma prosesinə də münasibətini ifadə edib. Qloballaşmanın əsas hədəfi gənc nəsil və milli dəyərlərdir. Bu yanaşma gəncləri bir növ dünya sakinlərinə çevirmək, onları mədəniyyəti, milli mənsubiyyəti, milli özünəməxsusluğu, ləyaqəti olmayan insanlara döndərmək, əlində pult olanların sanki robotuna çevirmək üçün hesablanıb. Yaxşı haldır ki, tendensiya son illərdə müəyyən qədər səngiyib. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz buna hər zaman qarşı çıxmışıq və hətta qloballaşma Qərbin siyasətində əsas tendensiya sayıldığı vaxtlarda aydın şəkildə çıxış etmişik.

Mübariz FEYİZLİ

Избранный
2
yeniazerbaycan.com

1Источники