RU

Repetitorluq ləğv olunmasa, müəllimlərə olan güvən qayıtmaycaq

“Nə bugünkü müəllimin nüfuzu əvvəlki nüfuzdur, nə də ki, müəllimə verilən 1000-2000 manat, əvvəlki 100-200 manat...”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil mütəxəssisi Nadir İsrafilov deyib.

 

“Müəllimin əvvəlki nüfuzunun aşağı düşməsinin səbəbi bir deyil, iki deyil... İstəsək də, istəməsək də razılaşmaq zorundayıq ki, bu gün bir vaxtlar ən müqəddəs və şərəfli peşə sahibi hesab etdiyimiz müəllim o vaxtki ilə müqayisədə əvvəlki mövqe və nüfuz sahibi deyil. Bu bir sıra obyektiv və subyektiv səbəblərlə şərtlənir ki, bunların da içərisində müəllimə olan inam və güvənin azalmasını qeyd etməmək olmaz. Səmimi olaraq onu da etiraf edək ki, bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır. Hələ sertifikasiyanın ilkin acınacaqlı nəticələrinin ictimailəşdirilməsi də müəllim nüfuzuna heç də təsirsiz ötüşməyib... Halbuki, bu kimi nəticələrdən xidməti istifadədə yararlanmaq daha faydalı olardı, nəinki, onları ictimailəşdirmək.

Ən başlıca səbəb isə, elmi-texniki tərəqqinin, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsinin əsas bilik ötürücüsü kimi müəllim faktorunu böyük ölçüdə arxa plana keçirməsidir. Ali məktəblərə qəbul prosesinin ixtisas qrupları üzrə aparılması müəllimə alternativ "yeni peşə sahiblərinin” – repetitorların, markerlərin, hətta el arasında deyildiyi kimi "bunker repetitorlarının” dəbə minməsinə və bunların müştərilərinin də xeyli sayda artmasına rəvac verib. Bir sözlə, müəllim məktəbdən, şagird müəllimdən uzaq düşüb. Korporativ maraqların əksinə olaraq məktəb mühitinin deformasiyaya uğramasının qarşısı alınmalı, müəllim və şagird məktəbə qaytarılmalıdır.

O da təkzib olunmaz faktdır ki, təhsilin keyfiyyəti müəllimin peşəkarlığından, müəllimin nüfuzu isə təhsilin keyfiyyətindən asılıdır.  Müəllimin peşəkarlığı və nüfuzu artmadan təhsilin keyfiyyəti, təhsilin keyfiyyəti artmadan isə müəllimin nüfuzu və hörməti arta bilməz. Nəzərə alsaq ki, bu gün məktəblərimizdə müəllim adını yaşadanlarla yanaşı, sadəcə müəllim adını daşıyanlar da az deyil, deməli, əsas vəzifələrimizdən biri də bu adı daşıyanlarla bu adı yaşadanlar arasındakı fərqi minimuma endirmək və tədricən bu fərqi aradan qaldırmaqdır. İstənilən statistik təhlil, obyektiv və sağlam düşüncəyə əsaslanan tənqid təhsilimizin daha da təkmilləşdirilməsi və gələcək inkişafı baxımından nəinki lazımdır, hətta zəruridir”.

 

“Müəllim əlavə yükdən – yorucu və üzücü diaqnostikalardan, formativ və summativlərdən yaxa qurtarmalıdır”,- deyə N.İsrafilov vurğulayıb:

 

“Müəllimə olan əvvəlki hörməti və rəğbəti özünə qaytarmaq üçün əvvəlcə təhsilə baxışımız, yanaşma tərzimiz dəyişməlidir. Məktəbə, müəllimə yerli-yersiz hücumlar dayandırılmalı, məktəbin, müəllimin tədrislə məşğul olmasına lazımı şərait yaradılmalı, onun nüfuzunun qaldırılması üçün bütün səylər birləşdirilməlidir. İlk növbədə müəllim əlavə yükdən – yorucu və üzücü diaqnostikalardan, formativ və summativlərdən yaxa qurtarmalıdır. Hesab edirəm ki, bu gün təhsilin keyfiyyətindən danışırıqsa, müəllimin əsas işi kimi onun dərsə hazırlaşmasına imkan yaradılmalı, onun peşə fəaliyyəti ilə məşğul olmasına maneə törədən əlavə baryerlər aradan qaldırılmalıdır. Hətta, nazir də  keçirdiyi brifinqlərin birində təhsil sahəsində mövcud olan və hər kəsi narahat edən bir sıra məqamlara toxunarkən bildirmişdi ki, bəzi hallarda müəllimlər məktəbdə birbaşa uşağın öyrənməsinə xidmət edən fəaliyyətlə deyil, digər inzibati işlərlə məşğul olurlar. Bu gün hər kəs müəllimin sənəd yazmaqdan dərsə vaxt ayıra bilmədiyini söyləyir. Vəziyyətin bu həddə çatması müəllimin günahı deyil, əsas günahkar müəllimi lazımsız hesabatlarla yükləməyə hesablanan qaydaları tərtib və tətbiq edənlərdir.

Unutmayaq ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda “Peşəkarlığa əsaslanan stimullaşdırıcı əmək haqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması müəllim nüfuzuna təsir edən amillər sırasında olması” xüsusi olaraq vurğulanıb. Bütün bunlar nəzərə alınaraq, “təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməsi, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması” zəruriliyi önə çəkilib.

Bu gün həssas və mühüm inkişaf sahəsi sayılan təhsildə dinamik dəyişikliklər, müasir islahatlar aparılır. İslahatlarda təhsilin keyfiyyətinin və səmərəliliyinin artırılması ilə bağlı yeni yanaşmalar, yeni stereotiplər formalaşır, diqqət və qayğı artırılır. Bu gün, bəlkə də müəllim qədər diqqətə, qayğıya, mənəvi dəstəyə ehtiyacı olan digər ikinci peşə sahibi yoxdur. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.”

Nə qədər ki, rəsmi təhsilin qeyri-rəsmi təhsildən asılı vəziyyətə salınmasına xidmət edən repetitorluq qeyri-rəsmi fəaliyyət sahəsi kimi rəğbət qazanmaqda davam edəcək, məktəb-ailə münasibətlərinin optimal yolu tapılmayacaq, müəllim fenomeni şagird və valideynlərin ümid, inam və güvən mənbəyinə çevrilməyəcək, cəmiyyət üzvləri arasında məktəb deyəndə müəllim, müəllim deyəndə məktəb düşüncəsi formalaşmayacaq, müəllim nüfuzunun qaldırılması cəhdləri də bir o qədər real görünməyəcək. Cəmiyyət müəllim adını yaşatmalıdır ki, müəllim təhsili yaşada bilsin.

Dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan Yaponiyanın Baş nazirindən bu ölkədəki yüksək elmi-texniki tərəqqinin səbəblərini soruşduqda isə o, belə cavab vermişdi: "Biz müəllimə Baş nazirin maaşını, diplomat toxunulmazlığını verdik, imperatora olan hörməti göstərdik, nəticədə düşünən və yaradıcı bir nəsil qazandıq". Baxmayaraq ki, son illər müəllimlərin əmək haqqnda dəfələrlə artımlar olub, bununla belə nə bu günki müəllimin nüfuzu əvvəlki nüfuz deyil, nə də ki, müəllimə verilən 1000-2000 manat, əvvəlki 100-200 manat...” .

Избранный
11
2
azedu.az

3Источники