Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot Gürcüstanda səfərdədir. Gürcüstan hakimiyyətini sərt tənqid edən Rot sosial media səhifəsində yazıb ki, “Avropanın əsl paytaxtı – Tbilisiyə” qayıdıb. O, müxalifət nümayəndələri ilə görüş keçirib və ölkədəki vəziyyətlə bağlı müzakirələr aparıb. “Rustaveli” prospektində parlamentin qarşısındakı mitinqə qatılan almaniyalı siyasətçi nümayişçilər qarşısında çıxış edib. Bildirib ki, demokratik ölkədə hakimiyyətin tənqidi normaldır, lakin Gürcüstan hökuməti yaxşıya doğru getmək istəmir, ölkənin gələcəyini məhv etmək istəyir. İnsanlar öz hüquqları, demokratiya, azadlıq və məhkəmə müstəqilliyi uğrunda dinc şəkildə etiraz etdikdə, hökumətin və ya təhlükəsizlik xidmətinin onları həbs etmək hüququ yoxdur.
M.Rot sonra deyibdir: “Demokratik ölkədə hakimiyyətin tənqidi normaldır. Ölkəmdə vətəndaşlar məni demək olar ki, hər gün tənqid edirlər və bu, yaxşıdır, çünki bu, mənim daha yaxşı çalışmağıma səbəb olur. Amma Gürcüstan iqtidarı yaxşıya doğru getmək istəmir, sadəcə ölkənin gələcəyini məhv etmək istəyir, amma xalq rus həyat tərzini bəyənmir, avropalı həyat tərzini bəyənir və ona görə buradadırlar. Ona görə də, müstəqil jurnalistlər, siyasətçilər, vətəndaş cəmiyyəti fəalları küçədəki insanlarla birlikdə azadlıq və demokratiya uğrunda mübarizə aparırlar. Mən Gürcüstanın bu rejimlə Avropa yoluna qayıtmaq şansını görmürəm”.
Rot əvvəllər də müxalifətin parlament binası qarşısında keçirilən etiraz aksiyalarında iştirak edib. O, hakim komandanın ölkənin daxili siyasətinə qarışmaqda ittiham etdiyi əcnəbi siyasətçilərdən biridir. M. Rot ötən il oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğv edilməsi və yeni parlament seçkilərinin keçirilməsini tələb edən etiraz aksiyasında iştirak edən 8 Avropa İttifaqı (Aİ) ölkəsinin parlament nümayəndələri arasında olub.
Aİ ölkələrindən olan parlament üzvləri etiraz aksiyalarında çıxış edərək qeyd ediblər ki, “kimsə gürcülərdən azadlığı, demokratiyanı, bütövlükdə ölkəni, Aİ və NATO üzvlüyünü əlindən almağa çalışır”. Həmin vaxt avropalı siyasətçilər etirazçıları təslim olmamağa çağırıblar. Demokratiya və Avropa yolunda gürcüləri dəstəkləmək üçün Tbilisiyə gəldiklərini vurğulayıblar.
Rot həm də 2024-cü il mayın 14-də Tbilisidə xaricdən maliyyələşən QHT və KİV-lərin xüsusi reyestrdə qeydiyyatdan keçmələrini və maliyyə bəyannaməsi təqdim etmələrini tələb edən “Xarici agent”lər haqqında qanunun qəbul edilməsinə qarşı keçirilən etiraz aksiyasında iştirak edən 5 Avropa deputatından biri olub.
Gürcüstan parlamenti qarşısında keçirilən etiraz aksiyasında Çexiya, Polşa, Litva və Finlandiya parlamentlərinin xarici əlaqələr komitələrinin rəhbərləri də iştirak ediblər. Onlar tribunaya çıxaraq etirazçılara dəstək bəyanatları veriblər. O zaman Rot hakim “Gürcü arzusu” partiyasını “gürcü kabusu” adlandırıb və vurğulayıb ki, Gürcüstan hakimiyyəti “yalnız əsas müttəfiqinə – pravoslav kilsəsinə arxalanaraq gənclərsiz parlaq gələcək qura bilməyəcək”.
Almaniyalı siyasətçinin Gürcüstanın daxili işlərinə qarışması isə iqtidar tərəfindən sərt qaqrşılanıb. Bu barədə Gürcüstan parlamentinin vitse-spikeri, "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının liderlərindən biri Gia Volski deyib: “Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rotun hərəkətləri həyasızlığın zirvəsidir, o, bütün normaları pozaraq Gürcüstan siyasətinə müdaxilə edir. Bu cür kobud müdaxilə bütün normaları pozur. Ən əsası o, cəmiyyəti müqavimətə çağırır. İstəyir ki, bu etiraz inqilabi aksiyalara çevrilsin”.
Volskinin fikrincə, Rot “öz ləyaqətsiz davranışı” ilə bütün gürcüləri təhqir edib: “O, insanları gücdən istifadə edərək ölkəmizdə qan tökməyə çağırır”.
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili isə bildirib ki, “Rustaveli” prospektində dayanmaq Mixael Rotun fəaliyyətinin bir hissəsinə çevrilib: “Bildiyimiz kimi, o, artıq parlament seçkilərində iştirak etməyi planlaşdırmır, aktiv siyasətlə vidalaşır. Bildiyimə görə, “Rustaveli” prospektində toplaşan insanlarla bir növ özünəməxsus vida aksiyası keçirmək istəyir”.
Nazir əlavə edib ki, bu gün bir çox ölkə Gürcüstana qarşı münasibətdə ikili standartlar tətbiq edir. Onun sözlərinə görə, son seçkilərdə gürcü xalqı “Gürcü Arzusu–Demokratik Gürcüstan” Partiyasına səs verib: “Gürcüstanda baş verən hadisələri qiymətləndirəndə ikili standartlarla üzləşirik. Nəticə aydındır. 2 milyondan çox gürcü seçkilərdə iştirak edib və onların 1,2 milyona yaxını “Gürcü Arzusu–Demokratik Gürcüstan” Partiyasına səs verib. Bu hökumətə gürcü cəmiyyəti tərəfindən çox güclü dəstək var. Son seçkinin nəticələrini şübhə altına almaq üçün real əsas yoxdur. Heç kim vəziyyətin necə gərginləşdiyini və buna kimin töhfə verdiyini görmək istəmir. Biz tez-tez cari hadisələrlə bağlı birtərəfli qiymətləndirmələrə rast gəlirik. Bu da Gürcüstanda gedən proseslər haqqında yanlış təsəvvür yaradır”.
Nazir daha sonra deyib: “Ənənəvi tərəfdaşlarımız, müttəfiqlərimiz və dostlarımız Gürcüstanın daxili işlərinə müdaxilə və təzyiq baxımından bir nömrəli tənqidçiyə çevriliblər. Burada avropalı tərəfdaşlarımızı nəzərdə tuturam. Onların belə davranışlarının səbəbləri ayrıca müzakirə mövzusudur. Mən bunu regionumuzda, daha geniş mənada isə Avropada artan təhlükəsizlik problemləri ilə əlaqələndirirəm. Aydındır ki, müəyyən qorxular var və məhz bu qorxular Gürcüstanla bağlı bəzi tərəfdaş ölkələrin sərt reaksiyalarına səbəb olur.
Biz həmişə deyirik ki, əməkdaşlıq münasibətlərin normal formatda davam etməlidir. Əgər hər hansı məsələ varsa, bu, uyğun formalarda ifadə olunmalıdır. Lakin bəzən elə açıqlamalar verilir ki, onlar olduqca təhqiramiz olur. Belə olan halda masa arxasında ciddi müzakirələr aparmaq çətinləşir. Aİ ilə mövcud münasibətlər arzuolunan səviyyədə deyil, amma şərtlər dəyişə və yeni imkanlar açıla bilər”.
“Gürcü Arzusu – Demokratik Gürcüstan" Partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze isə jurnalistlərə açıqlamasında bildirib ki, kimsə Gürcüstanda inqilab gözləməsin: “Hər bir şəxs sakit şəraitdə öz fikrini ifadə edə bilər, lakin zorakılığa keçəndə ölkədə inqilab, çevriliş etmək istəyi yaranır, dostlar, bu baş tutmayacaq”.
Kaladzenin sözlərinə görə, 2024-cü il oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində “Gürcü Arzusu” qalib gəlib. O, müxalifəti məğlubiyyətlə barışmağa çağırıb.
Siyasətçi xatırladıb ki, Rot kimi Qərb siyasətçilərinin Gürcüstanda qarışıqlıq, inqilab yaratmaq cəhdləri uğursuzluğa uğrayacaq. Çünki iqtidarın ölkədə güclü dəstəyi var: “İnanıram ki, tezliklə insanlar normal şəraitdə yaşamaq imkanı əldə edəcəklər”.
Pünhan ƏFƏNDİYEV
XQ