RU

Hanter-Vitfild: “Yarımçıq işi tamamlamaq üçün Şəkiyə erkən çatmalı idim” - MÜSAHİBƏ

"Şəki"nin amerikalı son transferi Terens Hanter-Vitfild klubun mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, 25 yaşlı basketbolçu Azərbaycan Basketbol Liqasında debütündən, komandasının oyunundan və ölkəmizdəki hədəflərindən danışıb.

- Azərbaycan çempionatında debüt oyununuzda Lənkəranda 25 xal və 7 ribaundla yadda qaldınız. İlk matçdaca oyununuzun belə alınacağını gözləyirdiniz?
- Deyərdim ki, bu, idman zalında çəkdiyim zəhmətin bəhrəsidir. İş etikası və basketbola olan sevgim keçən həftə sonu özünü oyunumda göstərdi.

- 1 ay deyil ki, komanda ilə birgəsiniz. Artıq demək olarmı ki, komandaya tam uyğunlaşmısınız?
- Əminliklə deyə bilərəm ki, bu komandaya çox yaxşı uyğunlaşmışam. Adaptasiya prosesi yaxşı alındı. "Şəki"yə gəlməmişdən əvvəl komandanın oyunlarını "YouTube"da canlı izləmişdim. Ona görə də kimin nəyə qadir olduğunu gözəl bilirdim. Komandanın oyun tərzi mənə çox uyğun gəlir.

- Bu gün "Gəncə" ilə təxirə salınmış oyun var. Qalib gəlsəz, B qrupunda lider olacaqsız. Matç haqqında hansı fikirdəsiniz?
- Deyərdim ki, hər iki komandanın çox yaxşı oyunçuları və əla məşqçi heyəti var. Bu baxımdan çoxlu emosiyalarla zəngin fiziki planda bir matç olacaq. Amma biz qətiyyən narahat deyilik. Çünki komanda olaraq sərt və birliyimizlə nəyə qadir olduğumuzu bilirik. Bu qarşılaşmada meydana çıxmaq üçün çox həyəcanlıyam.

- İlk dəfə Avropada çıxış edirsiniz. Buradan sonra Avropanın hansısa Top komandasında oynamaq kimi hədəfiniz var?
- Beynimdə hansısa Top komanda yoxdur. Sadəcə, ən yüksək səviyyədə bir çempionatda oynamaq istərdim. Amma o pilləyə çatmaq üçün hər dəfə bir məşq və bir oyun keçirməli, meydanda və məşq zalında ən yaxşı bacardığımı etməliyəm.

- Mövsümün əvvəlində - oktyabrın sonlarınadək İraqın "Əl-Hilla" komandasında 7 oyun keçirmisiniz. Oradan niyə ayrıldınız?
- Orada bəzi xoşagəlməz şeylər oldu. Bu səbəbdən oradan ayrılmağı basketbol oynamaqdan daha vacib hesab etdim.

- Forma olaraq 22 nömrəni seçməyiniz 2 fevralda doğulmanızla bağlıdır?
- Xeyr. 22 nömrə atamın lisey basketbol komandasındakı nömrəsi olub. Həmişə onun izi ilə getmək istəmişəm. Ona görə də 22 nömrəni geyinməyimin əsl səbəbi budur. Deyərdim ki, bu rəqəm mənə uğur gətirir.

- Bütün xristianlar Milad Bayramını evində qeyd etməyə üstünlük verdiyi halda, siz Şəkiyə gəlib, burada məşq keçməyə qərar verdiniz. İstərdim ki, bu haqda da danışasınız...
- Milad bayramını ABŞ-də qeyd etməmək bir az emosional qərar idi. Amma bilirdim ki, Azərbaycanda bir işim var. Həmin yarımçıq işi tamamlamaq üçün Şəkiyə erkən çatmalı idim. Saat vaxtına uyğunlaşmalı, yerli sakinlərlə yanaşı baş məşqçi ilə də tanış olmalı idim. Bunun nəticəsidir ki, artıq burada özümü yad hiss etmirəm.

- 2 müsəlman ölkəsi və yemək oxşarlığı. İraq və Azərbaycanda yeməklə bağlı problemlə üzləşmədiniz?
- Qətiyyən. Mən açıq bir kitab kimi adamam. Hər şeyi sınamaq və ölkələrin mədəniyyəti haqqında öyrənmək istəyirəm. Deyərdim ki, İraqda yemək Avropadakı kimi daha faydalı idi.

- Təsəvvür edək ki, sizin yaşadığınız Virciniya ştatının Çesterfild şəhərinə gedirik. Ora haqqında nəyi bilməliyik?
- Çesterfild Roma kimi şəhərdir. Həmin şəhəri qarış-qarış bilirəm. Orada sərbəst gəzmək mümkündür. Xarici ölkədə olarkən isə bir qədər ehtiyatlı olmalısan, davranışlarına fikir verməlisən. Başqa ölkədə amerikalı kimi sənin hər davranışın yerli əhaliyə örnək olmalıdır. Təbii ki, mənim üçün doğulub boya-başa çatdığım Çesterfild şəhərində yaşamaqdan gözəl heç nə yoxdur.

İdman.biz

Избранный
3
1
idman.biz

2Источники