Yaxud hayların son sığınacağı haqqında nekroloq əvəzi
Ermənistan baş naziri Nikol Paşinyanın sonuncu sosial şəbəkə paylaşımı ölkəsində ciddi rezonans doğurub. Nikolun əleyhdarlarının fikrincə, baş nazir erməni xalqının tarixi iddialarına istehza ilə yanaşıb. Bu, həqiqətən belədirmi? Yazımızda məsələyə diqqət yetirəcəyik. Əlbəttə, digər əlaqəli məqamları xatırlamaqla.
Xatırladaq ki, Paşinyanın yazdığı son mühüm tezis “imperiyaların bizə təlqin etdiyi budur: Sizin nə dövlətiniz, nə rifahınız var, nə də sülh içində yaşaya bilərsiniz” fikridir. Hökumət rəhbərinin digər söylədikləri isə təfərrüatlardır. Hər ehtimalla onları da yada salaq və deyək ki, Nikol erməni millətçilərinin tarixi postulatlarını necə ələ salıb: “…Biz Sasuna çatmışıq, Van, Muş, Alaşkert, Ərdahana daxil olmuşuq. …Oğlumu orduya göndərməyin, çünki… …Ərimi orduya aparmayın, çünki... …Məni əsgərliyə çağırmayın, çünki… …Gəlin bunu indi sərhəddə dayanan əsgərin sağlığına içək… ...Hamınızı rəqsə dəvət edirik. Sasuna qədər gedəcəyik, Van, Muş, Alaşkert, Ərdahana girəcəyik... Dünyada yaşayan ermənilər kef edirlər…”
Ümumən, belə görünür, N.Paşinyan iqtidarının daxili və xarici gündəmi bir-birindən köklü surətdə fərqlənir. O anlamda ki, Nikol və tərəfdarları daxildə yuxarıda qeyd etdiyimiz postulatları dilə gətirməklə, bir növ, reallıqları göstərib qeyri-real yol tutanların ifşasına girişirlər. Əslində, bu metod özünü doğruldur. Çünki Ermənistanın vəziyyətə obyektiv qiymət verən kəsimi düşünür ki, Nikol cəfəng məsələlərlə məşğul olmur. Müvafiq olaraq, bu kəsim iqtidarı dəstəkləyir. Yəni, Paşinyan, belə demək mümkünsə, reallıqpərəstləri utopiklərə qarşı istifadə edir və nəticə etibarilə öz hakimiyyətini iflasdan sığortalayır. Hər halda, Ermənistanda nağılların heç bir səmərə vermədiyini düşünən təbəqənin formalaşdığını söyləmək mümkündür. Elə Paşinyanın hakimiyyətə gətirilməsinə dəstək verən də sözügedən təbəqə idi. Bu zümrə nə dərəcədə yetkin və prinsipialdır? Bu, başqa söhbətin mövzusudur.
Daha böyük reallıq ondadır ki, N.Paşinyan iqtidarı Ermənistandakı mütərəqqi kəsimi də aldatmaqla məşğuldur. Çünki onun xarici siyasəti əvvəlki Robert Koçaryan–Serj Sarkisyan tandeminin destruktiv dəstxəttindən fərqlənmir. Necə də fərqlənsin? Axı silahlı qüvvələrimizin 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən cəmi on gün əvvəl həmin Paşinyan son dərəcə həyasızcasına bildirmişdi ki, Qarabağın özünün seçkili hakimiyyəti var. Beləliklə, faktiki olaraq, 2019-cu ildə Xankəndidə səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını bir qədər fərqli formada yenidən gündəmə gətirmiş, böyük hesabla Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almışdı.
Paşinyan imperiyaların ermənilərin əyinlərinə dövlətsizlik, rifahsızlıq, sülhsüzlük formulunu biçdiklərindən danışırsa və bunu pisləyirsə, düşünək görək onun rəhbərlik etdiyi Ermənistan nə işlə məşğuldur? Ölkə imperiya postulatının təsirindən çıxıbmı? Əsla yox! Bu gün rəsmi İrəvan Cənubi Qafqazda qlobal oyunlar qurmaq istəyənlərin maraq və mənafelərindən çıxış edirsə, özünü həmin maraq və mənafelərin icrası üçün səngər kimi təqdim edirsə, deməli, Ermənistan üçün biçilmiş libas, obrazlı desək, onun əyninədir. Paşinyan iqtidarı bəh-bəhlə o libası geyinir.
Bəli, bu gün Ermənistan Azərbaycanla sülhə gəlməkdən yayınır, müxtəlif bəhanələr uydurur, sürətli silahlanma yolunu tutur. Paşinyan iqtidarı ölkəyə heç bir real nəticəsi olmayacaq Avropa İttifaqına üzvlüyü ön plana çəkir və məsələni erməni avantürizminin gerçəkləşməsi naminə sipərə çevirir. Halbuki, real yanaşsaq, indiki məqamda bu yolun gedilməsinə qətiyyən ehtiyac yoxdur. Əsas vəzifə dayanıqlı, davamlı barış mühitini formalaşdırmaq olmalıdır. Nəzərə alınmalıdır ki, məhz bu mühit Ermənistanın bir dövlət kimi varlığı deməkdir.
Nikol və tərəfdarları özlərini rus imperializmini Qərb imperializminə dəyişmək niyyəti üçün kökləyiblər. Bu xidmətin təhlükəli durum yaratdığını görməmək bu qədərmi çətindir? Məgər Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verib Azərbaycan xalqının heysiyyatı ilə oynamaq qərarına gələndə arxalandığı imperialist dairələrin sifarişlərini yerinə yetirmirdi? Axı baş nazir heç də elə-belədən uzun illərin danışıqlar prosesini pozmazdı.
Şübhəsiz, xaricdən bununla bağlı xeyir-dua almışdı.
Ancaq Paşinyanın daxili auditoriyaya hesablanmış son sosial şəbəkə paylaşımının bir həqiqət payı da var. Amma necə? Məsələ ondadır ki, ümumən Cənubi Qafqazda erməni amili imperialist dairələrin məhsuludur. 1830-cu ildən başlayaraq bölgəyə ermənilərin kütləvi köçü, 1849-cu ildə erməni vilayətinin formalaşdırılması, 1918-ci ildə həmin vilayətin əsasında Azərbaycan torpaqları hesabına, İrəvan paytaxt olmaqla, Ermənistan dövlətinin yaradılması müsəlman-türk dünyasına xristian bufer zonası pərçimləmək planının tərkib hissəsi idi. Erməni varlığı üçün “fəaliyyət” xətti terrorlar, qətllər, qarətlər həyata keçirmək müəyyənləşmişdi və bu varlıq hər şeyə mənfur əməllərinin “mükafatı” kimi nail oldu.
Maraqlıdır ki, erməni məsələsinə yanaşmada Rusiya və Qərb imperializmi arasında konsensus müşahidə edilib. Hər iki cinah Türk dünyasına qarşı barışmaz mövqedə olub. XX əsrin 20-ci illərində bolşevizm Ermənistanı SSRİ adlı imperiyanın tərkibinə daxil edəndə də bu, Qərbin erməni amili üzərindən gerçəkləşdirdiyi oyunlara təhlükə yaratmadı. Qərbdə hesab etdilər ki, ruslar erməniləri onlar üçün qoruyurlar. Erməniliyin Qərb qanadı öz aktuallığını qorudu və SSRİ-nin süqutundan sonra həm ruslar, həm də qərblilər yenə müştərək şəkildə erməni maraqlarının müdafiəsini həyata keçirdilər. Ötən müddətdə Azərbaycan torpaqlarından ermənilərə hədiyyələr azmiş kimi, bu dəfə Qarabağımız da onlara peşkəş edildi.
Amma XX əsrin 90-ci illərinin ikinci yarısından başlayaraq, Qərb bütün cinahlarda Rusiya ilə durumu gərginləşdirmək, onun sərhədlərinə doğru irəliləmək yolunu tutdu. Gürcüstanda inqilab baş verdi, Qərbpərəst Mixeil Saakaşvili hakimiyyətə gətirildi. Ukraynada oxşar proseslər yaşandı. Azərbaycanda daxili hakimiyyəti sarsıtmaq cəhdləri iflasa uğradı. İlk baxışdan, Qərbin “rəngli inqilab” ssenarisinin nəticəsizliyinin sübuta yetirildiyinə dair təəssürat yaransa da, 2018-ci ildə növbəti “inqilab desantı” Paşinyanın obrazında Ermənistana atıldı. Həmin ildən erməni amili ilə bağlı Qərblə Rusiyanın ortaq nöqtələri öz əhəmiyyətini itirdi. Birinci oyun qaydalarını pozdu. Ermənistan tamamilə Qərbin patronajlığı altına düşdü. Əlbəttə, Rusiya bununla razılaşa bilməzdi və bu gün də razılaşmır.
Bəli, Rusiya Ermənistanı yenidən öz peykinə çevirmək barədə düşünür. Problem isə ondadır ki, rəsmi İrəvan heç vaxt müstəqil siyasət xətti yeritməyib. Başqa cür mümkün də deyil. Çünki erməni dövləti konkret missiya naminə yaradılmış qurama strukturdur. Bu struktur indi özünün tarixi yaranma səbəbini yaddan çıxarmış durumdadır. Sarkisyan və Koçaryan iqtidarı “rus arabası”nın kölgəsində yatıb xəyallar qururdusa, onlardan sonra hakimiyyətə gəlmiş Nikol bu xəyalların puç olduğunun fərqindədir. Amma ambisiyalardan yaxa qurtara bilmir, Qərb arabasının kölgəsində özünü böyük sanır. Paşinyan məhz buna görə dövlət və dövlətçilik baxımından sabun köpüyü mahiyyəti daşıyan bəyanatlar səsləndirir. Beləliklə, həm də ölkəsində hakimiyyətə iddialıları zərərsizləşdirir, onları gözdən salır, sanki dövləti düşünməyən amorf qüvvələr kimi təqdim edir, özünü isə vətənpərvər kimi göstərməyə çalışır. Reallıqda isə Nikolun hazırkı durumu klassik, müəyyən qədər də ziddiyyətli olan bir deyimi xatırladır: vətənpərvərlik bütün əclafların ən sonuncu sığınacağıdır.
Ə.RÜSTƏMOV
XQ