RU

ABŞ rəsmilərinin “Güc vasitəsilə sülhə nail olmaq” tezisi nədən xəbər verir? - AÇIQLAMA

“Güc vasitəsilə sülhə nail olmaq Ukraynanın sağ qalması üçün vacibdir. Bu, ABŞ-nin təhlükəsizliyinə də təsir edəcək”. Bu barədə ABŞ Dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinin “The New York Times” nəşrinə yazdıqları məqalədə qeyd olunub. Onların fikrincə, Ukraynanın bu günə qədər qazandığı uğur böyük strateji nailiyyət olaraq qalır: “Rusiya isə ciddi dilemma ilə üzləşib. Müharibə başlayandan Rusiya 700 mindən çox hərbçinin öldürüldüyünü və ya yaralandığını bildirib. İndi rəsmi Moskva çətin seçim qarşısındadır: ya minimal qazanclar üçün daxili xaosa səbəb olmaq, ya da müharibənin başa çatmasından ötrü Ukrayna ilə danışıqlara getmək”.

 

Amerikalı rəsmilərin bu fikirləri necə dəyərləndirilməlidir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, nazirlərin güc vasitəsilə sülhə nail olmağı xüsusi qeyd etməsi, Kiyevi Moskva ilə döyüşləri davam etdirməyə təhrik etmək deməkdir:

 

“Əks halda məqalədə həm Rusiya, həm də Ukrayna danışıqlara çağırılardı. “Güc vasitəsilə sülhə nail olmaq” tezisi əslində Kiyevi danışıqlardan yayındıra və müharibənin uzanmasına səbəb ola bilər. Bu, indiki halda Ukrayna üçün arzuolunan deyil. ABŞ rəsmilərinin dediklərindən belə çıxır ki, Ukrayna strateji təşəbbüs qazanana qədər müharibəni davam etdirməli və yalnız bundan sonra danışıqlara başlamalıdır. Amma ən azı yaxın gələcək üçün güc balansının ciddi şəkildə Kiyevin xeyrinə dəyişilməsi ağlabatan deyil. “Güc vasitəsilə sülhə nail olmaq Ukraynanın sağ qalması üçün vacibdir” fikri, ola bilsin, həm də manipulyasiya cəhdidir. Mümkündür ki, Vaşinqton beləliklə, Kiyevi inandırmaq istəyir ki, müharibəni davam etdirmək ən ideal seçimdir”.

 

Müsahibimiz qeyd etdi ki, başqa bir məqam nazirlərin müttəfiqləri Ukraynaya dəstəyi davam etdirməyə çağırmasıdır:

 

“ABŞ-nin hazırkı hakimiyyəti başa düşür ki, yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimindən sonra Vaşinqtonun Kiyevə dəstəyi azala bilər. Beləliklə, Ukraynanın Rusiya ilə danışıqlar masasına otuzdurulması mümkündür. Odur ki, savaşın davam etməsində maraqlı olan Demokratlar müttəfiqlərə çağırış edərək dəstəyi davam etdirməyin və artırmağın labüdlüyünü ifadə ediblər. Bu, Demokratların müharibə ilə bağlı mövqeyini aydın şəkildə ortaya qoyur: döyüşləri davam etdirmək. Ümumiyyətlə, Ukrayna uduzsa, Rusiya əvvəlkindən daha güclü olacaq, Moskva Vaşinqtonun maraqları üçün daha ciddi təhdidlər yaradacaq. Ağ Ev bunun qarşısını almaq üçün Ukrayna vasitəsilə Rusiyanı mümkün qədər zəiflətməyə çalışır. Savaşın bitməsi xeyli dərəcədə Moskvadan asılıdır. Əsas məqamlardan biri məhz Rusiyanın danışıqlara hazır olub-olmaması ilə bağlıdır. Əslində müharibə uzandıqca hər iki tərəfin işi çətinləşir. Buna baxmayaraq, Rusiya taktiki üstünlüyü qorumağı bacarır”. 

 

Ekspert bildirdi ki, müharibənin taleyi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın fəaliyyətindən çox asılıdır:

 

“Onun andiçmə mərasimindən sonra Ukraynaya dəstəyi azaldacağı gözlənilir. Bunu Ukraynada da başa düşürlər. Son zamanlar Ukraynanın Rusiyanın Kursk vilayətində fəallaşması təsadüfi deyil. Beləliklə, rəsmi Kiyev danışıqlara əli güclü getmək, ərazi mübadiləsinə nail olmaq istəyir. Bəlkə də, Tramp komandası ilə gizli danışıqlar nəticəsində bu barədə qərar qəbul edilib. Beləliklə, Blinken və Ostin vəzifələrinin sonuna bir neçə gün qalmış vacib mesajlar verirdilər. Bu, onların Ukraynaya “son sözü” kimi də qiymətləndirilə bilər”.

 

Günay Rəsulqızı


 

Избранный
4
1
sfera.az

2Источники