RU

Qərbi Azərbaycan İcmasından beynəlxalq ictimaiyyətə çağırış

2020-ci ildə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, diplomatik gücü və hərbi sərkərdəlik bacarığı nəticəsində 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə tariximizə ən böyük qəhrəmanlıq salnaməsi kimi həkk olundu. Azərbaycan dövlətinin və xalqının qüdrətini, sarsılmaz iradəsini, ordumuzun gücünü beynəlxalq səviyyədə nümayiş etdirən möhtəşəm Qələbə yeni reallıqlar yaratdı. Otuz ilə yaxın Ermənistanın işğalı altında qalan Qarabağ və Şərqi Zəngəzur azad olundu. Nəticədə müasir müstəqil Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildi. Bundan sonra xalqımızın yeganə problemi öz əzəli və əbədi torpaqları olan Qərbi Azərbaycanın həqiqi sahiblərinin ata-baba yurdlarına geri qaytarılması, onların hüquqlarının bərpasıdır.

Qərbi Azərbaycandan olan qaçqınlar 1998-ci ildə Azərbaycan vətəndaşlığına qəbul edilsələr də ləyaqətli qayıdış hüququna malikdirlər. Bunu onunla əsaslandırmaq olar ki, onlar Ermənistanın azərbaycanlılara qarşı soyqırımı siyasətinin nəticəsi olaraq öz yurd yerlərini tərk etmişlər. Soydaşlarımızın vətəndaşlığının bərpası təmin edilərsə, buradan irəli gələn bütün konstitusion hüquqları, o cümlədən mülkiyyət, dəymiş maddi-mənəvi ziyanın ödənilməsi və s. kimi hüquqların tələbi beynəlxalq hüquq normaları bazasında öz əsasını tapmış olar. Çünki 37 il əvvəl Qərbi Azərbaycandan didərgin düşmüş insanlar Ermənistan vətəndaşı olublar. Onların bu vətəndaşlıqdan çıxarılması haqqında heç bir hüquqi sənəd və ya məhkəmə qərarı yoxdur. Bu insanların böyük əksəriyyəti hətta pasport qeydiyyatından çıxmadan Ermənistanı tərk etməyə məcbur ediliblər. Bu isə, öz növbəsində, Ermənistan dövlətinin üzərinə bu şəxslərin ləyaqətli və təhlükəsiz qayıdışını təmin etmək və üstəlik, vurulmuş maddi və mənəvi ziyana görə onlara təzminat ödəmək kimi öhdəlik qoyur.

Qərbi Azərbaycanda yaşayan həmvətənlərimizin deportasiyası 1988-1991- ci illərdə daha  kütləvi xarakter aldı. Həmin illərdə  İrəvanda azərbaycanlılar  yaşayan  kəndlərə ərzaq göndərilmir, elektrik xətləri kəsilir və  əhaliyə silahlı basqınlar edilirdi. Azərbaycana gedən bütün yollar üzərində silahlı quldur dəstələri dayanaraq yaşayış yerlərini tərk etməyə məcbur olan ailələrə yollarda divan tutur, əmlaklarını qarət edir, özlərini isə qətlə yetirirdilər. Nəticədə açıq formada ərazi iddiaları və etnik zəmində təxribatlar törədən ermənilər tərəfindən torpaqlarımızın 20 faizdən çox hissəsi işğal edildi.  Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı minlərlə azərbaycanlı həlak oldu, itkin düşdü, ermənilər tərəfindən əsir və girov götürüldü.

Xatırladaq ki,  erməni vandalizminin sübutu olaraq mütamadi olaraq Qərbi Azərbaycan İcması və Azərbaycan Respublikasının digər vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ictimaiyyətə müraciətlər  ünvanlayırlar. Bu müraciətlərdə   1987-1991-ci illərdə azərbaycanlıların Ermənistandan vəhşicəsinə qovulması, onların vaxtilə öz ata-baba yurdları olmuş ərazilərdən izlərinin silinməsi öz əksini tapıb. Birinci Qarabağ müharibəsi zamanı İtkin düşmüş 4000 nəfərin taleyi hələ də bəlli deyil. Qərbi Azərbaycan İcmasının dünya ictimaiyyətinə ünvanladığı müraciətlər erməni vandalizminin beynəlxalq aləmdə qiymətləndirilməsi baxımından  cox əhəmiyyətlidir. Çünki Azərbaycanın haqlı mövqeyi, ölkəmizin yürütdüyü uğurlu siyasət bir daha beynəlxalq müstəvidə öz əksini tapır.

Yanvarın 14-də Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antonio Quterreşə və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkə məktublar ünvanlayıb. Məlum olduğu kimi, Levon Ter-Petrosyanın 1993-cü ildə Ermənistanın prezidenti qismində etdiyi, azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmənin Ermənistanın dövlət siyasəti olduğunu təsdiq edən çıxışının videoyazısı bu yaxınlarda mətbuatda yayılıb. Hakimiyyət illəri Azərbaycan torpaqlarının işğalı və azərbaycanlılara qarşı etnik təmizləmə əməllərinin böyük hissəsinin aparıldığı dövrə təsadüf edən Ter-Petrosyanın bu bəyanatı Ermənistanın sistemli etnik təmizləmə siyasətini və bu kimi fəaliyyətlərə rəvac verən təhlükəli irqçilik ideologiyasını sübuta yetirən fövqəladə əhəmiyyətə malik bir dəlildir.

Həmçinin bildirilib ki, bu bəyanat etnik təmizləmə və işğal siyasətinin arxasında məqsədyönlü niyyətin olmasını, Ermənistanın dövlət məsuliyyətini, insanlığa qarşı cinayətlərin və sülh pozuculuğu cinayətlərinin sistemli və mütəşəkkil xarakterini və konkret planın mövcudluğunu sübut edir.

Məktublarda Ermənistanın sistemli şəkildə dövlət səviyyəsində həyata keçirdiyi irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanması üçün çağırış edilir.

Göründüyü kimi, Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyətin Ermənistanın irqi ayrı-seçkilik siyasətinə qarşı qətiyyətli mövqe tutmasına nail olmaq üçün səylərini davam etdirir.

Избранный
1
1
yenigundem.az

2Источники