RU

Ali Məhkəmə məhkəmələrə müraciət etdi

Azərbaycan Respublikasının rayon (şəhər) və apellyasiya məhkəmələrinə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeləri özündə əks etdirən bir sıra məsələlərə ümumiləşdirilmiş izahın verilməsi zərurəti yaranıb.

E-huquq.az xəbər verir ki, Ali Məhkəmə tərəfindən məhkəmələrə izah edilir ki, Plenum qərarına edilən dəyişikliklərin tətbiqi zamanı aşağıdakılar nəzərə alınmalıdır:

1) Aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir.

Məsələn, məhkəməyə 2024-cü ilin noyabr ayının 15-də bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddia ərizəsi təqdim edilmişdir. İş 2025-ci ilin 10 yanvar tarixində yekunlaşmış və qətnamə qəbul edilmişdir. 2024-cü il ölkə üzrə minimum əmək haqqı 345 manat, 2025-ci il yanvarın 1-dən isə 400 manat müəyyən edilmişdir. Məhkəmə alimenti 200 manat həddində təyin etmək qənaətinə gələrsə, alimentin tutulması 2024-cü ilin 15 noyabr tarixindən başladığından, 2024-cü il ölkə üzrə müəyyən edilən minimum əmək haqqına münasibətdə hesablama aparmalıdır (345 x 0,58 = 200,1 manat). Belə olan halda, qətnamənin nəticə hissəsi aşağıdakı məzmunda göstərilməlidir:

“15.11.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulsun.”;

2) Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 101-ci maddəsinə uyğun olaraq müvəqqəti tutulan alimentin məbləği Plenum qərarında qeyd edilən qaydada ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının misli həddində göstərilməlidir;

3) Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş alimentin artırılması tələbi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə, habelə 110- cu maddəsində nəzərdə tutulmuş alimentin indeksasiyası isə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən, minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması bu əsasla verilmiş iddia tələblərinin və ərizələrin təmin edilməsinə yol vermir.

4) Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişində sabit pul məbləğində alimentin tutulması ilə bağlı şərt tərəflərin razılığından asılı olaraq konkret rəqəmlə və ya minimum əmək haqqının müəyyən misli ilə ifadə edilə bilər.

Tərəflər sazişdə tutulan alimentin məbləğini konkret rəqəmlə ifadə etdikləri və bu məbləğin sonrakı indeksasiyasını nəzərdə tutmadıqları halda, məhkəmə tərəfindən bu sazişin təsdiqi zamanı həmin məbləğin minimum əmək haqqının mislinə çevrilməsi tərəflərin iradə ifadəsinə zidd olduğundan yolverilməzdir. Eyni mövqe, iddia icraatının gedişatında analoji barışıq sazişlərinin təsdiqi zamanı da nəzərə alınmalıdır.

Bununla yanaşı, konkret rəqəmlə ifadə olunan alimentin tutulmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən fərqli olaraq, bu məzmunda mediasiya sazişi daxil olmaqla, barışıq sazişlərinin təsdiq edilməsi barədə məhkəmə aktları (qətnamə, qərardad) üzrə müəyyən edilmiş alimentin indeksasiyası da buna dair barışıq sazişində müvafiq bəndin olmadığı halda istisna edilir. Bu zaman, tərəflərə Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda, alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Tərəflər belə bir tələblə məhkəməyə müraciət etdikləri halda isə, qəbul olunacaq qətnamədə müəyyən edilən alimentin məbləği minimum əmək haqqının misli ilə göstərilməlidir.
Избранный
2
e-huquq.az

1Источники