RU

Mərhum əsgər və zabitlərin valideynlərindən Ərdoğana MÜRACİƏT

“Sizdən xahiş edirik ki, övladlarımızın şəhidlik statusu almasına köməklik göstərin”

Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş bəzi əsgər və zabitlərin valideyinləri - Allahverdiyev Ceyhun İbrahim oğlu, Qarayev Elşən Həsrət oğlu, Əzizov Bəyalı Köçalı oğlu, Babayeva Sürəyya Əvəz qızı, Məmmədova İradə Mərdan qızı, Qurbanov Veyis  Mahmud oğlu, Əsgərova Tərlan Qanboy qızı, Novruzova Səlbi Babacan qızı, Cəlilov Fuad Şahbaba oğlu, Bağıyeva Raziyə Rövşən qızı, Həziyeva Validə Xalid qızı, Quliyeva Elmira Əbdürrəhman qızı, Məmmədova Aynur İbad qızı, Hacıyeva Natəvan Nəriman qızı, Aslanova Gülşən Bahadur qızı və Cəfərova Mətanət Bilal qızı tərəfindən “Hürriyyət”qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər saytımız vasitəsilə Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət ünvanlayıblar. Onların müraciətini olduğu kimi dərc edirik:

“Cənab Rəcəb Tayyib Ərdoğan!

Çox böyük ümidlərlə Sizə müraciət edirik ki, dəstəyinizi Şəhid ailələrindən əsirgəməyəsiniz.

Məlumunuz olsun ki, bizim övladlarımız dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda xidməti vəzifəsini yerinə yetirərkən müxtəlif illərdə, müxtəlif şəraitdə dünyasını dəyişmişdir. Buna görə, şəhidlik statusu ilə bağlı Azərbaycan Respublikasının bütün Ali qurumlarına dəfələrlə muraciətlər etsək də, biganəliklərlə qarşılaşmışıq və qarşılaşırıq.

Sizdən xahiş edirik ki, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş (ölümündən sonra fərqli adlar qoyulsa da) övladlarımızın Azərbaycan Respublikası Nazirlər kabinetinin 15 yanvar 1994- cü il  10 nömrəli qərarının 1,2,6,7 - çi bəndinə uyğun olaraq, şəhidlik statusu almasına köməklik göstərəsiniz.

Biz çox böyük inanırıq ki, Sizin sayənizdə heç bir şəhidin qanı yerdə qalmayacaq və Turan ailəmiz əbədi və sarsılmaz olacaqdır.

Turan arzularında peşman olmaq istəməyən şəhid ata-anaları adından Sizdən xahiş edirik, müraciətimizi cavabsız qoymayın”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzu ilə əlaqədar müvafiq qurumların mövqeyini dərc etməyə hazırıq.

Избранный
8
hurriyyet.az

1Источники