Göygöl rayonunda 8-ci sinif şagirdinə xəsarət yetirən yeniyetmə tutulub.
Bakupost.az xəbər verir ki, məlumata görə, hadisə zamanı 2010-cu il təvəllüdlü İ. Hüseynov bıçaqlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Məhərrəmov saxlanılıb.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, əslində günahı hər iki tərəf bir-birində görəcək:
“Yəni valideynlər və məktəb bir-birinə qarşı ittihamlar irəli sürəcək. Hətta hər kəs özlüyündə özünü haqlı çıxartmağa çalışacaq. Təbii ki, heç bir problem birtərəfli olmur. O, uşağın gününün beş, altı saatı məktəbdə, yerdə qalan hissəsi evində və yaxın çevrəsində keçir. Valideynlər uşaqda olan aqressiyanı müşahidə etməyibsə, burada müəllimlərin günahı yoxdur. Həmçinin valideynlər uşağın kəsici-deşici alətlə gəzməsinin fərqində deyilsə, məktəb necə fərqində olmalıdır?. Məktəbdə bütün uşaqlar bir-bir yoxlanılmır. Təəssüf ki, insan xarakteri elədir ki, bir hadisə baş verəndə hamı müdafiə mexanizmini işə salır və müdafiə olunmaq istəyir. Heç kim düşünmək istəmir ki, bu hadisə nədən belə oldu və mənim burada rolum nədir. Sözügedən vəziyyət də onu kimidir. İndiki uşaqlar aqressiv, öldürməyə və həddindən artıq zorakılığa meyillidirlər. Yetkinlik dövründə olan uşaqlarla işləmək şərtdir. Həmin uşaqlarla evdə valideyn, məktəbdə müəllim işləməlidir. Ancaq bu iki şəxsin ortasında da məktəb psixoloqları olmalıdır. Amma məktəblərdə psixoloqun fəaliyyətini görmürük. Məktəblərdə psixoloqun fəaliyyəti yox deyiləcək dərəcədədir. Vəziyyətin bu həddə gəlib çıxması heç də təəccüblü deyil”.