Xəbər verdiyimiz kimi, dövlət qurumları tərəfindən plastik cərrahlarla bağlı ciddi adımlar atılır. Bununla bağlı Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası da yaradılıb.
Oxu24.com un məlumatına görə, ölkədə artıq praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.
Bu arada Musavat.com plastik cərrahlarla bağlı maraqlı iddia ilə çıxış edib. Saytın yaydığı xəbərə görə, plastik cərrahların efirlərə çıxışına da qadağa qoyulub.
***
Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev APA-ya açıqlamasında bildirib ki, plastik cərrahların televiziya və radio kanallarının efirinə çıxışına qadağa qoyulması ilə bağlı məlumat həqiqəti əks etdirmir.
O qeyd edib ki, hər bir yayımçı efirə dəvət etdiyi şəxs və qonaq ilə bağlı özü məsuliyyət daşıyır: “Bu məqsədlə həmişə olduğu kimi, kanallar efirə hər hansı bir sahədə fəaliyyət göstərən həkimləri dəvət edəndə onlardan fəaliyyət sahələri üzrə malik olduqları sertifikat və ya lisenziyasının olmasına diqqət yetirirlər. Belə sənədi olmayan şəxslər efirə buraxılmır. Son zamanlar da mediada, o cümlədən sosial media səhifələrində plastik cərrahlarla bağlı yayılan məlumatlar televiziya və radio yayımçılarını bu mövzuda diqqətli olmağa vadar edir”.
T.Quliyev, həmçinin əlavə edib ki, fəaliyyət istiqaməti üzrə müəyyən sənədləri olan həkimlər efirə sərbəst dəvət oluna bilirlər və bu standart qaydada baş verir.