RU

Gülçöhrə və Əsgər - Kamal Abdullanın pyesi

Kulis.az Xalq yazıçısı Kamal Abdullanın “Gülçöhrə və Əsgər” pyesini təqdim edir.

İştirakçılar:

Əsgər

Gülçöhrə

Xala

Süleyman

Asya

Məşədi Cabbar

Vəli

Telli

Məhkəmə sədi

Məhkəmə üzvləri (iki nəfər)

Qırmızı zabit

Cavan dustaq

Gombul nəzarətçi

Dustaqlar, qonşular, nəzarətçilər

Musiqi. Qaranlıq səhnə. Musiqinin ahənginə və ritminə uyğun hərəkətdə olan kölgələr. Hərdən qaranlığın içindən son pərdədə Əsgəri Marseldə dəniz qırağında gözləyənlərin,donub qalmış Gülçöhrənin siluyeti görünür, hərdən, Qulu və Tellinin üzərinə işıq düşür, hərdən Süleyman və Asya işığa çıxırlar. Bəzən Xala ilə Məşədi Cabbarı da işıq “yaxalayır”. Həbsxanadakı Əsgər də ani olaraq görünür. Musiqinin səsi azalır. Bütün bunları SƏS müşaiyət edir:

“Miladi tarixlə 1919-cu ildir. Bundan altı il əvvəl, nəhayət, iki sevgili xeyli macəradan sonra bir-birinə qovuşdu. Böyük düyün oldu, şadyanalıq hər tərəfi bürüdü. Əsgər ağanın arşın mal satan kimi toydan əvvəl, görüb bəyənəndən sonra özünə yar tapmaq və evlənmək üsulu bütün Bakıda dillərə düşdü. Arşın mal alan oyunu hər məhlədə dildən dilə gəzdi. Bu möhtəşəm toydan düz altı il keçdi...”

İşıq yanır. Musiqi susur. Qulu Süleyman bəyin kontorunda bir otağın qapısı ağzındadır. Otağın pəncərəsindən içəri boylanmaq istəyir. İçəridə kölgələr hərəkətdə. Hiss edilir ki, otaqda çox ciddi müzakirələr keçir. Süleymanbayıra çıxır. Papiros yandırmaq istəyir.

Süleyman (Qulunu görərək). Qulu. Sənsən?! Nə var, niyə gəldin?! Xeyirdi, inşallah.

Qulu. Xeyir olmağına xeyirdi. Ağamı görmək istirəm.

Süleyman. Nəsə baş verib? Sözlü adama oxşadın.

Qulu. Həm verib, həm də verməyib... (pauza) Məşədi Cabbar gəlib.

Süleyman. Nəhayət. Şükür. Bəs özü niyə bura qədər gəlmədi?!

Qulu. Bilmirəm ki. Dedi, ağanı tap gəlsin. Vaxtım azdı.

Süleyman (papirosunu çaxmaqla yandırır). Ağan odu, içəridə. Başını sal qapıdan, səni görsə çıxar.

Vəli gedib başını salır içəri. Əsgər otaqdan çıxır.

Əsgər. Nə var, Qulu?! Xeyirdimi? Niyə gəlmisən?

Qulu. Ağa, xeyir olmağına ... (uzadır) belə də...

Süleyman. Bu yenə uzatdı... Məşədi gəlib. Xeyirdi, xeyir. Bu aləmin bir-birinə dəydiyi zaman ki, o, Rusetdən gəlib bura çıxa bilib, deməli, həqqən böyük adamdı. Mən elə bildim, o ilişib qaldı oralarda.

Əsgər. Məşədi gəlib?! Ay xoş gəlib. Sən məni lap qorxutdun, Qulu ağa (Qulunun boynunun dalından zarafatla vurur). Mən işimi qurtarıb gəlirəm. Get, ona belə söylə.

Qulu. Ağa, bu deyir,təcili işim var. Hacı Nuri ilə görüşəcəm. Ağan evə tez gəlsə, yaxşı olardı.

Əsgər. Hacı Nuri özü də burdadı ki. Söylə Məşədiyə, Hacı Nuri ilə bir yerdə fidailərlə görüşürük. Təcili bir məşvərətdir. Qurtarım, sonra gəlləm. Oturub evdə gözləsin. Yemək hazırlayın, qulluğunda durun...(Süleymana). Süleyman, bilmirsən, Hacı Nuri bayaq niyə elə danışdı?!

Süleyman. Bilmədim ki, bəradər. Amma onun dediyində həqiqət var. Biz bütün şəhər əhlini, bütün tüccar tayfamızı bu fidai işinə cəlb eləməliyik. Bazarda bir-iki sizin kimi pul kisəsini geninə açmış adamla kar aşmaz.

Əsgər. Haqlısan. Amma bu işi görə biləcəyikmi?! Çətin məsələdi. Adamların hərəsinin ağzından bir başqa səda gəlir. Rusetdə də aləm qarışıb bir-birinə. Hələ görək, Məşədi nə xəbərlə gəlib.

Süleyman. Düzələr, darıxma. Hər şey yavaş-yavaş düzələcək. Əsgər, bəlkə sən gedəsən evə?! Mən onlarla irtibatı sənin əvəzindən qurram. Məsələ mənə ki, məlumdur. Sənin mövqeyini mən bilirəm...

Əsgər. Deyirsən, inciməzlər?!

Süleyman. Yox, a kişi. Niyə incisinlər?! Sən ki, söhbətdən qaçmırsan. Hamıdan çox elə sən özün maddi dəstək verirsən... Heç inciməzlər. Sən bir xudahafiz elə, get. İstirsən, heç sağollaşma. Deyərəm, evdən gəldilər. Təcili iş çıxıbdır.

Əsgər. Yaxşı, ay Süleyman, sağ ol. Sən alahın, mən əvəzi bir yağlı dil-ağız edərsən. Kişilər o boyda iş görürlər. Canlarını millət yolunda fəda edirlər. Biz nə edirik ki...

Süleyman. Əvvəla bu, onların borcudur. Sonra bu həm də bizim borcumuzdur. Hər kəs əlindən gələni edir. İnşallah, azğın qonşularımızı vətən torpağından əl-ələ verib qovarıq. Heç nədən o qədərinə yer verilib onlara. Nə yoğurdum, nə yapdım... Hə, Qulu ağa!

Qulu. Hazırca kökə tapdım.

Süleyman. Ay sağ ol. Getsinlər yaşasınlar. Bizdən də əllərini çəksinlər.

Əsgər. İnşallah. Fidailər sağ olsun. Sipər oldular, sipər. Gedək, Qulu ağa.

Qulu. İnşallah, ağa, Süleyman bəy deyən olar. Buyur, gedək.

Süleymanla görüşüb Əsgərvə Qulu gedirlər. Süleyman papirosunu söndürüb içəri keçir.

Əsgərinevində qonaq otağı. İşıq Məşədi Cabbarın üstündə.. O, həsrətlə divardan asılmış şəklə - Əsgərin atasının - öz gənclik dostunun rəsminə baxır, əlinin dalı ilə göz yaşını silir. Əsgər qonaq otağına daxil olur. Məşədi Cabbar onu görcək ayağa qalxmaq istəyir. Əsgər buna imkan verməyib tez ona yaxınlaşır, həm qucaqlayır, həm də çiynindən basıb yerinəotuzdurur.

Əsgər. Xoş gəldin, Məşədi, səfalar gətirdin. Otur, otur, sən Allah, heç rahatsız olma. Mən səninlə üzbəüz elə yerdən oturacağam.

Məşədi Cabbar. Salam, əzizi–mən. Xoş gördük, xoş gördük, ağa Əsgər. Sən keç sandalyada rahat əyləş. Sən ona alışmısan.

Əsgər (yerdən oturaraq bardaş qura-qura). Elə şey olarmı, Məşədi? Olmaz! Sən qətiyyən rahatsız olma (qapı ağzında durmuş Vəli tərəfə çönmədən). Ay uşaq! Çay, meyvə, yemək hazırlayın! Məşədi, könlün nə istir? (Təbəssümlə) Görürəm, Rusetdə sən sandalyaya alışmadın...

Məşədi Cabbar. Yox, yox, nuri-didəm. Heç alışmadım. Ağa Əsgər, çay içməyinə içərəm. Amma yeməyə qala bilməyəcəyəm. Hacı Nurinin dükanına gedəcəyəm. Ona Peterburqdan xeyli vacib bir xəbər gətirmişəm. Gecikdirə bilmənəm. Amma nə deyim?! Bəlkə də gecikdirmişəm. Yeməyə məni məzur tut. Qalammanam.

Əsgər. Məşədi, elə indicə Süleyman bəyin kontorundaydım. Fidailərlə görüşümüz vardı. Hacı Nuri də ordaydı. Hələ söhbətləri çox çəkəcək. Sonra bazara gedəcəkdi. Sən onu bazarda axşama yaxın tapacaqsan. Vəli, çay süfrəsi düzəldin. Məşədi, öz evindi. Nə təhərİstərsən, elə də elə. İstərsən yeməyə qalarsan, istərsən gedərsən...

Vəli otaqdan çıxır. Qapının arxasında əlində məcməyiVəlininarvadı qulluqçu Telli durub. Vəli Tellinin əlindən çay məcməisini alıb içəri qayıdır. Çayı, mürəbbələri, qəndi Əsgərin və Məşədi Cabbarın önünə düzür. Sonra Məşədi Cabbara məhəbbət dolu bir nəzər salıb sanki deyir: “məni unutma, ağa” və otaqdan çıxır.Əsgər ağa Məşədinin nəlbəkisinəmürəbbə qoya-qoya.

Əsgər. İnanmazsan, Məşədi. elə indicə sənin söhbətini Süleymanla edirdik. Harda qaldı bizim bu Məşədi deyirdik. Budur, gəldin. Əməli-saleh adam sözünün üstünə gələr.

Məşədi. Sağ olasan, ağa Əsgər, sağ olasan...

Onlar çay içə-içə söhbət edirlər.

Əsgər. Hə, Məşədi, sən axı bir ay əvvəl geri dönməli idin... Nə baş verdi ki, gec qaldın?!

Məşədi Cabbar. Ağa Əsgər. İki gün olar ki, qatardan düşmüşəm. Bu iki günü də ancaq evdə yorğan-döşəkdə oldum. Yorğunluğum, qurban olum, canımdan hələ də çıxmır (çaydan içir). Bir zülm çəkdim mən, bir zülm çəkdim mən ki, gəlib bura yetişənəcən, Allah Təala bu zülmü heç bir bəndəsinə bir daha göstərməz, inşəallah...

Əsgər. Sən Allah? Niyə bəs belə oldu?

Məşədi Cabbar. Ağa Əsgər. Onu heç sorma. Mən hələ sən demişkən bir ay əvvəl gəlib bura yetişəsiydim. Mən çoooxdan məmləkətdə olmalı idim (çaydan içir). İndi orada da bütün işlərim tökülüb qalıbdır. Allaha həmd olsun. Üç-dörd günə Arazı keçərəm, inşəallah. (Çay içir).

Əsgər. Yəni, Rüsetdə vəziyyət belə qəliz hala düşübdür?

Məşədi Cabbar. Çox qəliz bir hala düşübdür. Çox qəliz bir hala düşübdür. Qayda yox, qanun yox. Yollar pozulub, dağılıb, parovozlar işləmir...Allah, Allah...

Əsgər. Burada “Azərbaycan” qəzetində bəzi şeylər yazırdılar. Biz də elə bilirdik ki, padşahdan sonra orda işlər düzəlməyə doğru gedir?!

Məşədi Cabbar. Haşa, nuri-didəm, haşa. Əksinə! Əksinə!

Əsgər. Mən vəziyyəti bu qədərinə pis bilmirdim. İşə bax bir...

Məşədi Cabbar. Ağa Əsgər, hökümət – iflic, ətraf tamamən hərc-mərclik... Adamlar bir-birinə - düşmən. Hər birində - silah. Qardaş gedir qardaşın üstünə. Bölünüblər qırmzılara, bir də ağlara.

Xala daxil olur. Məşədi və Əsgər ayağa qalxırlar.

Xala. (Məşədi ilə səmimi görüşür). Heç rahatsız olmayın. Siz Allahınız, əyləşin. Məşədi, eşitdim burdasan, gəldim sənə bir “xoşgəldin” deyim. Xoş gəlmisən, səfa gətirmisən. Bə niyə bu qədər gec qaldın? Bizi niyaran qoydun...

Əsgər. Çox əziyyət çəkib Məşədi. Ruset çox qarışıbmış.

Məşədi Cabbar. Bəli...bəli...

Xala. Eləmi? Mən də dedim, görən nə oldu, Məşədi bu qədərinə gec qaldı...

Məşədi Cabbar. Yox. Yox. Başqqa bir şey yox. Bu səfər başdan-başa əziyyət oldu. Sən necə deyirsən, Əsgər ağa?! Vəziyyətin v-sı düşüb, qalıb - əziyyət. Sanki Rusetdən buraya qədər pay-piyada gəldim. Məndə, vallah, taqət qalmadı. İşlər də ki, heç biri tutmadı. Ümidlərim puça çıxdı. Bir vaqon pulum getdi, çifaidə?! (Xalaya). Sizlər necəsiz, yaxşısız, inşallah?

Xala. Gördüyün kimiyik. Canın təki sağ olsun, fikir eləmə. Mal-dövlət gələr də, gedər də, Məşədi (üzünü Əsgərə tutur). Əsgər, axşama yeməklə bağlı bir sözün varmı?

Əsgər. Yoxdu, xala. Məşədi yeməyə qalmayacaq. İşləri varmış.

Xala. Eləmi? O zaman mən çıxım, sizə mane olmayım. (Süfrəyə baxır). Çay, meyvə qaydasındadı? Bəli. Di, siz söhbətinizi edin. Məşədi, xudahafiz. Həmişə gözlərik, biləsən.

Məşədi. Allah sizdən razı olsun. Allah sizləri naümid eləməsin.

Xala çıxır. Məşədi fikirli halda sözünə davam edir.

Hə,belə-belə işlər... Harda qaldım mən?

Əsgər. Qırmızılar deyirdin, ağlar deyirdin...

Məşədi. Qırmızılar, ağlar... Kim kimi vurdu, kim kimi kəsdi, heç bir kəsi rahatsız etmir. Fəhlə işləmir, bazar çalışmır, dükanlar qapalı... Ölkə dağılıb durub. Bu yandan da şaxta, qış... Hamı ancaq səhər-axşam dəstə-dəstə toplaşıb ağızlarından bolluca buğ çıxa-çıxa nitq irad eləyir, söz eşidir. Şaxtanın, deyəsən, bunlara heç bir karı, heç bir əsəri yoxdur. Yollarda talançılıq və qarışıqlıq... Əlqərəz, oteldə danışırdılar, mən belə başa düşdüm, belə anladım ki, rusların başbilənləri deyirlər, almanlar bizi aldadıb sərfəsiz sülh bağlayıblar, biz öz torpaqlarımızı hökmən geri qaytarmalıyıq. Padşah zamanındakı torpaqlarımızı da, o cümlədən, Qafqazları, yəni ... buraları!

Əsgər. Eləmi? Bəs bizimkilər buna nə deyər? Bu barədə bir məsələ, zənnimcə, qalxmayıb hökümətdə. Parlaman da təzədi, hələ ki, susur...

Məşədi Cabbar. Biləsən, Ağa Əsgər. Bunu sənə mən deyirəm. Mən Məşədi Cabbar. Bu bolşeviklər ki var, əvvəl-axır buraları geri alacaqlar, onlar heç nəyə baxan deyillər. Onlar o zaman ki, ağların işini bitirdilər, buralar batdı. Rusetdə bunu hamı danışır. Əvvəlcə, deyirlər, içimizdəki satqınları qovaq, ağları məhv eləyək, sonra da padşahın torpaqlarını geri alaq. Vallah, mən ki, bunları belə gördüm, gələcəklər buralara qədər. Tutacaqlar günahsız adamları, basacaqlar birbaşa Sibiryaya. Atanı, ananı baladan, sevgilini sevgilidən, qardaşı qardaşdan ayıracaqlar. Nakamlar nəsli yaranacaq. Qan ərşə çıxacaq. Dünənki dostlar bir-birinə düşmən kəsiləcəklər. Hökumətinizi məhv edəcəklər. Qırğınların sayı-hesabı olmayacaq. Nə bəlalar, nə dəhşətlər... Mən onları gördüm. Ağızlarından qan iyi gəlir, qan iyi. Vəba, taun gəlir biz tərəfə, Əsgər ağa. Hələ Allah eləməsin, xudanəkərdə, bu bəla İrana da keçməsin, inşəallah. Amma nə bilmək olar?! Bir də gördün ora da girdilər... Ah, oh... Sən bilən bu qırmızılar keçərlər İrana, ağa Əsgər?

Əsgər. Keçməzlər. İran nə zamandan onlarınkı oldu? Buralara da... nə deyim, vallah, yəni, ağlım heç kəsmir ki, bunlar buraları təzədən gəlib tutmaq istəyələr. Bizim bu cavan hökümət gün-gündən güclənir. Süleyman deyir ki, Avrona ilə yeni-yeni daşdan keçən müqavilələr hazırlayırlar...

Məşədi Cabbar. Nə deyim? Təki sən deyən olsun. Mən, ağa Əsgər, eşitdiyimi söylədim. Odu, bəs buna nə deyirsən, ağların qoşunu gəlib Qafqazın göbəyinə çıxıb – Vladiqafqaza. Ordan da hamını təhdid edirlər. Deyəssən etmirlər?

Əsgər. Doğrudur. Təhdid edirlər. Amma bizim də öz ağlımız var. Öz iradəmiz var.

Məşədi Cabbar. Sən, oğlum, deyirsən ağlımız var. Sən başqalarına baxma. Bu saat dörd ətrafımız vələdüznadı. Sən öz işini ağıllı tut. Ağa Əsgər, sənə mənim bir tövsiyyəm var.

Əsgər ağa gülümsünür. Çünki o, Məşədininnə tövsiyə edəcəyini bilir.

Bilirəm, bilirəm, deyəcəksən ki, bu qoca Məşədi elə hey eyni şeyi deyib durur.

Əsgər. (gülümsünə-gülümsünə) Əstəğfurulla, Məşədi, sən – hara, qocalıq – hara? Mən heç elə deyərəmmi?

Məşədi Cabbar. O zaman sözümə qulaq ver. Ağa Əsgər, sən mənim, bax bu rəsmə (əli ilə Əsgər ağanın atası Səcdəlinin divardakı şəklinə işarət edir), sən mənim bu aslan qardaşımın oğlusan.Onun ruhuna and olsun, bu işlərin axırı heç yaxşı deyil. Gəl daşı ətəyindən tök, geci-tezi var. Gələcəklər, oğul, bunlar, gəlməyə bilməzlər. Bu torpaqlar onların yaddaşında qalıbdır. Nöyütün iyinə gələcəklər. Buraların axırını pis görürəm. Pis görürəm, dadaş, vur öldür məni, yenə pis görürəm. İranda... İranda isə əmin-amanlıq, sakitlik... (çaydan içir).

Əsgər ağa Məşədi Cabbara çaydandan çaysüzür.

Sağ ol, əzizi – mən (stəkanı qaldırıb işığa tutur). Çay – budur, yoxsa ordakı saman suyu? Nə deyirdim mən?

Əsgər. İranda əmin-amanlıqdır deyirdin...

Məşədi Cabbar. Bəli, bəli, belədi ki, var. İranda hökümət var, şah var. Qanun var, qayda var. Malın-mülkün toxunulmazdı. Hara ilə istərsən, alver et. Düzdü, sizinkilər, təzə hökumətiniz başlayıb şuluğa, biz iranlı tacirlərə əngəl törədirlər, burdan Rusetə yol alan alverimizə yeni-yeni töycülər qoyurlar. Heç yeridi? Amma... olsun. Bu da keçər...

Əsgər. Əlbəttə, keçər. Sən darıxdırma özünü.

Məşədi Cabbar. Görək. Təki sən deyən olsun. (çaydan bir qurtum alır). Bax, nə vaxtdı sənə deyirəm. Bir də deyim. Böyük sözünə qulaq as. Gəl köç elə İsfəhana. Mülklərimin birində ürəyin istəyən qədər yaşa. Hansını bəyəndin – sənə peşkəşdi. Ticarətini qur. İstərsən, mənimlə qur, istərsən özün təkcənə qur. Fransa ilə bütün əlaqələrin mənim bax bu boynuma. Amerikaya qədər sözüm yetişir, biləsən. Əsgər ağa, mənim bir övladım yoxdur (ah çəkir, gözləri dolur). Allah, sənə, inşallah, bir övlad verər.

Əsgər. İnşallah, Məşədi, inşallah.

Məşədi Cabbar. Sən mənim övladım ol, oğul. Mən ölüb getdikdən sonra malım da, mülklərim də sənin olsun. Bax, rəhmətlik Səcdəlinin özü burda deyil, ruhu ki, burdadı (divardakı şəklə əli ilə işarə edir, “bu azdır” düşünüb ayağa qalxır, şəklə tərəf baş əyir). And olsun bizi yaradan Allaha...

Əsgər. Məşədi, Məşədi... bilirəm, bilirəm ki, sən bütün bunları sidq-ürəklə deyirsən, bilməz olurmuyam?! Sən mənə rəhmətlik atamın yadigarısan. Əmisən sən mənə. Allah... Allah... Sənə inamım sonsuzdur. Amma... düşünməm lazım. Həm də ki, belə bir qərarı mən təkbaşına verə bilmənəm. Evdəki ilə də məsləhətə ehtiyac var. Hələ görək xalam nə deyir.

Məşədi Cabbar. Olsun. Elə sən məsləhətini. Mən hələ 4-5 gün burdayam. Gözlərəm. Mənə qərarını söylə ki, mən də gedim oralarda sənin gəlişinə əvvəlcədən tədarükümü görüm. Köç eləmək – asan iş deyil. Nolar, düşün. Mən gözlərəm.

Əsgər. Elədi, köçüb birdəfəlik getmək asan iş deyil.

Məşədi Cabbar (ilhamla). Vallah gəl, billah gəl. Buraların axırı yoxdu. Hər nəyin var, alarlar əlindən, qalarsan heç nəsiz, bala, bir yerə də getməyə qoymazlar. Allahları – yox, imanları – yox. Adamın bunlar, xudanəkərdə, canını da heç nədən alarlar əlindən, heç nədən. Allahsızdılar bunlar, allahsız... Ah, oh...

Həzin musiqi sədaları. Bu musiqini “İnternasional”ın əcaibləşdirilmiş melodiyası sanki “udur”. Əsgər ağa fikrə qərq olub. Nəhayət, musiqi kakafoniyası susur.

Əsgər. (fikirli halda). Məşədi, səndən təvəqqem budur. Mənə - üç gün möhlət. Ən geci üç gündən sonra mən sənin yanına gəlib fikrimi bildirərəm. Elə bilirəm, gec olmaz. Üçcə gün! Nə deyirsən?

Məşədi Cabbar. Nə deyəcəm, nuri-didəm?! Əlbəttə, gec olmaz, deyəcəm. Gözləyəcəyəm. Təki sən gəl. Di, mənə icazə. Mən daha mürəxxəs olum. Gec oldu. Hacı Nuri məni gözləyəcək, yaxşı çıxmaz. Salamat qal, ağa Əsgər, Allaha əmanət ol (əlindəki çayı içib qurtarır, stəkanı qaytarıb ədəblə yerinə qoyur).

Məşədi Cabbar əlini yerə dayaq edib oturduğu yerdən quş kimi ayağa qalxır, qapı tərəfə getmədən əvvəl dostu Səcdəlinin şəkli qarşısına keçib yenə də baş əyir. Sonra Əsgər ağa ilə qucaqlaşır və onlar qonaq otağından qol-boyun olub birgə çıxırlar. Vəli və Telli içəri girib qab-qaşığı yığışdırmağa başlayır.

Xalanın otağı. Yerdə və divarlarda xalçalar. Xala mütəkkələrə söykənib yerdən oturub. Vəli gətirir xalanın qabağına çay qoyur. Özü də onunla üzbəüz oturur.

Xala (fikirli). Qonaq getdi?

Vəli. Getdi, xala. Söhbətləri nəsə uzun çəkdi.

Xala. Yenə bizi İrana çağırırdı?

Vəli. Hə... Sən nə deyirsən bu işə?

Xala (susur). Mən heç nə demirəm. Bilmirəm.

Vəli. Axşama nə hazırlayaq, xala? Ürəyin nə istir?

Xala. Axşama qonaq – filan yoxdu! Məşədi yeməyə qalmadı.

Vəli. Bəli, qalmadı. Başqa qonaq da olmaz, inşallah.

Xala (yalançı qəzəblə). Sən bunun inşəallahına bax. Mən sənə indiyənədək öyrədə bilmədim ki, qonaq-qarası olmayan ev – ev deyil?! Elə bir ev durunca, yıxılsa yaxşıdır?!

Vəli (başını dikir aşağı). Xala, öyrətmisən. Mən binəva nə dedim ki?! Deyirəm, ağam bir az da istirahət eləsin. Qonaqla olmaq axı özü də bir başqa cür zəhmət çəkməkdir.

Xala. Sən bir bunun üzrünə bax... Get, xanımdan soruş, axşama yeməklə bağlı bir istəyi var, ya ki, yoxdur?! Nə deyərsə, onu hazırlayın, başlarkən mənə deyin. Mən özüm gəlib baxacam. Yox, əgəristəyi yoxdusa, o zaman özümüz bir şeylər fikirləşərik.

Vəli. Ağamdan bəs soruşmayım?!

Xala. A gədə, sənə axı yüz dəfə bu evdə deyilibdir ki, yemək işinə arvad baxar. Ağan sənin üzünə neçə dəfə deyibdir ki, mənlə yemək söhbəti eləməyin?! Deyib, ya deməyib?!

Vəli. Deyib, deyib. O zaman mən gedim xanımdan soruşum. Sən Allah, mənə herslənmə, xala. Qocalıram, deyəsən, huşum qalmayıb. Bilirsən ki, mən səni çox istirəm. İstirsən, sənin üçün oynayım?...

Musiqi. Vəli yerindəcə fırlanıb arxaya doğru mayallaq aşır, sıçrayıb ayağa durur, oynaya-oynaya otaqdan çıxır.

Xala (başını bulaya-bulaya gülümsünür). Allah, sən buna ağıl ver (ciddi). Allahım, sən bizi bədnəzərdən qoru. Sən böyüksən, ya Allah... Ya Allahın müqəddəs, əziz adı...

Əllərini qaldırıb dodaqaltı dualar edir.

Əsgər oturubdur evin kitabxanasında. Qabağında dəftər, qələm və içilməmiş bir stəkan çay. Fikirli-fikirli çölə baxır. Hərdən dəftərə nəsə yazır, pozur. Gülçöhrəgəlir.

Gülçöhrə xanım. Məni çağırmısan, mən gəldim (keçib oturur Əsgər ağa ilə üzbəüz, pəncərədən gələn işığın qabağında). Əsgər ağa, sənə nolub (əlindən tutur) kefin yoxdur, elə bil?! Nədi, yoxsa...Qafiyə yenə ceyran belinə çıxıb?! Zarafat bir yana. İndicə bildimki, bugün bütüngünü evdəolmusan, çölə çıxmamısan, gözümün işığı, sən Allah, sənə nolub?! Bax, deməzsən...

Əsgər. (səsinə gümrah bir ifadə verərək). Qafiyəlik bir dərdim yoxdu, canım. Narahat olma. Məşədi Cabbar gəlmişdi, rəhmətlik atamın dostu... Onunla söhbət etdik (üzünü qaçırır).

Gülçöhrə xanım. Yox, sən məndən nəsəgizlətdiyin var... Məni aldatmağa çalışma. Əgər bir şeyin yoxdusa, o zaman halın niyə pəjmürdədi?! Mən vurmadım, sən yıxılmadın... Nə dedi Məşədi Cabbar sənə? Yenə İran söhbəti?

Əsgər. Hə, o söhbət...

Gülçöhrə xanım. Sən nə dedin?

Əsgər. Mən? Heç nə demədim. Dedim ki...

Gülçöhrə xanım Əsgər ağanın üzünə diqqətlə baxmaqdadı. Yəni, “məni aldatmağa çalışma!” demək istəyir.

Əsgər. Dedim ki, səninlə məsləhət edəcəm. Yaxşı, yaxşı, sevgili yarım, anlaşıldı, sənin gözündən heç nə qaçan deyil. Məsələnin canını, kökünü öyrənmədən əl çəkən deyilsən. Bax, mənə diqqətlə qulaq ver. Bu çox ciddi məsələdi.

Gülçöhrə xanım (ciddi). Buyur, qulağım səndədi. Eşidirəm.

Əsgər. Gülçöhrə, canım mənim, onsuz da axşamı gözləyirdim, tək qalanda bunları sənə onsuz da deyəcəkdim. Bilirsən ki, hansı qəliz, mürəkkəb iş olursa, sənə danışanda, xeyir tapıram. Sən məni həmişə doğru yola yönəldirsən. Gülçöhrə, əzizim, həyatım, ölkədəki vəziyyət gün-gündən pisləşməkdədir. Yox, yox, narahat olma. Hələ uçurumun içində deyilik. Amma artıq astanasındayıq... (susur). Lap doğrusu budur ki, Məşədi Cabbarın bu gün söylədiyi kimi Rusetdə vəziyyət xeyli qarışıbdır. Adamlar bir-birini yeyir. Məşədinin dediyinə görə ruslar qayıdacaq və buraları yenə də işğal edəcəklər. Biz buralarda qalarsaq, gələcək həyatımız sual altına düşər. Bir sözlə, Məşədi bizi sidq-ürəklə İrana çağırır.

Gülçöhrə xanım (dodaqları qaçır). Bəli. Həmişəki kimi...

Əsgər. Hə, elədi. Amma bu dəfə, məncə, onun sözlərinə ciddi qulaq vermək gərəkir. Elə bil, daxilimdə bir səs mənə deyir ki, Məşədiyə qulaq ver.

Gülçöhrə xanım. Əsgər ağa, mən sənə bir söz deyimmi?

Əsgər. De, canım-gözüm. Dinləyirəm.

Gülçöhrə xanım. Əsgər ağa, qulaq as.

Əsgər. Qulağım səndədi.

Gülçöhrə xanım. Gözümün işığı, mənim də daxilimdə bir səs mənə deyir ki, gediriksə də... İrana deyil, birbaşa Fransaya gedək. Oralar indi sakitlikdi. Müharibə qurtarıb...

Əsgər. Bilirəm, Fransa sənin üçün ikinci vətən kimidir...

Gülçöhrə xanım. Bəli, əzizim, elədi. Dillərini bilirik...

Əsgər. (fransızca). Je teme.

Gülçöhrə xanım (onun fransızca xırda səhvini düzəldir). Je t'em! Əsgər ağa, je t'em... Mən də səni sevirəm. Dünyalar qədər sevirəm. Əsgər, Fransa gözəldi. Fransızlar dünyanın ən mədəni xalqıdır. Həkimi-həkim, müəllimi-müəllim. Başa düşdün də məni. Altı il nahaqdan səbrlə gözləmədik. Gözlədiyimiz var.

Əsgər. Əlbəttə, əlbəttə, başa düşdüm səni (əlini onun qarnına çəkir), bu işdə dərindən düşünməmiz çox vacibdi.

Gülçöhrə. Əsgər, canım mənim. Biz ətrafımızda gəzən qorxulu söhbətləri çox eşitdik. Onları çox gördük, onları yaşadıq... Adamlar əlinə silah alıb mübarizəyə qalxdılar. Difai dəstələri millətin yolunda şir kimi çarpışdı. Sən özün nə qədər yardım etdin bu milli dəstələrə, bunu heç kəs unuda bilməz.

Əsgər. Tək mən yardım etmədim ki... Başqa tüccarlarımız, bazar əhli... hər kəs əlindən gələn yardımını etdi. Amma bu işi genişləndirməmiz lazımdır.

Gülçöhrə. Əlbəttə, əlbəttə. O qorxulu günlər, inanmıram ki, bir də təkrar geri qayıdalar. Amma yola çıxmağın özü bir zülümdü. Bəlkə məsləhətindisə, hələlik heç hara getməyək. Bu cür rahatlığımızı niyə verək yellərə? Hər şeyimiz var – evimiz, eşiyimiz... Mə özümə iş də tapmışam, bilirsən?!

Əsgər. Ay səni, maşallah, o nə işdi elə?

Gülçöhrə. Asya ilə çoxdankı arzumuzdu. Yetim uşaqlar üçün kiçik bir məktəb açıb onlara dərs vermək. Hacı Nurinin xanımı da bizə qoşulur.

Əsgər. (qəhərlənir). Nə gözəl, nə qəşəng! Allah sizdın razı olsun. Uşaqların təqaüdü məndən. Bəs bunu niyə gizlədirdiz?

Gülçöhrə. Düzüb-qoşandan sonra deyəcəkdik. Bir növ məsələni hazırlayırdıq.

Əsgər. Vallah, çox sevindirdin sən məni. Sizin kimi mərd qızları olan vətənin heç vədə dizi yerə gəlməz.

Gülçöhrə. Canım-gözüm, biz fədakarlığı sizdən öyrəndik, atamızdan, səndən, Süleymandan...

Əsgər. Sağ ol, mənim əzizim, canım-gözüm, Ancaq indiki vaxt bir başqa vaxtdı, biləsən. Amansız dalğalar gəlir üstümüzə. Şər deməsən, xeyir gəlməz. İşimizi ehtiyatlı tutmalıyıq.

Gülçöhrə. Doğrudur, “Şər deməsən xeyir gəlməz”. Biz isə gəl nə şər deyək, nə xeyir. Allah nə deyir, onu deyək. Bəlkə sən Süleymanla bir məsləhət edəsən? O, xariciyyə işlərini yaxşı bilir – sən deyirdin.

Əsgər. Edəcəyəm. Hökmən edəcəyəm. Düşündüm, biriminci sənin fikrini alım. Səndən sonra onunla da görüşüb danışacam. Hökmən. Süleymansız olarmı?! Bir bilsən sən ki, Rusetdə nələr baş verir?! Məşədi Cabbar nələr danışdı...

Gülçöhrə. Uşaqlıqda nənəm mənə bir qorxulu nağıl danışardı. O nağılı indi də xatırlayanda qorxudan əsim-əsim əsirəm, qanım damarda donur. Nağılın adı bilirsən nə idi?

Əsgər. Yox, gözümün işığı, bilmirəm.

Gülçöhrə. Amma bax, gülmə. Nağılın adı belə idi: “Adı özündən uzun Gülü qah-qah xanımın nağılı”

Əsgər (gülümsəyərək). Necə, necə? Adı özündən uzun imiş xanımın? Özü bəs nə boyda idi?

Gülçöhrə. Bəli, əsl məsələ də bundadı. Bu ad indi sənə belə, öz təbii ölçüsündə görünə bilər. Xanımın özü adından kiçik imiş. Amma bax, nağılın adı “Adından kiçik Gülü qah-qah xanım” deyildi. “Adı özündən uzun Gülü qah-qah xanım” idi. Elə qorxardım, elə qorxardım... Amma yenə nənəmə qısılıb yalvarardım: nənə, ay nənə, mənim nağılımı danışarmısan, deyərdim. Divlər, pəhləvanlar, cadügünlər... İndi mən o uzaq illərin qorxusunu daha yaşamıram. Adı özündən uzun Gülü qah-qah xanım indi mən bilirəm ki... bir taxtabiti imiş...

Əsgər (gülür). Sən Allah, taxtabiti ha? Ay səni... Taxtabiti... Bu nədi ki. Mən bilirsənmi, nədən qorxardım?

Gülçöhrə. Nədən?

Əsgər. Keçib, deyəcəyəm. Bunu sənə, bax, ilk dəfədi deyirəm. Mən damdabacadan qorxardım. Mənim də nənəm məni damdabacalarla qorxudardı. İndi baxıram damlara, hərəsində bir, iki baca var. Tüstü buraxırlar. Damda baca olar da... başqa nə olar ki?.. Dam üstündəki bu bacalar bir-birilə ... elə bil, qafiyə kimidilər.

Gülçöhrə. Bax, görürsən, gözümün işığı, bunlar uzaqdan belə qorxuludurlar. Yaxından baxanda taxtabitidilər, damda bacadırlar. Damdabaca deyillər, sən bu sözləri ayrı-ayrı tələffüz elə: damda ... baca ... Bir-birindən ayrı. Damdabaca yox, damda baca... Həqiqətən, qafiyə kimidilər.

Əsgər. Onu demə. Qafiyəni demə. Yaralı yerimdi.

İkisi də susur. Əsgərin səsi ilə şeir eşidilir. Musiqi bu şeiri müşaiyət edir. Səs:

Mənə deyən gərək nə olub axı,

Nə çabalıyırsan, söylə, nə xəbər.

Sən çətin tapasan axtardığını,

Sən axtardığını itirmiyiblər.

Nələr arzuladıq, nələr qazandıq,

Hələ nələri də itirəcəyik.

Yollara sarılıb biz də uzandıq,

Hara gəlib çatdıq belə tələsik?

De mənə, varmıydın, ya bəlkə yoxdun?

De mənə, yuxudu bəlkə bu dünya?

Bu bulaq suyunda sənmiydin axdın?

O bulud apardı səni haraya?

Vaxt gəlir, hər şeyin yetişir sonu,

Bu nəydi qurtardı, yox oldu, getdi?

Bu da bir həyatdı, oynadıq onu,

Bu da bir oyundu, yaşadıq, bitdi.

Yollar getdi üzü dağa,

Yoxuşlar enişlərdən çox.

Kimsə yox xatırlamağa,

Unutmağa da kimsə yox.

Musiqi susur.

Əsgər. Yaxşı, indi biz nə edək, nə etməyək? Fikrim lap qarışdı.

Gülçöhrə. Bəlkə sən belə edəsən, əzizim?! Mən öz təklifimi geri çəkirəm. Qoy ürəyin lap rahat olsun. Məşədinin ardınca, özü ilə yox, ardınca... gedəsən İrana və əgər sabah bizim də buradan köçmək ehtiyacımız olarsa, yerləşəcəyimiz yeri-yurdu əvvəlcədən görüb danışasan. Lap elə bir mülk də istərsən indidən orada gözaltı elə, ya elə satın al...

Əsgər. Yaxşı fikirdi, ağlıma batdı. Elə də edərəm.

Səhər tezdən. Əsgər ağa evdən çıxan yerdə, Gülçöhrə xanım qapı ağzında onun papağını, kürkünü, çətirini əlində tutub.

Gülçöhrə. Yağış yağacaq. Bunu da götür (çətiri uzadır).

Əsgər. Ver, onu da ver (çətiri alır). Canım-gözüm, mən bu gün axşam Süleymanın yanına gedəcəyəm. Məsləhətə. Ləngiyəcəm. Bax, bir daha soruşuram. Sənə, əgərki iş başqa cür gətirsə, buralardan köçüb getməyin bir zorluğu yoxdu ki?

Gülçöhrə. Yoxdur, gözümün işığı. Sən harda isən, mən orda sənin ayaqlarının altında ölmək istərəm. Sənin kölgən hara düşsə, o yer mənim üçün cənnət olar.

Əsgər (qürrələnir). Sağ ol, sağ ol, əzizim. Sağ ol ki, varsan, sağ ol ki, yanımdasan. Hə... yaxşı yadıma düşdü, heç bilirsən, o gün Vəli mənə nə deyirdi?

Gülçöhrə. Yox, bilmirəm. Nə deyirdi?

Musiqi. Qapı ağzında Əsgər ağa danışır, Gülçöhrə xanım dinləyir və əksinə. Bunlar bir-birinin, sözünü kəsə-kəsə, sevə-sevə söhbət edirlər, gülüşürlər. Xala da gəlir və onlara qoşulur. Deyirlər, gülüşürlər. Bu adamlar bir-birindən heç cür ayrıla bilmirlər. Nəhayət, qadınlar bir-birini qucaqlayıb Əsgər ağanı ötürürlər.

Əsgər (qapıdan çıxarkən). Axşam Süleymana dəyəcəyəm. Gec gəlsəm, biləsiniz.

Əsgər ağa gedir. Qadınlar bir xeyli onun arxasınca baxırlar.

Əsgər və Süleyman Süleymanın kantorunda bir mizin ətrafında oturublar.

Süleyman. Bu gün yaman yağdı. İndiyənəcən çisəyir. Nə vaxtdı yuxarıdan baxıb səni gözləyirəm. Dedim birdən piyada gələrsən, çətir vermək istədim.

Asya çay gətirir.

Asya. Bir daha xoş gəldin, qardaş. Süleyman bəy deyəndə ki, sən gəlirsən, elə bildim, ikiniz gəlirsiz, mən də tələsik qaçıb gəldim bura. Təkmişsən. Hayıf.

Əsgər. Asya, bax, mən sənə borclu, Gülçöhrəni nə zaman desən gətirəcəm. Bu dəfə məni məzur tut. Gələn səfər - hökmən. Hə, xanım özü də sənə çoxlu-çoxlu salam göndərdi. Sirrinizi də (Süleymana göz vurur) açdı, biləsən...

Asya. Ay onun sirrinə qurban olaram.

Süleyman. O nə sirmiş elə?

Əsgər. Heç... Ay Süleyman, mən heç sirr açana oxşayıram? Qoy Asya özü sənə danışsın. Amma nə sirdi, nə sirdi, bəradər... Vaxtı çatanda bilərsən.

Süleyman. Hə, o məktəb məsələsini deyirsən?

Əsgər (matı quruyur, əli ağzında). Mən daha nə deyim?! Mən daha heç nə demirəm. Məndən başqa hamı bilirmiş ki bunu?! Allah-Allah...

Asya (gülür). Sənə deməyin vaxtını xüsusi bir halda hazırlayırdıq. Əsas maliyyəmiz sən olacaqsan deyin, çox əvvəldən səni üzmək istəmədik.

Əsgər. Allah-Allah... Heç üzülərəmmi?!

Asya. Yaxşı. Siz söhbətinizi edin. Mənim bacıma çoxlu-çoxlu salam söylərsən. Bax, unutma, sən mənə borclu qaldın.

Asya otaqdan çıxır. Əsgər ağa, Süleyman bəy bir-birinə altdan-altdan baxa-baxa, elə bil, yarışırlarmış kimi hortuldada-hortuldada sürətlə çay içməyə başlayırlar. Bu, onların çoxdankı oyunudur. İçib qurtarandan sonra.

Əsgər. Ay səni, boğazım yandı. Süleyman, bu yarışı hələ bir saxla, səninlə söhbətim var.

Süleyman. Buyur, bəradər, nə deyirəm ki?!

Əsgər (ciddi). Süleyman, qardaşım, sən bilirsən ki, mən səninlə dostluğumuzu necə yüksək qiymətləndirirəm. Biz səninlə uşaqlıqdan bir yerdəyik. Amma...

Süleyman. Amması da var hələ bunun?

Əsgər. Var. Ürəyimə damıb ki, bizim bir-birimizdən ayrılma saatımız yaxınlaşır. Ürəyim bir sıxılır, bir sıxılır...

Süleyman. Heç bir şey anlamıram. Niyə? Nə üçün? Səbəb?

Əsgər. Bizdən asılı olmayan səbəbə görə.

Süleyman. Nooldu, sən Allahın, uzatma görüm (zənlə Əsgər ağaya baxır). Dur, hələ bir dur, görüm. Heç nə demə. Mən tapdım, nə olubdu. İstərsən, deyim?! Məşədi Cabbar səni yenə yanına çağırır, eləmi?!

Əsgər (təəccüblə). Hardan bildin?

Süleyman (gülə-gülə). Dayan hələ. Gəlibdir və yenə səni İrana çağırır. Tapdım?

Əsgər. Ta mənim sənə deyəsi sözüm yoxdu. Bu daha lap ağ oldu. Məşədini görmüsən? Boynuna al...

Süleyman (gülməyini güclə saxlayır). Düz tapdım, eləmi, bəradər?

Əsgər. Düz tapdın. Sən, yəni... necə bildin bunu?!

Süleyman. Məşədini görməmişəm. Yox, vallah, görməmişəm. And olsun inandıqlarımıza, yox.

Əsgər (sidq-ürəklə təəccüb edir). Süleyman, əzizi – mən, bə sən bütün bunları hardan bilirsən? Sən məgər cadugünsən?

Süleyman. Ay mənim sadədil qardaşım. Bax, de görüm, sən özün Vəlini dünən bizə göndərmədinmi?

Səhnənin bir tərəfi işıqlanır. Əsgər ağanın evi. Əsgər ağa və Vəli.

Əsgər. Vəli, durub gedərsən Süleyman bəyin kontoruna elə indi. Həmişəki tək çaşdırma. Evinə yox, kontoruna.

Vəli. Baş üstə, ağam. Çaşdırmanam. Kontora.

Əsgər. Deyərsən, mən sabah axşam onun yanına - kontora gələcəyəm. Ancaq evə yox, qarışdırma, Süleyman bəyin kontoruna. Yadında qalar? Axşam vaxtı gələcəyəm.

Vəli. Axşam vaxtı. Yadımda qalar, qalar. Niyə qalmasın ki?! Başqa bir söz deməyim ki?

Əsgər. Yox, başqa bir söz demənə lüzum yoxdur. Get!

Səhnənin bu biri tərəfi işıqlanır. Süleyman bəy və Vəli kontorda.

Süleyman. Vəli, xeyirdimi?

Vəli. Xeyirdi, bəy. Ağam sabah axşam bura gələcək. Evə yox, bura. Axşamçağı. Çaşdırmarsan ki?!

Süleyman. Yox, xətircəm ol, çaşdırmaram. Tək gələcək, ya ki...

Vəli. Bax, bunu bilmədim.

Süleyman. Evdə hər şey nizamındadı, Vəli?

Vəli (düşüncəli halda). Hə, elədi... (Qəflətən birnəfəsə) O gün səndən gedəndən sonra Məşədi Cabbarla xeyli söhbət elədilər.

Süleyman. Nə deyirdi? (Hiyləgərliklə). Mən nə dediyini bilirəm. De görüm, sən də bilirmisən?!

Vəli. İrana çağırırdı ağamı. Düzmü dedim?! Allah, Allah, bə sən hardan bunu bilirdin, Süleyman ağa? Hə... yenə çağırırdı (başını yerə dikir).

Səhnənin bir küncündəki işıq sönür. Səhnədə yenə Əsgər ağa və Süleyman üzbəüz oturub yavaş-yavaş çay içirlər.

Süleyman (gülməyini güclə saxlayaraq). Bax, görürsən! Sən axı özün Vəlini bura göndərmişdin. O da mənə bir saniyənin içində Məşədinin təklifini xəbər verdi. Məşədinin də ki təklifi məliumi-cahandır.

Əsgər. Yəni, sən bunu təxmin edirdin?

Süleyman. Edrdim. Bəli. Səni İrana aparmaq və özünə şərik eləmək istir.

Əsgər. Ay səni, Süleyman. Sən necə od-alov imişsən. Gözündən heç nə qaçmır...

Yenə başları qarışır çay içməyə. Bir-birilə danışırlar, musiqi başlayır və bu dostların səsləri eşidilmir. Bir müddət sonra musiqi susur.

Əsgər. Bax, Süleyman, hal - belə, qəziyyə - bu. Qalmışam iki odun arasında. Bilmirəm, nə edim?! Gedim, yoxsa getməyim?!

Süleyman. Bəradər, məsələ, həqiqətən, Məşədi izhar edən kimidi. Rusiyada inqilab bitmədi ki. Bu gün də davam edir. Bolşeviklər hər şeyi alıblar əllərinə. Orada bolşeviklərlə yanaşı ağlar da var. Onların arasındakı dava hakimiyyət davasıdır, indiyənə qədər sürüb gedir. Bu tərəfdən Avropa, xüsusilə, almanlar, fransızlar istirlər Rusiya parçalansın. Bu biri tərəfdən də inqilab yavaş-yavaş keçdi vətəndaş müharibəsinə, ağlarla qırmızılar bir-birini qırdıqca qırır. İndi, budur, ağların generalı Denikin gəlib oturub Vladiqafqazda, ordan bizi təhdid edir. Bolşeviklərin də xariciyyə naziri Çiçerin bu biri tərəfdən bizə nota verir: qoşulun deyir biz qırmızılara və Denikinə qarşı çıxın.

Əsgər. Məşədi də bunu deyirdi. Sən hələ bu işlərə bir bax. Yazıq dövlət! Bədbəxt millət!.. Desənə iki od arasında qalmışıq. Bəs biz nə edəcəyik?

Süleyman. Məsələ də elə orasındadı. Bunların ki, başı qırğına qarışdı, bir-birini qıra-qıra gedəcəklər. Bunlar üçün, bəradər, fərq eləməz ki, qırdığı kimdir – özününküdür, ya ki, bir başqasıdır. Təki qırğın olsun.

Əsgər. Elə odu da pis olan.

Süleyman. Amma onu da bilmək olmaz ki, bu, pis olandı, ya bizim kimi xırda millətlərə yaxşı olandı. Qırmızıların quzğun kimi başbilənləri var. Adı Lenindir. Hər an qırğını biz tərəfə yönəldə bilər. Əsas qayələri isəhəm ağların, həm qırmızıların birdir – padşahın torpaqlarını qaytarmaq. Budur məsələ!

Əsgər. Məşədi də elə hey bunu deyib durur. Deyir, bunlar qayıdacaqlar.

Süleyman. Bunu Məşədi doğru deyir. Düşünmək lazımdır, bəradər. Ağılla hərəkət etmək lazımdır. Fikriniz nədir?

Səslənən musiqi təkcə onların söhbətini kəsmir. Musiqi həm də şəkillər arasında bir səsli sərhəddə dönür.

Yenə Əsgər və Süleyman üzbəüz. Əvvəlki şəklin sonu təkrar edilir.

Əsgər. Məşədi deyir ki, bunlar qayıdacaqlar. Gülçöhrə deyir, gedək Fransaya. Mən düşünürəm, İran yaxındı. Gülçöhrənin də bu halında yaxında olmamız yaxşıdı. Həm də bəlkə Allah kərimdi, bunlar gəlib eləməzlər...

Süleyman. Məşədi doğru deyir. Sən də doğru fikirləşirsən. Düşünmək lazımdır, bəradər. Qəti fikrə gəlmək lazımdı.

Əsgər. Vallah, qəti bir fikrim yoxdu hələ ki. Dedim, əvvəlcə sənlə məsləhət edim. Süleyman, bəlkə mən durum gedim Məşədi ilə İrana, bir növ, kəşfiyyata?! Baxım, görüm oralarda vəziyət necədi, “v”- sı yerindədi vəziyyətin, ya “v”- sı düşüb yerində “əziyyət” qalıb?

Süleyman. Bax, bu, çox doğru qərardı. Get bir bax, gör, nədi, necədi? Dəyərləndir. Köçmək həmişə var. Yerini, yurdunu düz, qoş. Hələ bolşeviklər bura gəlsələr, nə zaman gələrlər, onu Allah bilir. Hər halda İran qulağımızın dibindədi. Lazım olar ordan keçərsən Fransaya, ya da qayıdıb geri gələrsən.

Əsgər. Eləmi edim?

Süleyman. Bəli, amma səndən bir ricam var. Məşədi ilə bahəm getmə. Ondan sonra get.

Əsgər. Elə Gülçöhrə də elə deyir.

Süleyman. Gülçöhrə düz deyir. Yolda o sənin beynini çürüdər. Sən gərək öz qərarını özün, heç kimin təsiri olmadan verəsən. Razısan mənimlə?

Əsgər. Razıyam. Yüz faiz razıyam. Elə də edərəm.

Asya başını qapıdan içəri salır.

Asya. Çay gətirim? Bəlkə bu səfər – qəhvə?

Əsgər. Yox, yox, Asya, mən qalxıram. Sağ ol.

Asya. Yaxşı. (Asya yox olur)

Əsgər. Süleyman, səni də yoruram. Bəs siz Parlaman olaraq nə edəcəksiniz qırmızılar gəlsə? Sən ki, Parlamanda advokatsan. Bilməmiş deyilsən. Onların qabağına, yəni, çıxa bilməyəcəksiniz?

Süleyman. O gün Üzeyir bəylə də bu barədə danışırdıq. O da mənimlə razılaşdı. Yaxşı bir söz dedi. Dedi ki, coşqun və dəli bir dağ selinin qarşısında çayın ortasında kiçik bir daşın üstündə qalmış quzu neyləyə bilər? (Ciddi və pərişan halda). Biz də onu edəcəyik.

Əsgər. Anladım. Yəni, Üzeyir bəy də belə deyirsə, deməli, heç ümid yoxdur?

Süleyman (ciddi). Bunu sənə deyirəm. Başqa bir adama demənəm. Bəradər, ağlarla qırmızıların arasındayıq. Hansı biri qayıtsa, heç ümid yoxdur.

Əsgərin evinin həyəti. Hiss edilir ki, küçədə fayton və arabalara əşyalar daşınır. Vəli və Telli canfəşanlıq edirlər. Bayırdan səslər, at kişnərtisi gəlir. Vəli kiməsə qışqırır: “A bala, bəradər, o torbanı ora qoyma. İçində sınan şey var.” Kimsə ona cavab verir: “ Sən lap iranlıya döndün ki.. qardaş.” Süleyman və Əsgər gəzişə-gəzişə həyətdə söhbət edirlər. Xala, Gülçöhrə və Asya həyətdə hovuz ətrafında bir skamyada əyləşiblər.

Süleyman. Belə... Bax, bu mühafizəçiləri yaxşı elədik tutduq. Bərayi-ehtiyat. Etibarlı adamlardı. Özüm bunların pasportlarına bir-bir baxıb seçmişəm. Hacı Nuri bunları göndərdi. Onun adamlarıdı. Qoçaqdılar. Təcrübəlidilər. Sizi qoyub qayıdan kimi bizə xəbər verəcəklər. Nə deyirsən?!

Əsgər (kədərli). Hacı Nuri də sağ olsun. Sən də sağ ol. Nə deyirəm ki, mən?! Sən dedin, bitdi (doluxsunur).

Süleyman. Noldu sənə? Üzün gülsün, bəradər. Xanımlara nümunə olmalısan. Özünü ələ al (xanımlara eşitdirə-eşitdirə). Deyirsən, Əsgər ağa, getdiyin yerlər çox gözəldi?!

Əsgər. Çox gözəldi, Süleyman. İsfəhan, doğrudan da, nəqşi-cahandır, özün gəlib görəcəksən.

Süleyman (şuxluqla). İsfəhan nəqşi-cahan ola bilər, gərçi Təbriz olmasa. Bunu unutma.

Əsgər. Sən bircə sözünü tut, gəl, Təbrizə də gedib gəzəcəyik, Ərdəbilə də, hələ Arazın o tayından bu tayına baxanda ürəklərimiz də güp-güp vuracaq. Ah vətən, ah gözəlim vətən... (kövrəlir).

Gülçöhrə (bir gözü Əsgər ağada oturduğu yerdən onların söhbətinə qarışır). Hökmən gəlin. Hökmən. Hər gün gözləyəcəyik. Asya, bax, eşidirsən?

Asya. Eşidirəm. Əlbəttə, əlbəttə, gələcəyik.

Süleyman. Yaxşı, yaxşı, dünyanın o biri başına getmirsiz. Budu, əl uzatsan çatan yerə gedirsiz, bu nədi, Əsgər?! Qurtar, qurtar görüm. (Gözləri yaşarmış Əsgər ağanı qucaqlayır və xanımlara yaxınlaşır) Xalacan, mən ən çox kimin üçün darıxacağam, sən bunu bilirsən.

Xala (şuxluqla). Niyə bilmirəm? Bilirəm. Mənim üçün. A bala, Süleyman, barı arvadının yanında belə danışma, utan, özünü də məni də biyabır eləmə.

Süleyman. Mənim Asyadan heç bir sirrim yoxdur.

Asya. Bilirəm, bilirəm, mən onunla sizin sərgüzəşti – eşq macəranızı yaxşı bilirəm. Çox dirəndi, dirəndi, axırda boynuna aldı.

Xala. Allah... Allah...

Gülçöhrə (gülür). Yaxşı Asya, bəsdi. Qız, ayıbdı. Xala!..

Asya (zarafatla). Yaxşı, Süleyman bəy, səninlə evdə danışacağam.

Əsgər. Asya, Süleyman o zaman başlıq məsələsində cığallıq elədi. Xalama layiq başlıq vermək istəmədi. Yoxsa...

Xala. Elədi. Xəsislik elədi.

Süleyman. O başlığı versəydim, mən lüm-lüt qalardım.

Xala. Yox bəs, bunun (Gülçöhrənin çiynindən vurur) rəhmətlik atası deyən kimi üç manat pul, on kilo kəllə qənd, bir molla ilə yola verəydik bu işi? Olarmı?! Olmaz!..

Vəli (bunlara yaxınlaşır). Ağa Əsgər, biz işimizi qurtardıq. Evin qapısını bağlaya bilərsən.

Əsgər. Süleyman, bizə icazə. Xanım, vaxtdı. Gedək, otaqların qapılarını bağlayıb gələk.

Əsgər ağa və Gülçöhrə xanım əl-ələ tutub gedib girirlər mülkün içinə. Həzin vida musiqisi səslənir.Nəhayət, onlar bütün qapıları bağlayıb evdən çıxırlar və əsas qapının da ağzına qıfıl vururlar.

Gülçöhrə. Bir də, Allah bilir, buraları gəlib görəcəyik, ya yox?!

Əsgər. Niyə gəlmirik, gözümün işığı?! Gələcəyik də, görəcəyik də... Sən bircə fikir eləmə. Sən fikir eləsən, bəs mən necə ollam?!

Gülçöhrə. Eləmərəm, gözümün işığı, eləmərəm. Əlbəttə, gələcəyik.

Əsgər (Süleymana). Qardaşım, bu açarların hərəsindən iki nüsxədi. Bir nüsxəsi sənə əmanət.

Süleyman (açarları alır). Necə verirsən, elə də təhvil alacaqsan. Arxayın get. Yolun açıq olsun. (Xalaya) Xala, vaxt gəldi, gəl səni heç olmasa izn ver indi bircə dəfə üzündən öpüm (qollarını açır).

Xala bir xeyli Süleymana zənlə baxır, sonra özünü onun qucağına atır, gözü yaşlı qucaqlayıb doyunca öpür. Süleyman qəhərlənir. Həyətə bir dəstə qonşu girir.

Əsgər. Mənə bir dəqiqə müsaidə (gedir qonşuların qabağına). Ağalar, Allaha əmanət olun. Xudahafiz...

Qonşular. Sağ-salamat, Əsgər ağa, sər-səlamət... Yolun açıq olsun. Tez-tez gəl...

Əsgər, Gülçöhrə, Süleyman, Asya, Vəli, Telli çıxırlar.

Kimsə qonşulardan bir xanım onların arxasınca bir qab su atır.

Əsgər, xala, Gülçöhrə, Vəli və Telli İrandakı evlərində oturublar stolun ətrafında. Məşədi bir tərəfdə yerdən bardaş qurub əyləşib.

Əsgər. Baxın. Azərbaycan hökuməti süqut etdi. Bolşeviklər bu gün-sabah Bakıyagirəcək. Amma... (Gülçöhrə və Telliyə) Mən qərara aldım.Siz ikiniz gedirsiz İstanbula, ordan da Marselə. İstanbulda Süleyman özü sizi qarşılayıb Marselə yola salacaq. Bir ev kirələyib orada bir müddət yaşarsınız. Mən sizin yanınıza gələndən sonra ev də alarıq. Süleymanın məktubunda yazdığı adam da sizi Marseldə qarşılayacaq. Hər müşkilinizi həll edəcək. Onlar artıq gözlirlər. Bu qədər sadə.

Məşədi üz-gözünü büzüşdürməkdədir.

Gülçöhrə. Mən sənsiz heç hara getmənəm. İstəmirəm...

Əsgər. Canım-gözüm. Mənim Bakıya qayıtmağım, evi, dükanları satmağım heç on gün də çəkməz. Özü də alver etməyəcəm. Dəyər-dəyməzinə satıb ardınızca gələcəyəm. Sən niyə belə dilfikar olursan?!

Xala. Gülçöhrə düz deyir.Əsgər, gəlin Fransaya bir yerdə gedin. Sən mənə vəkalətnamə ver, mən gedim nəyi deyirsən, satım qayıdım (Məşədiyə baxır. Məşədi başını bulayır).

Əsgər. Xala, niyə belə tərslik edirsiz? Burda nə var ki? Qiyafətimi dəyişərəm, saqqal tutaram, bir adam məni tanımaz (acı-acı). Mən deyildim təğyiri-libas olub həyət-həyət gəzərək arşın mal satan? (Saxta şuxluqla). Kim o vaxt məni tanıdı?! Gülçöhrə xanım, sən belə tanımadın.

Gülçöhrə. Bax, deyirəm, sənsiz mən heç hara getmirəm. Sənsiz – olmaz. Özü də bu halətdə... Mənimlə olmalısan. Niyə məni başa düşmürsən?

Əsgər. Gülçöhrə, əzizi - mən, xalamı, bu yaşlı arvadı necə göndərim o ağzından qan iyi gələnlərin arasına? İzn ver, özüm gedim. Rahat gedib rahat da qayıdacam. Göz açıb yumunca biz də Vəli ilə bahəm Fransada yanınızdyıq. Gülçöhrə, quzum, gəl bu daşı ətəyindən tök...

Ortalığa sükut çökür. Gülçöhrə birdənhönkürtü vuraraq Əsgər ağanın boynuna sarılır. Bu o deməkdir ki, o, Əsgər ağanın təklifini qəbul edir. Musiqi guruldayır. Yenə qaranlıq səhnəni bürüyür. Musiqi susur. Qaranlıqda səslər.

Əsgərin səsi. Bax, canım, gözüm, gəl biz bir-birimizə “əlvida” deməyək. Həmişə beynində, qəlbində mən olacağam. Sən məni oradan həmişə tapa biləcəksən. Bunu bil.

Gülçöhrənin səsi (qəhər onu boğa-boğa). Sən məni atmazsan, Əsgər ağa. Sən məni atma. Heç zaman atma. Bil ki, ölləm, çərrərəm. Tez gəl. Neynirsən elə, tez gəl. Mən sənsiz bil bunu, Əsgər ağa, yaşaya bilmənəm. Sənin məndə əmanətin var. Bunu unutma. Mən də sənə əlvida demirəm. Salamat qal.

Əsgər ağanın dili ilə şeir səslənir:

Qorumadıq özümüzü, sözümüzü,

İnanmıram saxlayacaq izimizi.

Nə biz yolu tanıyırıq, nə yol bizi!

Haralara gətirəcək bizi bu yol?!

Hər tərəfi uçurumdu, sıldırımdı,

Bilmək olmur sonu yoxdu, bir addımdı?!

Elə bil ki, göydən düşdü, ildırımdı,

Haralara gətirəcək bizi bu yol?!

Qan var bunun dönüşündə, gedişində,

İtib-batıb bu dünyanın gərdişində.

Bu yol özü əzab dolu, dərd içində…

Haralara gətirəöcək bizi bu yol?!

İldırım tək o güründü gözümüzə,

Əlvida da deməyəcək bir gün bizə.

Yox olacaq, arxasınca gəzə-gəzə

Haralara gətirəcək bizi bu yol?!

Bakıda köhnə mülkdə kitabxana otağı. Yarıqaranlıq və soyuq. Əsgər ağa ilə Vəli soyuqdan büzüşüb üzbəüz oturublar. Ara-sıra bayırdan tüfəng səsləri gəlir.

Vəli. Ağa, ay ağa, eşidirsən? Yenə başladılar.

Əsgər. Vəli, işlər, deyəsən, heç yaxşı deyil. Şəhər artıq əldən getdi. Biz burdan necə çıxıb, necə gedəcəyik?

Vəli. Ağa, bir az burda gözləyək, deyirəm. Ətraf bir sakitləşsin. Hacı Nurini bəlkə tapaq, bəlkə nəsə o bilər. Bir-iki gün dözək.

Əsgər. Bəs xanım da qalsın orda rahatsız, o vəziyətdə? Qoy aralıq bir balaca sakitləşsin. Sabah bir yol tapılar, inşallah...

Vəli. Allah kərimdi. Bir əlac tapılar. Allah böyükdür.

Əsgər. İnşallah. Hələ görəsən bizimkilər çatdı Marselə?! Gərək artıq orda olaydılar. Bircə Süleymanla əlaqə qura bilsəydim... Hacı Nuri də ki heç harda yoxdu...

Vəli. Çatarlar, çatarlar, onların işi burdakı kimi olmaz.

Əsgər. Neçə gündü xalamdan da xəbər yetişmədi. Yəqin ki, onlar da qalıblar bizdən nigaran.

Vəli (sobaya odun parçası ata-ata).Hə, orası elədi, ağa, orası elədi. Özümüzkülərlə də heç düz-əməlli görüşüb ayrıla bilmədik. Elə peşimanam...

Əsgər. Onu düz deyirsən. Düz-əməlli ayrılmadıq. Nəsə ürəyimə damıb ki, Vəli, bu ayrılıq bir başqa ayrılıqdır, uzun çəkəcək. (öz-özünə) Mən onu necə oldu, o cürənə buraxdım?! Gərək bir-birimizə heç olmasa bir “əlvida” deyəydik. Halallaşaydıq. O zaman bu qədərinə üzüntülü olmazdı... Amma yenə də olsun. Tək qalmayacaq. Əmanətim ona dayaq, o əmanətimə dayaq. (Vəliyə) Fikir eləmə, düzələr...

Vəli. Kaş ki... Kaş ki... oh, oh...

Əsgər. Yaxşı Vəli. Bəsdi. Niyabəd olub ürəyimizi üzmə. Pis fikirləri qov uzağa. Çay qalıbsa, mənə süz. Hər şey yaxşı olacaq. Bax, görəcəksən. Ümidimizi itirməyək.

Bayır qapı qəflətən şiddətlə döyülməyə başlayır. Əsgər və arxasınca Vəli düşürlər aşağı qapını açmağa. Qapı ağzında bir bölük əsgər. Qabağda zabit durub.

Əsgər (qapını açaraq). Buyurun.

Zabit. Əsgər İsmixanov sizsiniz?

Əsgər. Bəli, mənəm. Xeyirdi?

Zabit (Əsgəri zənlə süzür, sonra əli ilə onu kənara itələyib içəri girir). Xeyirdi, xeyirdi (ora-bura boylanır). Xeyir olmamış, nə olacaq ki?! İllərdi yetimin, məzlumun pulunu, varını-yoxunu yeyə-yeyə (gözü ilə ətrafı seyr edir) bu cür cah-calal qurmusan. Xeyir olmamış nə olacaqdı ki... Sən bir buna bax. Utanmaz-utanmaz xeyirdi – soruşur... Bizimlə gedəcəksən, ağa Əsgər!

Əsgər. Siz deyən günahların mən axı sahibi deyiləm. Burda bir səhv ola bilər ki, var.

Zabit. Səhv deyirsən... Bəlkə də. Ola bilər. Orada, Fövqəladə İdarədə baxarıq. (lağla) Səhv olar, yenə qayıdıb bu cah-calalın içində yaşamağına davam edərsən. Ailən hardadı, arşın malçı? (gülür, əsgərlərə). Elə bilir, biz bilmirik bu, vaxtilə nə hoqqalardan çıxıb...

Əsgər. Ailəm yoxdur, təkəm.

Zabit. Təksən? Nolar, hələlik səni aparaq, sonra onlara da növbə çatar.

Əsgər (dodaqaltı). Allah, sənə min şükür, Allah, sənə min şükür... Nə yaxşı ki, xanım burda deyil. Xalam burda deyil. Allah, şükür sənə, Xudaya...

Əsgər dodaqaltı danışa-danışa düşür əsgərlərin önünə və onlar gedirlər. Vəli də onların arxasınca gizlənə-gizlənə gedir. Kadr arxasında Əsgərin səsi ilə şeir səslənir:

Yadında qalıbmı harda, nə vaxtdı

Yolun əvvəlinə qoydular səni.

Sən bir hədəf idin, yol ox idi,

Tarıma çəkilmiş ox idi o yol...

Elə bil ki, sənin çəkin yox idi,

Sən çağrılırdın, sən səslənirdin.

O yoldan o yana yollar çox idi,

Sən gör haraya həvəslənirdin.

Dünyanın bu boyda yolları qaldı,

Səs səni apardı iynə ucuna.

Yolların genişi, hamarı qaldı,

İynə ucundan keçmək istədin...

Yollar ilan kimi kəsdilər yolu,

Quş deyildin – uçmaq istədin

Dünyada bəlkə də möcüzə olur,

Bu elə o idi – səni səslədi.

Qatdı qabağına yollar səni,

Yarı ölü kimi, yarı sağ kimi.

Divar önünə qoydular səni,

Sən – hədəf kimi, yollar – ox kimi.

Əsgər həbsdə. Ətrafında dustaqlar.

Əsgərlər qapı arxasında.

Əsgər. Divanbəyov, burdasan?

1-ci Dustaq. Burdayam. Mənəm.

Əsgər. Gəl, çıx, gedirik.

1-ci dustaq kameradan çıxır. Əsgərlər onu aparır.

2-ci Dustaq. Sənin məhkəmən nə zamandı, Əsgər ağa?

Əsgər (həyəcanlı). Bu gündü, dedilər.

Dustaq. Hə... Növbə çatdı, deməli. Allah işini avand eləsin. Sağ-salamat qurtarsın məhkəmən. Başqa bir şər, böhtan atmadılar ki?

Əsgər. Silisçi deyir ki, ancaq müftəxorluq, hə, bir də guya mən istismarçı imişəm. Zəhmətkeşlərin guya qanını içirmişəm. Kim idi bu zəhmətkeşlər bilmədim ki...

2-ci Dustaq. Hm, onda səni Sibirdən başqa bir şey gözləmir. Allah eləsin, bununla qurtarasan canını.

Əsgər. Hə, o da elə dedi. Görək... Allah kərimdi.

Qapı ağır-ağır, səs-küylə açılır. İçəri çiyni tüfəngli bir əskər girir.

Əskər. Əsgər İsmixanov, gəl. Məhkəməyə gedəcəksən.

Əsgər. Gəldim, gəldim.

Əsgər və əsgər çıxırlar.

Səhnənin bir tərəfində Marsel. Dəniz kənarı. Uzaqda çoxlu gəmi. Səs-küy. Sahildə Avropa üsulu ağ paltarda bir qadın heykəl kimi tərpənməz durub dənizə baxır. Qucağında bir körpə. Yanında Telli. Kamera bu qadına yaxınlaşdıqca tanımaq olur ki, bu, Gülçöhrədir. O, dodaqaltı, yavaş səslə, öz-özü ilə danışır.

Gülçöhrə. Sən məni niyə atdın, Əsgər ağa?! Niyə bə gəlib çıxmırsan, canım-gözüm?! Mən sənə dedim axı, tez gəl. Nə uzun çəkdi bu ayrılıq?! Sən məni unutdunmu? Mənim dediyim sözü unutdunmu? Niyə, Əsgər, ağa, niyə, niyə, niyə, sevdiyim?!

İşıq sönür. Bu dəfə işıq səhnənin bu biri tərəfində yanır. Məhkəmə otağı. Üç nəfər ittihamçı. Qarşılarında - Əsgər.

Məhkəmə sədri. Tüfeyli həyat sürdüyünə görə, zəhmətkeşlərin qanını içdiyinə görə malına, mülkünə “arest” qoyulsun. Yaz (məhkəmə üzvünə əmr edir).

1-ci Məhkəmə üzvü. Özü də hökmən Sibirə sürgün edilsin. Sovet hökumətinin əleyhdarı kimi.

2-ci Məhkəmə üzvü. Bəlkə...

Məhkəmə sədri (Əsgəri diqqətlə süzərək). Yox. Kifayətdi. Sibirə sürgün, məncə... kifayətdi. Orda bunu islah edərlər. Yaz.

Əsgər. Möhtərəm hakimlər... Mən ki bir günahın sahibi... Allaha and olsun ki,deyiləm... Nəyə görə, niyə? Malda, mülkdə gözümyoxdu. Hamısı – sizin. Mənim özümü,... yalvarıram sizə... buraxın gedim. Bir də heç zaman... zəhmətkeşlərin qanını içmənəm. Tüfeyli olmanam. Noolar, buraxın məni, Allah naminə buraxın, azad edin məni...

Məhkəmə sədri (rişxəndlə). Qoy elə o Allahın da səniazad etsin. Qərar qətidir. Aparın!

İşıq sönür və yenə də səhnənin əks tərəfində yanır. Yenə Marseldə, dəniz kənarında ağ paltar geyinmiş Gülçöhrə, yanında balaca oğlan uşağı dəniz sahilində durub uzaqlara baxır. Hərdən oğlunun başını tumarlayır. Uşaq başını qaşırıb bir kənara qaçmaq istəyir. Arxalarında durmuş Telli uşağı tutub saxlayır.

Gülçöhrə (öz-özü ilə danışır). Mən səni gərək dinləməyəydim, Əsgər ağa. Gərək səni buraxmayaydım o cəhənnəmə qayıdasan. Sən mənə verdiyin sözə əməl etmədin. Gəlib çıxmadın. Niyə məni o halımda tək-təkcənə buraxdın yad ellərdə? Niyə? Nə üçün? Səbəb? Sən məni atdınmı, Əsgər ağa, məni unutdunmu?.. Sən hardasan, Əsgər ağa?!

Telli. Əsgər, qaçma, yıxılarsan. A bala, Əsgər ağa, sakit ol, sən Allahın, sakit ol...

Musiqi səslənir. Səhnə dəyişir. Yenə həmən məkan. Otuz il sonra. Yenə gözləri yol çəkən Gülçöhrə, amma onun saçları artıq ağarmış, özü də qocalmışdır. Yanında otuz üç yaşlı cavan oğlan. Elə bil, Əsgər ağanın özüdür. Gülçöhrə xanım yenə gözlərilə nəyisə, kimisə axtarır, dodaqaltı nəsə deyir, amma onun dedikləri eşidilmir.

Əsgərin uzaqlardan gələn səsieşidilir:

Məni başqasından gizlətmək çətin

Sənin hər yerindən görünərəm mən

Üzündən, gözündən görünmək asan,

səsindən, sözündən görünmək asan

Sənin kölgəndən də görünərəm mən.

Qəmli gülüşündən görünərəm mən.

Gecələr yastığa səssizcə axan

Gözünün yaşından görünərəm mən.

Sonsuz ümid ilə yollara baxan

Naçar baxışından görünərəm mən.

Sənin görünməyən, eşidilməyən

Hiss edilməyən hər nəyin varsa,

Özünün xəbəri olmayan nəsə

Huşunda, yadında qalmayan nəsə

Hər nəyin varsa yox, hər nəyin yoxsa

O yox olandan görünərəm mən.

Bir qərib məclisdə hamıdan gizli

Çəkdiyin ahından görünərəm mən.

Amma əsl əzab deyil ki bunlar –

Olsa-olsa zəif görüntüsüdür.

Hər şeydən bezəndə ölməyə nə var –

Bilirsən ki, ocaq onsuz da sönüb

Bu onun sonuncu dərin nəfəsi,

son tüstüsüdür.

Sibir, dustaq düşərgəsi. Soyuq, boran. Barak. Barakda qocalmış, heysiz Əsgər və bir cavan dustaq.

Cavan dustaq. Axşam klubda yenifilm göstərəcəklər. Deyirlər, yaxşı kinodu.

Əsgər. Baxarıq, görərik. Yeməyə nə verəcəklər, görəsən?! Bu gün axı, bayramdır. İnqilabın günüdür. Mübarək olsun.

Cavan dustaq. Hə... olsun. Yəqin, yemək də yaxşı olar.

Əsgər. Bircə klub soyuq olmasın, qalan hər şey düzələr.

Cavan dustaq. Ax, Əsgər, Əsgər. Nə düzələr? Heç nə düzəlməz.

Əsgər. Yox düzələr, görərsən, düzələcək. Düzəlməsə olmaz.

Cavan dustaq. Sən bəyəm xatırlamırsan əvvəllər necə idi? Özün də deyirsən – düzələr.

Əsgər (qorxu içində). Bircə xatırlamağı demə mənə. Bircə ondan uzaq olaq. Xatırlamayaq (qorxa-qorxa). Axı sənə demişəm. Xatırlasaq yaşaya bilmərik. Mən yaşaya bilmənəm.

Cavan dustaq. Mən isə xatırlamasam yaşaya bilmərəm.

Əsgər. Yox, olmaz. Mənə xatırlamaq heç olmaz! Ax, o günlər, o günlər... Xatırlasam, davam gətirə bilmənəm. Ölləm. Mən isə ölmək istəmirəm. Mən yaşamaq istəyirəm. Yenidən... ona... onlara... bilirsən, (sirr açırmış kimi pıçıltıyla) qovuşmaq istəyirəm. Mən onlara “əlvida” demədim. Bu məni üzür. Əlvidasız ayrılmaq zülümdü.

Cavan dustaq. Mən isə bilirdim hara gəlirdim, niyə gəlirdim. Mən vidalaşdım. Mən öz əlvidamı demişəm.

Əsgər. Mən isə yox. Demədim. Ona görə o bu gün də məni gözləyir. Hələ bəlkə canım-gözüm elə bilir ki, mən onu unutmuşam. Onları unutmuşam. Mən ha? Onu ha? Onları ha? Amma xatırlamaq olmaz! Unutmamaq - bu olar. Xatırlamaq isə yox, olmaz!

İşıq sönür. Səhnə qaranlıq içində. Bayırdan tufan, külək vıyıltısı. Dustaqlar tövləyəoxşar bir yerdə. Uzun-uzun skameykalar düzülmüş bu yerin yuxarı başında ekran kimi ağ pərdə asıblar. Aşağı tərəfdə kino qurğusu var. Dustaqlar hay-küylə keçib əyləşirlər. Nəzarətçilər - iş başında.

Əsgər ağa arxa cərgədə keçib oturur. Gombul nəzarətçi irəli, geri gəzə-gəzə kiminə irad bildirir, kimini itələyir və nizam yaratmağa çalışır.

Gombul nəzarətçi (cərgədə oturanlara xitabən). Aranızda azərbaycanlı varmı? Bugünkü film Azərbaycan filmidir. Azərbaycanlılar keçsinlər qabaq sıraya...

Əyləşənlər (gülüşür). Ha – ha – ha...

İşıq sönür. Film başlayır. “Arşın mal alan” filmindən musiqi səslənir. Filmin kadrları ağ pərdədə pərakəndə şəkildə bir-birini əvəz etdikcə Əsgər cürbəcür hallara düşür.

Əsgər (pıçıltıyla, öz-özünə). Allah, Allah. Bu ki, Süleymandı. Ay səni, Süleyman... Bu da ki, mənim mehriban xalamdı... Vəli, Vəliyə sən bax. Bu isə... bu isə, bəli, odur – mənim bir dənəmdir. Mənim əzizim, nuri – didəmdir. Görəsən, xoşbəxt ola bildimi?! Görəsən, mənim əmanətimlə dayaq ola bildilərmi bir-birinə?! Hökmən, hökmən xoşbəxt olmalıydılar. Bəs bu? Bu tosun kişi kimdi hələ? Mahnını mahnı dalıyca oxuyur?.. Nə gözəl də səsi var... Arşın malı çiyninə yığıb həyət-həyət gəzir – bu ki mənəm, Allah. Əhvalat ki, mənim əhvalatımdır... Adı da bu kişinin elə mənim adımdı – Əsgər ağa!.. Əsgər ağa! Yəni, bu, mənəm? Allah, Allah... (gözləri yaşarır).

Filmin kadrları ağ pərdədə bir-birini sistemsiz şəkildə əvəz edir.

Əsgər (yenə öz-özünə). Üzeyir bəy, sağ olsun, sözünə vəfalı çıxdı. Xəbər göndərmişdi ki, bizim əhvalatımızı yazmaq istəyir... Yazdı da. İndi də bu kino... Amma... Əhvəlat bitmədi ki. Əhvəlat yarımçıq qaldı. Əhvəlat davam edir. Əvvəlini isə... xatırlamaq olmaz. Unutmamaq – bu, bəli. Xatırlamaq isə olmaz! Aman Allahım, mən axı bunları görüncə xatırlamağa başladım?! İndi mən nə edəcəyəm?! Necə edim ki, xatırlamayım? Bəs küçədə “dava-dava” oynayıb məni əsəbiləşdirən o uşaqlar niyə burda yoxdular? Yəqin onlar artıq böyüyüb, yekə adamlar olublar... Bəs İrana köç hanı? Bəs niyə Marsel yoxdu? Bəs mənim gözümün işığı Gülçöhrə indi nə edir – o niyə yoxdu? Hardadı Vəli qırışmal? Hərdən bu adam bir parça əppək olub çəkilir göyün üzünə, yox olur. Ah, aman Allah, aman Allah, yəni, bu qədər asan imiş bu...

Ağ pərdədəki filmin son sevinc dolu kadrlarındansonra işıq yanır. Lent qırırlır və son sevincli kadrlar elə işığın içində “ekran”daca parça-parça dağılır. Hamı dustaqlar gülüşə-gülüşə, “Arşın mal alan!..” oxuya-oxuya tövləyəbənzər bu məkanı tərk edir. Gombul nəzarətçi son dəfə boş cərgələrə baxır. Görür ki, son cərgədə bir dustaq büzüşüb tərpənməz halda yerindəcə qalıb. Bu, Əsgərdir. İşıq onun üzünü göstərir. Əsgər in dodaqlarının ucuna acı təbəssüm, gözündən isə iki damla yaş axıb gəlib üzündə donub qalıb. O, ruhunu tapşırıb.

Xoşbəxt günlərin musiqisi səslənir.

Səhnə yenə başqa tərəfdən işıqlanır. Marseldə bu qəmli hekayətin bütün iştirakçıları bir yerdə dəniz kənarında durub qüssə və həsrətlə dənizə baxır və hələ də Əsgərigözləməkdədirlər. Əsgər isə oğlu Əagər timsalındaGülçöhrənin yanındadır.

Kadr arxasında Əsgərin dilindən şeirsəslənir:

Məni daha gözləmə -

Bu da bir işdi,

doğuldum, yaşadım dünyada.

Məni daha gözləmə -

Gözləmə dünyaya gələn

Gəldiyinə qayıda.

Səni mən unutmaram

Xatirən tufanlara,

boranlara bürünəcək.

Səni mən unutmaram

Ana bətninə qədər

Unutmadıqlarım tək.

Məni daha gözləmə,

gəlib yığılma

səni görməyən gözlərimə.

Səni mən unutmaram,

Səni mən unutmaram.

Məni daha gözləmə...

Marseldəkilər bir-birinə qısılmış vəziyyətdə ikən hər şey sükuta və qaranlığa bürünür. Qaranlıq yavaş-yavaş çəkilir, gur işıq ətrafı bürüyür və iştirakçılar tamaşaçılara doğru əl edə-edə sanki Əsgəri onların arasında görüb gələrkən

Избранный
4
kulis.az

1Источники