RU

"Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır" - "Reuters"

 
"Yeni sanksiyalar paketi Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin üçüncü ildönümünə həsr ediləcək..."
 
Avropa Komissiyası gələcək sanksiyalar paketinin detallarını müzakirə etmək üçün Avropa İttifaqı ölkələri ilə qeyri-rəsmi görüşlər keçirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Avropa İttifaqı diplomatlarına istinadən məlumat verib.
 
Məlumatda deyilir ki, Avropa İttifaqı Rusiyaya qarşı 16-cı sanksiyalar paketi üzərində işləyir. Bu paketdə Avropa Komissiyası Rusiyanın ilkin alüminiumunun idxalına qadağa tətbiq etməyi planlaşdırır.
 
Qeyd olunur ki, Avropa İttifaqına üzv dövlətlər yeni sanksiyalar paketini fevral ayında, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin üçüncü ildönümünə qədər qəbul etməyi ümid edir.
 
Agentliyin mənbələrinə əsasən, yanvarın 14-də Avropa Komissiyası üzv ölkələrlə gələcək paketin detallarını müzakirə etmək üçün qeyri-rəsmi görüşlər keçirib. Qadağanın mərhələli şəkildə tətbiq ediləcəyi bildirilib.
 
"Keçən ilin sonunda Avropa İttifaqının 10 ölkəsi Rusiyadan ticarətə, o cümlədən alüminium kimi metalların istehsalına dair əlavə sanksiyalar təklif edib. Hal-hazırda, 27 üzvdən ibarət blok alüminium məhsullarına, o cümlədən məftil, boru və folqaya qadağa tətbiq edib. 
 
Bunlar Avropa İttifaqının alüminium idxalının 15 faizindən azını təşkil edir. Daha yüngül olan alüminium hazırda elektrik avtomobilləri üçün geniş çeşidli hissələrin istehsalı üçün ən yaxşı metal hesab olunur," - materialda deyilir.
 
Qeyd etmək lazımdır ki, 2024-cü ildə ABŞ və Böyük Britaniya Rusiyada istehsal edilən metalların idxalına qadağa qoyub. Lakin o dövrdə Avropa İttifaqının bəzi üzv ölkələrin müqaviməti səbəbindən oxşar addım atmaqdan imtina edilib.
 
Bu xəbərin ardından London Metal Birjasında etalon alüminiumun qiyməti bir ay ərzində ən yüksək səviyyəyə- bir tonu 2 602 dollara çatıb. Lakin Qrinviç vaxtı ilə 17:15-də qiymət 0,1 faiz azalaraq 2 576,50 dollara düşüb.
 
Son iki il ərzində Rusiyanın ilkin alüminiumunun Avropa İttifaqına idxalı azalıb. "Trade Data Monitor"-un məlumatlarına görə, yanvar-oktyabr aylarında ümumi 2,2 milyon tonun təxminən 6 faizi Rusiyadan idxal edilib. Halbuki 2023 və 2022-ci illərin eyni dövründə bu göstərici müvafiq olaraq 11 faiz və 19 faiz təşkil edib.
 
"Avropa İttifaqı və ABŞ şirkətləri alternativ Yaxın Şərq tədarük mənbələri, xüsusən Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn arasında rəqabət yarada bilər. Beynəlxalq Alüminium İnstitutunun məlumatına görə, 2024-cü ildə bu region dünya tədarükünün təxminən 9 faizini təşkil edib," - müəlliflər əlavə edib.
 
Rusiya ilə bağlı digər sanksiyalar 
 
10 yanvar 2025-ci ildə ABŞ Rusiyaya qarşı geniş sanksiyalar tətbiq edib. Bu sanksiyalar 400-dən çox fiziki və hüquqi şəxsi, eləcə də Rusiya hərbi maşınına maliyyə dəstəyi təmin edən enerji sektorunu əhatə edir.
 
Bundan az sonra Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar elan edib. London "Qazprom Neft" və "Surqutneftqaz" kimi Rusiya neft nəhənglərinə birbaşa sanksiyalar tətbiq edib.
Избранный
3
moderator.az

1Источники