RU

Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə keçirilib

Talassemiyalı uşaqlar üçün toplanmış bir milyon manata yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib.

Zərərçəkən Faiq Nəcəfov təqsirləndirilənləri tanıdığını deyib. O, bildirib ki, övladı talassemiya xəstəsi olub:

"Mənə Aynur xanımı məsləhət gördülər. Onun nömrəsini öyrənib yoldaşıma verdim. Bizə çek atıb dedilər ki, uşağın müalicəsi üçün 10 min dollar pul ödənilməlidir. İlk dəfə Çinar plazaya gedəndə üç min manat pul aparmışdıq. Nuridə xanımı mənə iş adamı, xeyriyyəçi insan kimi tanıtdırdılar. Daha sonra 2 min 100 manat pul apardım. Danışığa görə, əməliyyatın 3 min dollarını biz, sponsor tapılarsa, 7 min dollarını da sponsorlar ödəməli idi".

Faiq Nəcəfov bildirib ki, daha sonra Aynur Bayramova ilə əlaqə saxlayan zaman o, Nuridə ilə işləmədiyini və onun həbs olunduğunu deyib.

"Aynur Bayramova mənə Nuridə Seyidovanı şikayət etməyi təklif edərək dedi ki, o çox adama qarşı dələduzluq edib. Nuridə ilə danışan zaman isə o da bildirdi ki, ərizəni yaz 15 günə pul qaytarılacaq. Aynur Bayramova mənə köməklik göstəriləcəyi ilə bağlı vəd vermişdi", - deyə şahid bildirib.

Prosesdə zərərçəkən qismində ifadə verən Kamil Əhmədov deyib ki, həyat yoldaşı 2012-ci ildən hepatit xəstəsi olub. Onun sözlərinə görə, 2022-ci ildə Gömrük Hospitalında Mircəlal həkimin yanında olub. Həkim yoldaşında qaraciyər serrozu olduğunu bildirib.

"Daha sonra həkim mənə qaraciyəri dəyişmək üçün 46 min manat pul lazım olduğunu bildirdi. Həm donoru, həm də yoldaşımı hər dəfə yoxlayanda 2500 manat pul çıxırdı. Sonra yoldaşımın beyninə qan sızdı, həmçinin onkoloji xəstəliyinin olduğu da müəyyən olundu. Mircəlal doktor 5 min manat pul alaraq dedi ki, heç kimə etibar edə bilmərəm, özüm əməliyyat etməliyəm. Bu xəstəliklə bağlı həmin həkim yoldaşımı əməliyyat etdi".

Избранный
1
6
aznews.az

7Источники