Bakı, 15 yanvar, AZƏRTAC
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə Braziliyanın Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Braziliya Hökumətinə bildiriş göndərməsi tapşırılıb.
Qeyd edək ki, Anlaşma Memorandumu ötən il sentyabrın 13-də Braziliyanın Kuyaba şəhərində imzalanıb.