RU

"Neftçi”nin baş məşqçisi bu sualın cavabını “Sportinfo”ya dedi

Qış fasiləsində yoldaşlıq görüşü keçirməyən yeganə komanda “Neftçi” oldu.

Hazırlığa Bakıda başlayıb, Qəbələdə davam edən “ağ-qaralar”ın azı bir oyunda meydana çıxacağını gözləsək də, bu, baş vermədi.

Halbuki, Premyer Liqada işləri qaydasında getməyən komandadakı problemləri nisbətən aradan qaldırmaq üçün Samir Abasovun bir-iki yoldaşlıq görüşünə ehtiyacı vardı.

Qısası, Premyer Liqanın 19-cu turunda “Sabah”la qarşılaşacaq paytaxt təmsilçisi bu matça qədər heç bir oyun keçirməyəcək.

Komandanın baş məşqçisi Samir Abasov Sportinfo.az-ın mövzu ilə bağlı sualını cavablandırıb:

"Bakıda iki komanda ilə yoxlama oyunu keçirməklə bağlı danışmışdıq. Sadəcə, tarixlərdə ortaq razılığa gələ bilmədik.

Qəbələ toplanışı zamanı orada bizdən başqa heç bir komanda yox idi. Yalnız "Qəbələ" variantı var idi, onlar da hazırlıq prosesinə gec başladıqlarına görə, həmin müddətdə oyun keçirə bilmədik.

Əslində, əvvəldən də bizim bu toplanışda oyun keçirməyimiz prinsipial deyildi. Olsaydı, pis olmazdı, amma olmaması da işimizə mane olmadı.

Əvvəldən qarşımıza şərt qoymamışdıq ki, bir və ya iki yoxlama oyunu keçirək. Öz aramızda toplanışı ikitərəfli oyunla yekunlaşdırdıq. Hazırlığımız kifayət qədər yaxşı keçdi".

Yanvarın 19-u “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Sabah” görüşünün start fiti saat 18:30-da çalınacaq.

HƏBİB

Избранный
5
sportinfo.az

1Источники