RU

Azərbaycan və Türkiyənin yeni Suriyanın qurulması və inkişafı istiqamətində rolu böyük olacaq – ŞƏRH

Yanvarın 7-də Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsində ifadə etdiyi kimi, son 12 il ərzində Azərbaycan və Suriya arasında heç bir əlaqə mövcud olmayıb. Birmənalı şəkildə Ermənistanın işğal və təcavüz siyasətini dəstəkləyən Əsəd rejimi ilə aramızda beynəlxalq hüququn aliliyinə əsaslanan eyni baxış rakursu formalaşdıra bilmədiyimiz üçün Azərbaycanın bu ölkədəki səfirliyi Suriyadan çıxarılıb.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Millət vəkili bildirib ki, B.Əsədin hakimiyyəti illərində Suriya dövləti bütün beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyi qarşısında maneə kimi çıxış etməyə cəhd göstərib, əksinə Ermənistanın işğal və təcavüzdə ehtiva olunan siyasi gündəliyinə bütün aspektlərdən dəstək verib:

"Yalnız son 5 ilə diqqət etsək, Ermənistanın baş naziri Nikol Paşinyanın Bəşər Əsədə göndərdiyi məktublar, Suriyaya göndərdiyi heyətlər, o cümlədən qarşılıqlı olaraq verilən birgə bəyanatlar iki ölkə, daha dəqiq desək, iki rejim arasında münasibətlərin hansı səviyyədə olduğunu göstərmək üçün ciddi bazis rolunu oynayır".

Bəhruz Məhərrəmov xatırladıb ki, Suriya ətrafında situasiya artıq tamamilə dəyişib, Əsəd rejiminin devrilməsi ilə Suriya üçün yeni bir dövr başlayıb.

"Bu dövrdə Türkiyənin Suriyanın yeni dövrdə inkişafında həlledici mövqeyi ön plana çıxıb. Əsəd rejiminin çökməsindən sonra Prezident Rəcəb Tayyib Ərdoğan ilk dəfə məhz Prezident İlham Əliyevə zəng edib və dövlət başçıları bu münasibətlə bir-birini qarşılıqlı olaraq təbrik ediblər. Dövlət başçısı həm türkiyəli həmkarı, həm də müsahibəsində geniş ictimaiyyətə açıq şəkildə bəyan etdi ki, Suriyanın inkişafı məsələsində biz də Türkiyənin yanında olmağa hazırıq və artıq bunu etməyə başlamışıq.

Azərbaycanın bu prosesdə mövqeyi kifayət qədər aydın və konseptual xarakter daşıyır. Biz konstitusion olaraq bütün dünya xalqları ilə sülh, əmin-amanlıq şəraitində yaşamaq və bu istiqamətdə əməkdaşlıq etməyi ali niyyət kimi müəyyən etmişik və bütün beynəlxalq subyektlər, o cümlədən yeni Suriya ilə münasibətlərimizi beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplər əsasında qurmağı arzulayırıq", - deyə deputat qeyd edib.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli isə Trend-ə açıqlamasında bildirib ki, Əsəd rejimi Livandan sonra qondarma erməni soyqırımını tanıyan ikinci müsəlman ölkəsi kimi hər zaman Ermənistanla sıx əlaqələrə malik olub:

"Ermənistan bu ölkənin ərazisində yaşayan ermənilər, terror təşkilatları ilə daim sıx əlaqədə olub. Eyni zamanda 44 günlük müharibəsində də Suriyadan gələn döyüşçülər Ermənistan ordusunun tərkibində Azərbaycanın legitim ərazilərində bizə qarşı döyüşüblər. Uzun illər boyu isə bu ərazilərdə bilavasitə Bəşər Əsədin dəstəyi ilə erməni terrorçuları üçün hərbi təlim bazaları fəaliyyət göstərib. Faktiki olaraq bu rejim mövcud olduğu zaman kəsiyində Azərbaycana qarşı düşmən münasibəti ilə yadda qalıb, Ermənistanın işğalçılıq siyasətini dolayı yolla dəstəkləyib, erməni terrorizmini stimullaşdıran qüvvələrdən biri kimi çıxış edib. Ermənistanla birlikdə guya İŞİD-ə qarşı mübarizə istiqamətində imzalanan müvafiq sənədə müddəa salan ABŞ erməni terrorizminin Əsəd rejimi ilə əlaqələrini görməzdən gəlib".

Elçin Mirzəbəylinin sözlərinə görə, Azərbaycan Suriyada baş verən proseslərə ilk növbədə Türkiyənin maraqları kontekstindən yanaşır:

"Çünki iki ölkə arasında olan müttəfiqlik münasibətləri də bunu tələb edir. Suriyada sülh, təhlükəsizlik və əmin-amanlığın təmin olunması birinci növbədə Türkiyə, daha sonra isə bütövlükdə geniş bir coğrafiya üçün böyük əhəmiyyətə malikdir. Çünki terror qruplarının meydan suladığı ərazidə sülh olmayacağı təqdirdə, bütün bölgə, həmçinin Ermənistan Suriyadan gələn terrorçuları öz maraqları naminə istifadə etdiyindən Cənubi Qafqaz üçün də problemlər yaranacaq".

Millət vəkili əlavə edib ki, əlaqələrin daha sıx şəkildə qurulması və inkişafı üçün ölkəmizə prioritet olan istiqamətlərdən biri bu ölkədə legitim hakimiyyət orqanlarının formalaşmasıdır.

"İlk növbədə Suriya konstitusiyası qəbul olunmalı və hakimiyyətin necə formalaşacağı qanunvericilik çərçivəsində müəyyənləşməlidir. Ondan sonra, şübhəsiz ki, Azərbaycanla Suriyanın legitim hakimiyyəti arasında əlaqələrin daha sıx şəkildə inkişaf edəcəyinin şahidi olacağıq.

Bu dövlət bizim üçün uzaq ölkə deyil. Orada bizə qardaş olan toplum yaşayır. Onların sayı kifayət qədər çoxdur. Söhbət Suriyada yaşayan türkmənlərdən gedir. Suriya ərazisində Azərbaycan mədəniyyətinin izləri bu gün də qalmaqdadır. Suriyanın qurulması və inkişafı, iqtisadi əlaqələrin yenilənməsi istiqamətində Azərbaycan və Türkiyənin rolu kifayət qədər böyük olacaq", - deyə deputat qeyd edib.

Избранный
6
1
day.az

2Источники