RU

“Addım atırdın, pul istəyirdilər, pulsuz adama salam da vermirdilər”

Talassemiyalı uşaqlar üçün toplanmış 1 milyonu ələ keçirməkdə ittiham olunan Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın məhkəmə araşdırması qaldığı yerdən davam edib

Xəzərnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsindəki bugünkü iclasda xanımların əməlindən zərərçəkənlər dindirilib.

Zərərçəkmişlərdən biri bu cinayətə görə həyat yoldaşını itirdiyini deyən Kamil Əhmədovdur. Kamilin həyat yoldaşı qaraciyər xəstəliyindən əziyyət çəkib. Onu hazırda təqsirləndirilənlərlə Mərkəzi Gömrük Hospitalı​nın həkimi Mir Cəlal Kazımi tanış edib: “Mir Cəlal həkim ilk müayinədən sonra yoldaşımın sirrozdan əziyyət çəkdiyini dedi. Bir müddət sonra əlavə xəstəliklər ortaya çıxdı. İlk dəfə Mir Cəlal həkim həyat yoldaşımı bağırsaqdan əməliyyat etdi. Üstündən bir müddət keçəndən sonra zəng elədi ki, bəs, təcili qaraciyər köçürülməsi olmalıdır. Bunun üçün də donoru biz tapmaq şərti ilə 46 min manat lazımdır. Guya bizə köməklik üçün bir nəfər xeyriyyəçini təklif etdi. Aysel Məmmədovanın nömrəsini verdi. Aysellə ilk danışığımız çox ümidverici oldu. Dedi ki, 23 min manat siz verirsiniz, qalan 23 minini də biz qarşılayırıq. Mən də dərhal həmin pulu verdim”.



Kamilin sözlərinə görə, pulu verəndən sonra iş uzanmağa başlayıb. Hər dəfə müxtəlif bəhanələrlə əməliyyat yubadılıb: “Bunlardan bir nəticə əldə edə bilmədiyimizi görüb evimi sataraq pulu düz-qoş elədim. Həmin pulla Mir Cəlal həkim həyat yoldaşımı əməliyyat elədi. Amma bir neçə gün sonra yoldaşım elə xəstəxanada vəfat etdi.

Artıq 23 min manatın 10 minini Ayselin atası ödəyib. Qalan 13 mini də ondan tələb edirəm”.

Zərərçəkmişin başına gətirilənlər cinayət işini araşdıran hakim Azad Məcidovu da hiddətləndirib. Hakim özünün də Mərkəzi Gömrük Hospitalı​nda müalicə edildiyi günləri xatırlayıb: “O vaxt mən koronavirusa yoluxmuşdum. Vəziyyətim pis idi. Belə qərara gəldik ki, Gömrük Hospitalında müalicə alım. Təsəvvür edirsiniz, hara addım atırsan, pul istəyirdilər. Pulsuz adama salam da vermirdilər. 41 dərəcə qızdırmada idim. Deyirəm ölürəm, yardım edin, baxmamış pul istəyirdilər. Yəni demək istəyirəm ki, pulsuz heç kim, heç nə etmədiyi halda təqsirləndirilən şəxslər 23 min manatı niyə ödəyəcəklərini deyiblər? Hansı yolla? Çox maraqlıdır.



Zərərçəkmişin başına gələnləri görürük. Bəlkə siz (təqsirləndirilən şəxslərə xitabən) işə qarışmasaydınız, bu kişinin həyat yoldaşı sağ qalacaqdı”.

Prosesin davamında zərərçəkmiş Faiq Nəcəfov ifadə verib. Onun övladı talassemiyadan əziyyət çəkir. Əməliyyat üçün təqsirləndirilənlərə 5 min 100 manat verib. Həmin pul da xanım müttəhimlər tərəfindən ələ keçirilib.

Xatırladaq ki, ittihama görə, “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi N. Seyidova A. Bayramova və A. Məmmədova ilə cinayətkar əlaqəyə girib. Onlar 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın pullarını ələ keçiriblər. Qadınların üçü də həbsdədir.

Xəbər 2 dəfə oxunub.
Избранный
3
10
xezernews.az

10Источники