"Təmas" Regional İnkişaf İctimai Birliyinin sədri və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü Südabə Məmmədova QHT.az-a açıqlamasında insan alverinə qarşı mübarizə sahəsində görülən işlərdən və həyata keçirilən tədbirlərdən danışıb.
Südabə Məmmədova bildirib ki, Azərbaycanda insan alverinə qarşı mübarizə 2006-cı ildən Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən qanunvericilik bazası təkmilləşdirilərək davam etdirilir:
"Hər bir ölkənin qanunları onun milli xüsusiyyətlərinə uyğun olaraq hazırlanır. Məsələn, Amerikada sərt qanunlar Amerika cəmiyyəti üçün işləyir, amma Azərbaycanda həmin qanunlar daha ağır və ya əksinə, yüngül görünə bilər. Bu səbəbdən qanunvericilik milli spesifik xüsusiyyətlərə əsaslanaraq təkmilləşdirilir. Hazırda Azərbaycanda insan alverinə qarşı mübarizə həm dövlət orqanlarının, həm də qeyri-hökumət təşkilatlarının əməkdaşlığı ilə həyata keçirilir."
O, həmçinin maarifləndirmə tədbirlərinin və insan alveri qurbanlarına göstərilən dəstək xidmətlərinin əhəmiyyətini vurğulayıb. Təmas İctimai Birliyinin nəzdində insan alveri və potensial qurbanlar üçün fəaliyyət göstərən reabilitasiya və inteqrasiya mərkəzi barədə məlumat verib:
"Daxili İşlər Nazirliyinin nəzdindəki qapalı sığınacaqdan və digər qurumların istiqamətləndirməsi ilə bizə göndərilən qurbanların reabilitasiya və inteqrasiya proqramlarını həyata keçiririk. Onların hüquqi məsələləri, iqtisadi səlahiyyətləndirilməsi, peşə bacarıqlarının öyrədilməsi kimi xidmətləri təşkil edirik."
Südabə Məmmədova qeyd edib ki, bu istiqamətdə beynəlxalq təcrübələr də nəzərə alınır və Azərbaycan bu sahədə geri qalmır.
Pərvanə Fərhadqızı