RU

Voyo Kulibali “Parma”dan “Lester Siti”yə keçdi

İtaliyanın “Parma” klubunun sağ cinah müdafiəçisi Voyo Kulibali bundan sonra “Lester Siti”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

25 yaşlı futbolçunun transferi Premyer Liqa təmsilçisinə 3 milyon avroya başa gəlib. Kulibali Lester klubu ilə müddəti 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.

Əslən Malidən olan fransalı Voyo Kulibali “Havr” klubunun yetirməsidir. O, “Parma”ya 2021-ci ilin avqust ayında məhz Fransa klubundan, 1,73 milyon avro müqabilində keçmişdi. Kulibali “Parma”nın heyətində bütövlükdə 88 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, “Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Voyo Kulibalini satan “Parma” heyətinə yeni futbolçu da cəlb edib. Sözügedən klub A Seriyasının digər təmsilçisi “Cenoa”dan mərkəz müdafiəçisi Alessandro Volyakkonu icarəyə götürüb. 26 yaşlı italiyalı futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. Onun “Cenoa” ilə 2027-ci ilin 30 iyununa kimi müqaviləsi var.

Alessandro Volyakko “Bari” və “Yuventus” klublarının yetirməsi hesab olunur. O, peşəkar karyerası ərzində “Padova”, “Pordenone”, “Benevento” kimi klubların da şərəfini qoruyub.

2021-ci ilin yayından “Cenoa”da olan müdafiəçi bu klubun əsas komandasında 64 oyuna çıxıb, 2 qol və 2 assistlə yadda qalıb.

Volyakko İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında, hətta U-21-də də forma geyinməsinə baxmayaraq, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Избранный
7
arena.az

1Источники