RU

Elektromobil sürücülərinin rastlaşdığı problemlər – AVTOMOBİL USTASI NASAZLIQLARI AÇIQLADI

Ölkəmizdə elektrik avtomobillərinə tələbat artmaqda davam edir. Hər il ölkəmizə qeyri-rəsmi, yəni paralel idxalçılar və rəsmi dilerlər tərəfindən yüzlərlə elektromobil gətirilir. Bəzən sürücülər bu avtomobillərin keyfiyyətindən, yaxud tez-tez nasazlıqlarının yaranmasından şikayət edir.

Bəs elektromobil istifadəçilərinin ən çox şikayət etdiyi problemlər hansılardır?

Mövzu ilə bağlı Adbulla Məmmədov Avtosfer.az-a bildirib ki, ən əsas problemlərdən biri elektromobillərin texniki xidməti və ehtiyat hissələrinin tapılması məsələsidir:

“Ölkədə bu sahədə ixtisaslaşmış servis mərkəzlərinin sayı çox azdır və ehtiyat hissələri əsasən xaricdən gətirildiyi üçün baha başa gəlir. Bundan əlavə, elektrik təchizatı məsələsi də bəzi hallarda problemlər yaradır. Evdə və ya iş yerində şarj etmək üçün güclü və sabit enerji qaynağı tələb olunur ki, bu da hər kəs üçün əlçatan olmaya bilər. Bütün bunlarla yanaşı, elektromobillərin qiymətinin daxili yanma mühərrikli avtomobillərlə müqayisədə daha yüksək olması da sürücülər üçün düşündürücü məsələdir. Eyni zamanda, bu nəqliyyat vasitələri üçün xüsusi sığorta və vergi qaydalarının tam formalaşmaması, bəzi bölgələrdə yol infrastrukturunun elektromobillərə tam uyğun olmaması da problemlər sırasına daxildir. Bu səbəbdən Azərbaycanda elektromobillərin istifadəsi hələlik müəyyən çətinliklərlə müşayiət olunur”.

Avtomobil ustası qeyd edib ki, Azərbaycanda elektromobillərlə bağlı bir sıra problemlər mövcuddur ki, bu da müəyyən vaxtdan sonra onların geniş yayılmasına mane ola bilər:

“Ən əsas çətinliklərdən biri şarj infrastrukturunun yetərsiz olmasıdır. Şəhər daxilində müəyyən qədər şarj məntəqələri olsa da magistral yollarda və rayon yerlərində bu məntəqələrin azlığı sürücülər üçün ciddi problem yaradır. Bundan əlavə, mövcud şarj stansiyalarının bir çoxu bütün elektromobil modelləri üçün uyğun deyil və şarj müddəti də kifayət qədər uzun çəkir. İqlim şəraiti də elektromobillərin istifadəsinə təsir edən faktorlardandır. Soyuq havalarda batareyaların performansı zəifləyir, enerji sərfiyyatı artır və avtomobilin qət edə biləcəyi məsafə azalır. Yay aylarında isə batareyanın həddindən artıq isinməsi onun effektivliyini azalda bilər. Azərbaycanın bəzi dağlıq və enişli-yoxuşlu ərazilərində bu nəqliyyat vasitələrinin enerji sərfiyyatı daha da sürətlənir ki, bu da əlavə çətinliklər yaradır”.

Fidan

Избранный
6
avtosfer.az

1Источники