RU

"Həmin 69 nəfər özləri yaxşı bilirlər ki, diplomları niyə tanınmayıb" - AÇIQLAMA

Keçən ilin dekabr ayında xaricdə təhsil alanların diplomlarının tanınması üzrə 325 müraciətçinin 256-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilsə də, 69 nəfərin diplomu tanınmayıb.

Həmin şəxslər və eyni problemi yaşayan insanların müraciəti niyə mənfi qərarla yekunlaşır? 

Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Elşən Qafarov Redaktor.az-a açıqlamasında bildirdi ki, hazırda düzgün şəkildə təhsilini tamamlayan tələbələr bu kimi məsələlərlə rastlaşmır:

"Xaricdə verilmiş ali təhsilə aid kvalifikasiyaların tanınması qaydaları 2023-cü ildə ölkə prezidenti tərəfindən təsdiq olunub. Bu qaydalara görə, təhsil alıbsa, hər hansı neqativ hal yoxdursa, saxtakarlıq yoxdursa, həmin xaricdə verilmiş dərəcələrin və yaxud da diplomların tanınmasında da elə bir çətinlik olmur. Ümumiyyətlə, xarici ölkələrdə təhsil üzrə sənədlərin və dərəcələrin tanınması 1968-ci ildə Lissabon Konvensiyası ilə tənzimlənir və ölkəmiz də bu Konvensiyaya qoşulub. Əvvəlki qaydalar, yəni 2001-ci ildə qəbul edilmiş olan ratifikasiya qaydaları Lissabon Konvensiyasına zidd idi və süni maneələr yaradırdı".

Ekspertin sözlərinə görə, diplomun tanınmamasına səbəb tələbənin məsuliyyətsizliyidir. Əks halda o,  məhkəməyə müraciət edərək məsələni hüquqi yolla həll edə bilər. 

"Hazırkı yeni qaydalar doğrudan da beynəlxalq səviyyədə bu məsələ hüquqi cəhətdən necə tənzimlənirsə, tam beynəlxalq standartlara uyğundur. Görünən odur ki, xüsusən də Ukrayna, Gürcüstan, o cümlədən Rusiya, Dağıstan kimi dövlətlərdə ali məktəblərdə adını yazdıran insanların məlumatları tanınmayıb, onların məzun olduqları sübuta yetirilməyib. Mən sevinirəm ki, bizdə bu məsələ artıq tam şəffaf və beynəlxalq standartlara uyğun olaraq həyata keçirilir. Həmin 69 nəfər özləri yaxşı bilirlər ki, nəyə görə keçirilməyib. Yox, əgər etirazları varsa, məhkəməyə müraciət edə bilərlər. Məsələn, məhkəmə qaydasında araşdırılacaq və müvafiq qərar qəbul ediləcək", - deyə E.Qafarov bildirdi.

Türkan İSGƏNDƏRLİ

Избранный
11
redaktor.az

1Источники