RU

ABŞ-la strateji saziş Ermənistanı məhv edir...

Image

ABŞ-la imzalanan strateji tərəfdaşlıq xartiyası Ermənistan-Rusiya münasibətlərinə, eyni zamanda, rəsmi Kremlin rəhbərlik etdiyi təşkilatlardakı İrəvanın  mövqeyinə ciddi təsir göstərəcək. 

Xatırladaq ki, yanvarın 14-də Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalanıb. 

ABŞ dövlət katibi Entoni Blinken bu sənədlə bağlı danışarkən vurğulayıb ki, Ermənistanla onun suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün səyləri gücləndirmək üzərində işləyirlər. Proseslər ölkəmizdə də diqqətlə izlənilir. 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə “Turan”a bildirib ki, Ermənistanla ABŞ arasında bu xartiyanın imzalanması bir az gülünc görünür: “ABŞ-ın hazırkı administrasiyası Ağ Evi artıq tərk edir və onların gələcəkdə Amerikanın siyasətini həyata keçirmək imkanı olmayacaq. Ermənistanla bu sazişi imzalamaqla bu administrasiya erməni diasporuna son borcunu ödəyir”. Deputat ümid edir ki, gələcəkdə ABŞ siyasəti məhz bu ölkənin milli maraqlarına uyğun həyata keçiriləcək: “Azərbaycan da ABŞ-ın gələcək administrasiyası ilə normal, qarşılıqlı maraqlar üzərində siyasətini formalaşdıra bilər. Blinkenin Mirzoyanla imzaladığı xartiyanı isə Amerikanın imicinə zərbə gətirən sənəd kimi xarakterizə etmək olar”. Sənədin mətninə baxdıqda görmək olar ki, müdafiə və təhlükəsizlik sahəsindəki ikitərəfli əməkdaşlığa xüsusi bölmə həsr edilib. Entoni Blinken də çıxışı zamanı Ermənistanın sərhəd keçid və gömrük buraxılış məntəqələrinin təhlükəsizliyi ilə bağlı məsələləri gündəmə gətirdi. Burada xatırladaq  ki, yanvarın 1-dək Ermənistanın bütün sərhəd keçid məntəqələri Rusiyanın nəzarətində idi. Həmin tarixdə isə İran-Ermənistan sərhəd keçid məntəqələrindən Rusiya sərhədçiləri çıxarılıb. Beləliklə, bu iş Ermənistan Milli Təhlükəsizlik xidmətinə həvalə edilib. Ancaq ABŞ-Ermənistan razılaşması onu deməyə əsas verir ki, bundan sonra böyük ehtimalla sərhəd keçid məntəqəsində proseslər ABŞ-nin xüsusi nümayəndələrinin birbaşa və ya dolayı yolla iştirakı ilə tənzimlənəcək. Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin  qeyd edir ki, İrəvanın digər ölkələrlə müxtəlif əməkdaşlıq sənədlərinin imzalanması Ermənistan və erməni xalqı üçün mürəkkəb nəticələrə səbəb ola bilər: “Qorxuram ki, erməni nümayəndələrinin hər kəslə və hər şeydə əməkdaşlığa dair müxtəlif növ sənədlər imzalamaqda sürətli fəaliyyəti bu ölkə və onun xalqı üçün gözlənilməz və mürəkkəb nəticələr verə bilər”. Karasinin sözlərinə görə, bu sənədlərin hansı ciddiliklə hazırlanması və Ermənistanın artıq digər tərəfdaşlar və beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə uyğunluğu suallar yaradır: “Bu, ən azı, Aİİ və KTMT-yə aiddir. Tarix göstərir ki, siyasətdə ehtiras çox vaxt gözlənilməz nəticələr verir”.

Hesab olunur  ki, məsələnin Ermənistan və Rusiyanın hərbi və təhlükəsizlik sahəsindəki əməkdaşlığına təsirsiz ötüşməsi mümkün deyil. Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bu fonda qeyd edir: “Bu, bir qədər qəribə sənəddir. Adətən hər hansı administrasiya öz səlahiyyət müddətinin sonuna bir həftə qalmış mühüm siyasi sənədlərin qəbulundan çəkinir. Onun sözlərinə görə, bu sənədin qəbulu ermənilər üçün problem yarada bilər. Bununla bağlı “axar.az” portalına açıqlamasında ekspert bildirir: “Görünən odur ki, demokratlar administrasiyası erməni lobbisinin təsiri altında bu sənədi qəbul edib. Daha dəqiq desək, Bayden administrasiyasına bu sənədin qəbul edilməsi üçün təzyiq göstərilib. Bu da erməni lobbisinin Tramp administrasiyasının belə bir sənədə razılıq verməyəcəyindən narahat olduğunu göstərir. Bunun erməni tərəfi üçün problemlər yaradacağı ehtimal olunur, çünki belə bir addımın atılması Tramp administrasiyası tərəfindən xoş qarşılanmaya bilər. Üstəlik, sənədin real icra mexanizmləri və göstəriciləri sual altındadır”. Politoloq ABŞ-dan Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndəriləcəyi ilə bağlı məsələyə də münasibət bildirib: “ABŞ müxtəlif ölkələrlə, o cümlədən Azərbaycanla sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlıq edib. Xüsusilə Xəzəryanı ölkələrlə sərhədlərin müasir avadanlıqlarla təmin edilməsi layihələrində Azərbaycanla uzunmüddətli əməkdaşlıq mövcuddur. Uzun illər Ermənistan belə əməkdaşlıqdan məhrum olub. Bunun səbəbi Ermənistanın KTMT-yə üzv olması və Rusiyanın hərbi müttəfiqi sayılmasıdır. Ermənistanla Rusiya arasında hərbi müttəfiqlik və müştərək hərbi birləşmələr barədə sənədlər mövcuddur. Bundan əlavə, onların hava müdafiəsi sistemi də Moskvadan idarə olunur. İndi isə Bayden administrasiyası Ermənistanla təhlükəsizlik sahəsində əməkdaşlıq qurmaq niyyətindədir. Ancaq bu əməkdaşlığın reallaşması çətin görünür. Çünki Ermənistanın təhlükəsizlik və hərbi infrastrukturu Rusiya ilə sıx bağlıdır”. Tofiq Zülfüqarov qeyd edib ki, Azərbaycan və ABŞ arasında buna bənzər əməkdaşlıq illər öncədən mövcuddur: “ABŞ və Azərbaycan arasında təhlükəsizlik sahəsində uzun müddətdir davam edən əməkdaşlıq mövcuddur. Hər il iki ölkə arasında təhlükəsizlik dialoqu keçirilir və sərhəd təhlükəsizliyi sahəsində birgə layihələr icra olunur. Azərbaycan bu sahədə ABŞ-dan maliyyə dəstəyi alıb. Erməni tərəfi həmişə bu əməkdaşlığa qarşı çıxıb və onu tənqid edib. Bayden administrasiyası dövründə bu əməkdaşlığa əvvəlki kimi önəm verilməsə də, Tramp administrasiyası və onun siyasəti ABŞ-ın milli maraqlarına uyğun olaraq bu əlaqələri bərpa edə bilər. Çünki ABŞ-ın milli maraqları Mərkəzi Asiya ilə geniş siyasi əlaqələri ehtiva edir və bu əlaqələrin icrası Azərbaycansız mümkün deyil”.

Tahir TAĞIYEV





Избранный
3
4
baki-xeber.com

5Источники