RU

Davosda İlham Əliyev - Paşinyan görüşü ola bilər

Azərbaycan və Ermənistan liderlərinin eyni tədbirdə iştirakı onlar arasında görüşün mümkünlüyünü gündəmə gətirib

Yanvarın 20-dən 24-dək dünyanın müxtəlif ölkələrindən olan liderlər İsveçrənin Davos şəhərində illik Dünya İqtisadi Forumunda əsas qlobal problemləri və 2025-ci il üçün prioritetləri müzakirə edəcəklər.

İclasda 130-dan çox ölkədən 350 hökumət nümayəndəsi, o cümlədən 60 dövlət və hökumət başçısı, eləcə də ABŞ-ın yeni prezidenti Donald Tramp, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Almaniya kansleri Olaf Şolz, Avropa Parlamentinin sədri Roberta Mezzola və digər rəsmilər iştirak edəcək. Ukrayna prezidenti Vladimir Zelenski forumda xüsusi müraciət edəcək.

Forumda İsrail prezidenti İsaak Hersoq, Fələstin Muxtariyyətinin baş naziri Məhəmməd Mustafa, həmçinin İranın vitse-prezidenti Məhəmməd Cavad Zərifin də iştirak edəcəyi gözlənilir.

Suriyanın müvəqqəti xarici işlər naziri Əsəd əl-Şeybaninin də tədbirə qatılacağı qeyd edilir.

Dünya İqtisadi Forumunun rəsmi saytının məlumatına görə, konfransda Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edəcək. Azərbaycan Prezidenti İlham Əliyevin də forumda iştirak edəcəyinə dair məlumat yayılıb.

Forumda həmçinin biznes, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, elm, media və incəsənət nümayəndələri iştirak edəcək.

Tədbirdə ümumilikdə 3 min adam iştirak edəcək.

Forumda qlobal iqtisadiyyatda yeni artım mənbələri, əsas geoiqtisadi və texnoloji dəyişiklikləri nəzərə almaqla biznes strategiyalarının uyğunlaşdırılması, insan kapitalının inkişafına investisiya qoyuluşu və cəmiyyətin inkişafına töhfə verən iş yerlərinin yaradılması, ekoloji təmiz texnologiyaların tətbiqi, beynəlxalq səviyyədə həll yollarını inkişaf etdirmək üçün əməkdaşlıq etmək üçün yeni yollar tapmaq kimi məsələlər gündəmə çıxarılacaq.

Digər əsas mövzu süni intellekt olacaq - forumda onun tənzimlənməsi məsələləri qaldırılacaq.

Azərbaycan və Ermənistan liderlərinin eyni forumda iştirakı onlar arasında hər hansı görüşün mümkünlüyünü də gündəmə gətirir.

Xatırladaq ki, İlham Əliyevlə Nikol Paşinyan sonuncu dəfə 2024-cü il oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRİCS Sammiti çərçivəsində görüşüblər. Həmin görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bugünlərdə açıqlandı ki, sülh prosesi ilə bağlı 15 maddə razılaşdırılıb. Digər iki müddəa hələ ki sülh mətninə salınmayıb. Azərbaycan Minsk Qrupunun ləğvi üçün ATƏT-ə müraciət etməyə çağırır. Erməni baş nazir bunu da istisna etməyib. Ermənistan sülh anlaşması ilə bağlı pozitiv bəyanatlar səsləndirməsinə baxmayaraq, regionda gərginliyi artıran hərəkətlərə yol verir. Bura həm Aİ-nin müşahidə missiyasının sayının və qalma müddətinin artırılması, ABŞ-la imzalanan saziş əsasında regiona gömrük və sərhəd komandanı göndərilməsi, həm də hücum silahları alması daxildir. Bu mənada Davosda indiki vaxtda görüş hansı əhəmiyyətə malik ola bilər?

Onu da deməliyik ki, ötən il Azərbaycan Prezidenti Davosa getmədi. O zaman ölkə prezident seçkisi ərəfəsində idi. Ondan əvvəlki il - 2023-də prezident forumda iştirak etmişdi. Maraqlıdır ki, həmin il də Paşinyan Davosa getməmişdi. Hələlik hər iki tərəfin Davosda iştirakı ilə bağlı rəsmi açıqlamalar verilməyib. Ancaq belə bir səfərin və görüşün olacağı ehtimalı var. 

Oqtay

 Oqtay Qasımov

Politoloq Oqtay Qasımov Davosda belə bir görüşün baş tutmasını real görmür: “Prinsipcə, bir çox beynəlxalq tədbirlərdə iştirak zamanı Azərbaycan Prezidenti və Ermənistan hökuməti başçısının görüşlərinə şahid olmuşuq. Bu görüşlərin sonuncusu Kazanda keçirilən tədbirdə baş tutub. Davos Forumunda yeni təkbətək baş tutma ehtimalı var. Amma bu cür görüşlərin Davosdan daha çox fevral ayında keçirilən Münhen Təhlükəsizlik Konfransında baş tutması ehtimalı daha yüksəkdir”. Politoloqa görə, hazırkı vəziyyətdə liderlərin görüşünə ciddi ehtiyac yoxdur: “Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin irəliləməsi üçün liderlərin Davosda bir araya gələcəyini düşünmürəm. Çünki Kazanda keçirilən görüş, məlum olduğu kimi, təxminən 1 saat 45 dəqiqə çəkdi və geniş tərkibli bir görüş oldu. Orada komanda üzvlərinə konkret tapşırıqlar verilib. Lakin həmin vaxtdan bu dövrədək Ermənistanın hansısa konkret addımını müşahidə etməmişik. Sadəcə olaraq, ümumi ifadələri özündə ehtiva edən bəyanatları görməkdəyik. Əməli addımlar yoxdur. Yəni son proseslərdən sonra hələlik düşünmürəm ki, iki liderin görüşünə ciddi ehtiyac var”.

Qabil

Qabil Hüseynli

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, Davosda keçirilən ənənəvi Dünya İqtisadi Forumu əsasən iqtisadi, ticari sahələrin müzakirəsinə, bu istiqamətdə gündəmdə olan qlobal problemlərin müzakirəsinə həsr edilsə də, forum dövlət başçıları arasında ikitərəfli görüşlərin, siyasi müzakirələrin aparılması üçün fürsətlər də yaradır: "Bu baxımdan ehtimal etmək olar ki, Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçirilə bilər. Hələ ki rəsmi şəkildə bu barədə məlumat verilməyib. Biz ehtimal olaraq söyləyə bilərik ki, belə bir ikitərəfli görüş reallaşa bilər. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi, Zəngəzur dəhlizi və digər məsələlərlə bağlı müzakirə edilməli mövzular şübhəsiz ki, var. Davos Forumu bu mövzularda müzakirənin aparılması üçün fürsət hesab oluna bilər. O ki qaldı görüş olacaqsa vasitəçisiz, yoxsa tərəflərin vasitəçi olmadan baş tutacağına, hər iki variant mümkündür. Ancaq nəzərə alsaq ki, tərəflər, xüsusən də Azərbaycan vasitəçilər olmadan danışıqlara üstünlük verdiyini bəyan edib, onda vasitəçilər olmadan danışıqların keçirilməsi ehtimalı daha yüksək qiymətləndirilə bilər”.

Etibar SEYİDAĞA,
Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Избранный
11
2
musavat.com

9Источники