RU

Müdafiə Nazirliyi və Dini Komitə radikallara qarşı

Ekspert: “Mübarizə tədbirləri ordu sıralarında qanun pozuntularının və neqativ təsirlərinin qarşısını almağa yönələcək”

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair 2025-ci il üçün birgə fəaliyyət planı imzalanıb. Sənədə əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində keçiriləcək tədbirlərin yeri, icra vaxtı və məsul şəxslər müəyyən edilib.

Bu il ərzində hərbi qulluqçularla təşkil ediləcək görüşlərdə azərbaycançılıq ideyasının, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılmasının inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq və digər mövzularda tədbirlərin keçirilməsi planlaşdırılıb.

İctimaiyyət arasında Müdafiə Nazirliyi ilə Dini Komitə arasında bu istiqamətdə əməkdaşlıq sazişinin imzalanması marağa səbəb olub.  

Bəs birgə saziş hansı zərurətdən yarandı və məqsəd nədir?

Araşdırmaçı jurnalist, dini sahə üzrə mütəxəssis Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanan birgə fəaliyyət planı Azərbaycanın təhlükəsizliyini təmin etmək və orduda dini radikalizmlə mübarizəni gücləndirmək məqsədi güdür: “Ordu sıralarında müxtəlif dini inanclı insanların olması, mülki həyatda radikal dini cərəyanların təsiri altında ola biləcək şəxslərin ehtimalı bu məsələyə xüsusi diqqət yetirilməsini zəruri edir. Dini radikalizm cəmiyyətdə ekstremizmə və zorakılığa səbəb ola bilər, bu isə dövlətin təhlükəsizliyinə təhdid yaradır. Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin edən ən mühüm dövlət qurumlarından biridir. Ordunun sıralarında radikal dini fikirlərin yayılması, həmçinin dini zəmində qarşıdurmaların yaranması dövlətin milli təhlükəsizliyinə ciddi təhdidlər yarada bilər. Bu ehtimalın ola biləcəyi bütün vacib addımların atılmasını gərəkli edir. Azərbaycan Ordusunda indiyədək radikal dini cərəyanların təsiri, demək olar ki, qeydə alınmayıb. Lakin Yaxın Şərqdə gedən proseslərin hansı şəkildə yayıla biləcəyini proqnozlaşdırmaq asan olmadığı üçün ola bilsin, rəsmi qurumlar preventiv tədbirlər görmək planlarını bəri başdan müəyyən edib, ehtimal ediləcək təhlükəyə qarşı hazırlıqlı olmaq istəyib. 

Bu səbəbdən müdafiə orqanları ilə dini qurumların birgə fəaliyyəti həm ordu daxilindəki hərbi qulluqçuların doğru dini məlumatlandırılması, həm də dini radikalizmlə mübarizənin effektiv şəkildə aparılması üçün vacibdir. Dövlətin hərbi strukturlarında dini ekstremizmə qarşı mübarizənin gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycançılıq ideyasının təşviqi, orduda nizam-intizamın və dövlətə qarşı sədaqətin möhkəmləndirilməsi məqsədini daşıyır".

Rəsul Mirhəşimli əlavə edib ki, birgə fəaliyyət planı çərçivəsində hərbi hissələrdə, birliklərdə və hərbi təhsil müəssisələrində radikalizmin qarşısının alınması məqsədilə tədbirlər keçiriləcək: “Bu tədbirlərdə eyni zamanda mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq mövzularına da toxunulacaq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Müdafiə Nazirliyinin əməkdaşlığı, həmçinin dini cərəyanların mənfi təsirlərinin orduda yayılmasının qarşısını almağa xidmət edir. Orduda xidmət edən hərbi qulluqçular arasında din və inanc azadlığının qorunması vacib olsa da, bu azadlığın radikalizmlə təhrif olunmaması və dövlətin təhlükəsizliyinə təhdid yaratmaması təmin edilməlidir. Bu məqsədlə dini radikalizmlə mübarizə və təhsilin düzgün istiqamətində həyata keçiriləcək tədbirlər, ordu sıralarında qanun pozuntularının və neqativ təsirlərinin qarşısını almağa yönələcək. Hərbi qulluqçularla keçiriləcək görüşlərdə onlara milli-mənəvi dəyərlərin, milli kimliyin, Azərbaycançılıq ideyasının önəmi aşılanacaq. Həmçinin radikal dini qrupların təsirindən qorunmaq üçün onların doğru dini təlimatlarla təmin edilməsi məqsədilə tədbirlər həyata keçiriləcək. Ordunun strukturunda dini radikalizmin yayılmasının qarşısının alınması, ölkənin təhlükəsizliyi və sabitliyi baxımından böyük əhəmiyyət kəsb edir. Bu sazişin imzalanması həmçinin dövlətin güc strukturlarının və mədəniyyətinin qorunması üçün mühüm addım olaraq qiymətləndirilir”.

Yazını hazırladı: Afaq MİRAYİQ

 


Избранный
5
1
azia.az

10Источники