RU

Cənubi Afrika Respublikası qəzetində 20 Yanvar hadisələrinə dair məqalə dərc olunub

Bakı, 17 yanvar, AZƏRTAC

Cənubi Afrika Respublikasının ən böyük oxucu auditoriyasına malik mətbu orqanı olan “Mail and Guardians” qazetində 1990-cı ilin Qanlı Yanvar hadisələrinə həsr olunan “20 Yanvar Azərbaycan xalqının yenilməz iradəsi olduğu kimi, ümumxalq hüznünün də təcəssümüdür” adlı məqalə dərc edilib.

Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə 1990-cı il yanvarın 20-nin Azərbaycan xalqının tarixinin ən faciəli, eyni zamanda, qəhrəmanlıq səhifələrindən biri olduğu qeyd edilir. Vurğulanır ki, Ümummilli Lider Heydər Əliyev 20 Yanvar hadisələrinə toxunaraq uzaqgörənlik və müdrikliklə deyirdi ki, biz o hadisələrdən zamanla uzaqlaşdıqca, onların Azərbaycan xalqının tarixindəki əhəmiyyətini bir o qədər dərk edirik. Lakin həqiqət budur ki, 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan xalqının həyatında dönüş nöqtəsi olmuşdu.

Xatırladılır ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı dəstələrinin, habelə daxili qoşunların kontingentinin Azərbaycana hərbi təcavüzü ölkədə milli azadlıq hərəkatını zorla yatırmaq məqsədi daşıyırdı. Bu qəddar hücum Bakıda, Sumqayıtda, Lənkəranda və Neftçalada dinc əhalinin, o cümlədən qadınlar, uşaqlar və qocalar daxil olmaqla, 147 dinc sakinin həlak olması, 744 nəfərin ağır yaralanması və 4 nəfərin itkin düşməsi ilə nəticələnmişdi. Faciədən dərhal sonra - 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində Ümummilli Lider Heydər Əliyev sovet rejiminin informasiya blokadasını yarmağa müvəffəq olmuş və Azərbaycan xalqına qarşı törədilmiş bu ağır cinayətin üstünü açaraq kütləvi qırğınlar haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmışdı.

Oxucuların diqqətinə çatdırılır ki, Azərbaycan 30 ildən artıqdır müstəqil dövlətdir və 1990-cı ildən başlayan çətin, lakin şərəfli yol Qarabağ Qələbəsi ilə ən şərəfli zirvəsinə çatıb. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad olunub. Uşaq ikən Şəhidlər xiyabanını ziyarət edən fədakar gənclər qəhrəmanlıq dastanı yazaraq, ölkənin ərazi bütövlüyünün bərpa edilməsinə öz töhfələrini veriblər.

Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin şücaətlərini və Vətən qarşısında xidmətlərini daim yüksək qiymətləndirib.

Vurğulanır ki, bu gün 20 Yanvar Azərbaycan tarixinə faciə və qəhrəmanlıq günü kimi daxil olub. Həmin gecə tökülən qanlar sayəsində Azərbaycan öz dövlət müstəqilliyinin bərpasına mühüm töhfə verib və Şəhidlər xiyabanı Azərbaycan xalqı üçün müqəddəs yerə çevrilib. Bu gün - 35 ildən sonra Azərbaycan xalqı 20 Yanvar hadisələrinin tariximizdəki yerini daha aydın görür.

Sonda qeyd olunur ki, Azərbaycan xalqı ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsini daim dərin ehtiramla anacaq.

Избранный
3
1
azertag.az

2Источники