Bahar Muradova: “Bizdən sonra gələn nəsillər gələcəyimizə sahib çıxa bilsinlər deyə milli şüurumuzu, milli identikliyimizi qoruyub saxlamaq öhdəliyimiz var”
“İki sahil” xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova qan yaddaşımızda silinməz iz qoyan Yanvar hadisələrinin tariximizin şərəfli və qürurverici səhifəsi olduğunu vurğulayıb. 20 Yanvar hadisələrinin şahidi olaraq baş verənləri milli kimlik və milli şüurumuzun formalaşdığı günlər kimi xatırlayıb. O, faciə qurbanlarını, eləcə də Azərbaycanın suverenliyi uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsini anaraq, onlara Allahdan rəhmət diləyib.
B.Muradova Ümummilli Lider Heydər Əliyevin hadisələrdən dərhal sonra bütün dünyaya səs salan müraciəti zamanı Sovet İttifaqı və onun rəhbərliyinin öz vətəndaşına qarşı ordudan istifadə etməsini, insanlıq əleyhinə qanlı cinayəti qəti şəkildə pislədiyini vurğulayıb. Ulu öndərin çəkinmədən dünya ictimaiyyətinə fikirlərini çatdırmasının xalqın əzilən ruhunu dirçəltdiyini bildirib.
Əlavə edib ki, Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyinin əldə olunması, eyni zamanda müstəqillik uğrunda baş verən hadisələrə siyasi qiymətin verilməsi istiqamətində qətiyyətli addımlar atıb.
Komitə sədri Ulu öndərin siyasi varisi, ölkə başçısı Prezident İlham Əliyevin milli düşüncə sərhədlərini qorumaq üçün məqsədyönlü siyasətindən söz açıb. Bu gün Azərbaycanın tarixi keçmişi, əzəmətli bugünü və gələcəyə yönəlmiş vahid mövqeyə, xalq-dövlət birliyinə əsaslanan siyasəti ilə regionda və dünyada seçilən dövlətə çevrildiyini qeyd edib. Azadlığın qurbanlar bahasına əldə edildiyini vurğulayaraq, işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərindən danışıb.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasını vurğulayan Komitə sədri Konstitusiyanın hər bir xalqın iradəsini müəyyən etməklə onun yaşamı, rifahı, dövlət müstəqilliyi istiqamətində vəzifələri yerinə yetirmək üçün ciddi hüquqi çərçivələr yaratdığını diqqətə çatdırıb. Bildirib ki, tarixinin keşməkeşli dönəmlərindən hər zaman üzüağ çıxan, şərəfli tarixə malik dövlətin nümayəndələri kimi yaşadığımız faciələri unutmamalı, gənc nəsillərə ötürməliyik: “Uşaq və gənclərimizin milli ruhda böyüməsi, tarixi və hüquqi, həmçinin ictimai-siyasi proseslərdən xəbərdar olması üçün bu işi ciddi şəkildə aparmalıyıq”.
Tədbir zamanı Komitə əməkdaşları çıxış edərək, həmin gecəni yada salıb, kədərli xatirələrini bölüşüblər. Azərbaycan xalqının birliyinin və rəşadətinin rəmzi olan Yanvar hadisələrinə ilk dəfə Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə hüquqi qiymət verildiyi, hadisənin təffərrüatlarının yalnız məxfilik qrifi götürüldükdən sonra üzə çıxdığı və SSRİ hakimiyyətinin məqsədyönlü siyasətinin bir hissəsi olduğu vurğulanıb. O günlərdə Azərbaycan xalqının birliyi ilə topa-tüfəngə qalib gəldiyi qeyd olunub, müstəqillik və azadlğımız uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.