İran Prezidenti Məsud Pezeşkian Rusiya lideri Vladimir Putinlə Moskvada keçirilən görüşdə regionla bağlı mühüm açıqlamalar verib. Görüş zamanı Pezeşkian bildirib ki, bölgədəki məsələlərə xarici güclərin müdaxiləsi əvəzinə regional dövlətlər rəhbərlik etməlidir. Onun bu bəyanatı birbaşa olaraq regional sabitliyi pozmağa çalışan ölkələrə ünvanlanmış bir mesaj kimi qiymətləndirilir.
Yenisabah.az xəbər verir ki, Pezeşkianın açıqlamasında vurğulanıb ki, xarici qüvvələrin bölgədə mövcudluğu yalnız gərginliyi artırır:
“İranın ali rəhbərinin tövsiyələrinə əsasən, bizim əqidəmiz ondan ibarətdir ki, bölgənin idarə olunması regional dövlətlərin birgə səyləri ilə həyata keçirilməlidir. Uzaqdan gələn ölkələrin bölgəni qarışdırmağa, öz siyasətlərini zorla tətbiq etməyə cəhd göstərməsi nə region, nə də dünya üçün faydalı ola bilər. Rusiya ilə İran arasındakı möhkəm əlaqələr və əməkdaşlıq bu cür planları mütləq alt-üst edəcək.”
İran liderinin bu mövqeyi bir çoxlarının diqqətini çəkib və ekspertlər bunu müxtəlif prizmalardan analiz edirlər. Bəzi müşahidəçilər Pezeşkianın Ermənistanı nəzərdə tutduğunu, digərləri isə onun Qərb dövlətlərinə, xüsusilə ABŞ-a mesaj göndərdiyini düşünür.
Həmçinin, görüşdə Rusiya ilə İran arasındakı iqtisadi, siyasi və hərbi əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub. İki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi, Qafqaz və Yaxın Şərqdə sabitliyin təmin olunmasında qarşılıqlı əməkdaşlığın vacibliyi vurğulanıb.
Məsud Pezeşkianın bu açıqlamaları həm regional, həm də qlobal səviyyədə geniş rezonansa səbəb olub. İran-Rusiya münasibətlərinin dərinləşməsi və bunun regiona təsirləri ilə bağlı növbəti addımlar maraqla gözlənilir.
Aytac Şahin
Telegram kanalımız