Bu gün səhər saatlarında Tehranda şəhər parkı qarşısında Ali Məhkəmənin iki yüksək rütbəli hakimi və bir mühafizəçisi güllələnib. Hakimlərdən ikisi ölüb, digər hakim və mühafizəçi isə yaralanıb. Höccətül-islam Muqəyyəsə və Höccətül-islam Razini hadisə yerində həlak olub. Miri adlı hakim və mühafizəçisi isə yaralanıb.
Hücum edən şəxs Tehran Ədliyyəsinin xidmət qüvvələrindən biri olub. O, atışmadan sonra intihar edib.
Hadisədən sonra məhkəmə binasının girişinin qarşısı polislər tərəfindən bağlanıb.
***
İran prezidenti Məsud Pezeşkian hakimlərin öldürülməsinə reaksiya verib: “Mən təhlükəsizlik və hüquq-mühafizə qüvvələrindən bu hadisənin təfərrüatlarını araşdıraraq, onu törədənləri aşkar edərək mümkün qədər tez və lazımi tədbirlər görməyi tələb edirəm”.
Birgə iclas
Ali Məhkəmənin iki hakiminin öldürülməsindən bir neçə saat sonra İranın dövlət mediası qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin rəhbərləri Qalibaf, Pezeşkian və Ejeinin prezident aparatında birgə iclas keçirdiklərini əks etdirən görüntülər dərc edib.
“Külək əkən tufan biçməlidir”
Nobel Sülh Mükafatı laureatı Şirin Ebadi “İnstaqram” hesabında İranın Ali Məhkəməsinin hakimləri Əli Razini və Məhəmməd Moqəyyisənin öldürülməsinə münasibət bildirərək yazıb: “Bu gün onların qətli məhkəmə sisteminin davranış, prosedur və repressiyalarının nəticəsidir. Kim külək əkərsə, qasırğa biçər”.
Ədliyyə Nazirliyinin bir neçə işçisi həbs edilib
İLNA xəbər agentliyi İran Ali Məhkəməsinin hakimləri Əli Razini və Məhəmməd Moqəyyəsənin öldürülməsindən sonra Ədliyyə Nazirliyinin bir neçə əməkdaşının prokurorun göstərişi ilə həbs edildiyini bildirib.
Əməliyyatın hadisə ilə bağlı aparılan araşdırmalar çərçivəsində həyata keçirildiyi qeyd olunur.
Keçmiş məhbus: “Ümid edək ki, növbəti Səlavati olacaq”
Uzun müddət Evin zindanında saxlanılan keçmiş məhbus və “Qəfəssiz Səma: İran həbsxanasında 804 günüm” adlı kitabın müəllifi Avstraliya-Britaniya vətəndaşlığı olan tədqiqatçı Kayli Mur-Gilbert İranda Ali Məhkəmə hakimlərinin öldürülməsi ilə bağlı paylaşım edib.
O, Höccətül-islam Muqəyyəsa və Höccətül-islam Razinin qətlindən sonra “X” hesabında qəddarlığı ilə tanınan başqa bir hakim barədə yazıb: “Ümid edək ki, növbəti Səlavati olacaq”.