2024-cü ildə Azərbaycan vətəndaşları Türkiyədə 866 mənzil alıblar, bunun da 110-u dekabrda olub.
İndex.az Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2023-ci illə müqayisədə olaraq 34 mənzil (4,1 %) çoxdur. 2023-cü ilin dekabr ayı ilə müqayisədə isə 2024-cü ilin dekabrında alınan mənzillərin sayı 58 mənzil (2,1 dəfə) çoxdur.
Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 6-cı yerdə qərarlaşıb. Ümumilikdə, 2024-cü ildə Türkiyədə xarici vətəndaşlara 23 975 mənzil (il ərzində 11 293 ədəd və ya 32,02 % azalıb) satılıb. Təkcə dekabr ayında ölkədə 2 437 xarici vətəndaş (360 ədəd və ya 17,33 % çox) mənzil sahibi olub.
Ötən ilin dekabrında Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Onlara ötən ay 438 mənzil (89 mənzil və ya 16,9 % az) satılıb. Ötən il isə rusiyalılar bu ölkədə 4 867 mənzil (5 693 ədəd və ya 2,2 dəfə az) alıblar.
Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. İranlılara ötən il bu ölkədə 2 166 mənzil satılıb, onların 239-u dekabr ayında əldə edilib. Bu da 2023-cü illə müqayisədə 2 106 ədəd və ya 2 dəfə azdır, 2023-cü ilin dekabr ayına nisbətən isə 34 mənzil və ya 16,6 % çoxdur.
İlk 3-lüyü isə Ukrayna qapadır. Ötən ay Ukrayna vətəndaşları Türkiyədə 181 mənzilə (68 mənzil və ya 60,2 % çox) sahib olub, 2024-cü ildə isə 1 290 mənzil (89 ədəd və ya 5,17 % az) alıblar.