Xaçmazda baş verən yol qəzasında xəsarət alan şəxs ölüb.
APA xəbər verir ki, qəzada xəsarət alan 1998-ci il təvəllüdlü Qədirov Samil Emin oğlu Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisələrindən birinə göndərilib. S.Qədirov yolda vəfat edib.
***
11.47
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Müşkür kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Shacman” markalı yük avtomobili ilə “Ford” markalı digər yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Ford”un sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə Xaçmaz rayonu, Çiləgir kənd sakini, 1998-ci il təvəllüdlü sürücü Qədirov Samir Emin oğlunu deformasiyaya uğramış avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
TƏBİB-dən APA-ya bildirilib ki, yanvarın 21-də saat 10:00 radələrində Xaçmaz rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1988-ci il təvəllüdlü (kişi cinsli) şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, travmatik şok diaqnozu qoyulub.
Hazırda vəziyyəti kritik ağır olaraq qiymətləndirilir.
***
11.40
Xaçmazda yük avtomobilləri toqquşub.
APA-nın Şimal bürosu xəbər verir ki, hadisə Gəndob-Yalama avtomobil yolunun 27-ci km-də, Xaçmaz rayonunun Müşkür kəndi yaxınlığında baş verib.
"İveco" markalı iri tonnajlı yük avtomobili qarşıdan gələn "Ford" markalı yük avtomobili ilə toqquşub. Nəticədə "Ford"-un sürücüsü Samil Qədirov ağır xəsarətlər alaraq deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları onu çıxaraq təcili tibbi yardım briqadasına təhvil verib.
O, Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.










