Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2024/2025 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 16-cı tur çərçivəsində “Mes Rafsancan” komandası ilə qarşılaşıb.
Serbiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu oyunda darmadağına seviniblər – 5:1. Təbrizlilərə qələbə gətirən qolları Əmirhüseyn Hüseynzadə (34), Tomislav Ştrkal (39), Mahdi Haşemnecad (46), Səccad Aşuri (83) və Danial Esmaeilifar (85) vurublar.
“Traktor” hazırda 16 oyuna topladığı 35 xalla 16 iştirakçı arasında zirvədə qərarlaşıb. Hesabat turunu qələbə ilə başa vurmuş “Sepahan” da 35 xal toplamasına baxmayaraq, ikincidir. Cənubi Azərbaycan təmsilçisi 16 oyunda 11 qələbə qazanıb, 2 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb. Təbriz klubu çempionatdakı növbəti matçını yanvarın 26-da səfərdə “Persepolis” komandasına qarşı keçirəcək.