Bu barədə Manset.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Qeyd olunub ki, Dövlət Xidmətinin Bakı Regional İdarəsi yanvarın 9-da Yasamal rayonu, Rostropoviçlər küçəsi, 19 ünvanında yerləşən 5 min 595 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə faktı aşkarlayıb. Məlumata görə, abidəyə baxış keçirən zaman qanunsuz söküntü işlərinin aparıldığı müəyyən edilib: "Əraziyə dəvət olunan aidiyyəti dövlət orqanlarının əməkdaşları ilə birgə söküntü işləri dayandırılıb, qanunsuz müdaxilə hallarının aradan qaldırılması ilə bağlı xəbərdarlıq olunub". Bildirilib ki, buna baxmayaraq yanvarın 19-da qanunsuz söküntü işlərinin yenidən təkrarlandığı aşkar edilib:
"Aşkarlanan fakt üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə birgə qanunsuz görülən işlər dayandırılıb. Abidənin əvvəlki vəziyyətinə qaytarılması üçün tədbirlər davam etdirilir".