RU

Xulian Alvares ÇL-də həftənin ən yaxşı oyunçusu seçildi

Madrid “Atletiko”sunun argentinalı hücumçusu Xulian Alvares UEFA Çempionlar Liqasında (ÇL) həftənin ən yaxşı futbolçusu seçilib.

Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, argentinalı futbolçu azarkeşlərin səsverməsinə əsasən UEFA Çempionlar Liqasında həftənin ən yaxşısı olub. Alvares ÇL-in Liqa mərhələsinin 7-ci turunda Almaniya çempionu “Bayer”lə görüşdə (2:1) dubl edərək komandasının qələbəsində əsas pay sahibi olub.

Səsvermədə ikinci yeri Lyuk de Yonq (PSV), üçüncü yeri Vinisius Junior (“Real”, Madrid), dördüncü yeri isə Rafinya (“Barselona”) tutub.

Xatırladaq ki, Xulian Alvares Argentinanın “River Pleyt” klubunun yetirməsidir. Argentinalı futbolçunun Avropa səfəri “Mançester Siti” ilə başlayıb. “Atletiko” Xulian Alvaresi 2024-cü ilin avqustunda 75 milyon avro məbləğ müqabilində “Mançester Siti”dən öz heyətinə qatıb. Alvares “döşəkçilər”lə müddəti 2030-cu ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Alvares “Atletiko”nun heyətində meydana çıxdığı 31 oyunda 16 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Xulian Alvares 2021-ci ilin iyununda debüt etdiyi Argentina yığmasının heyətində 42 oyuna çıxıb, 11 qol vurub, 2 məhsuldar ötürmə verib. Alvares “albiseleste” ilə 2022-ci ildə dünya çempionatının qalibi olub. O, yığmanın heyətində 2 dəfə Amerika Kubokunu (2020/2021, 2023/2024) də qazanıb. 2021/2022 mövsümündə isə o, yığma ilə Finalissimanın qalibi olub. Argentinalı hücumçu klub futbolundakı titullarının əksərini isə “Mançester Siti” ilə qazanıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğin qiymətləndirir.

Избранный
28
10
arena.az

10Источники