İşğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
"Operativ Media" xəbər verir ki, Dövlət Turizm Agentliyindən İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirib ki, burada əsas diqqət turizm əsaslı infrastrukturun yaradılmasına, insan resurslarının inkişafına və turizm məhsullarının genişləndirilməsinə yönəlib.
Qeyd edilib ki, ümumiyyətlə, bölgənin iqtisadi rayonları üzrə turistik ərazilərin potensialı qiymətləndirilib və burada diqqət çəkən resurslar üzərində konsepsiyalar hazırlanıb:
"Turizm və rekreasiya zonalarının yaradılması ilə bağlı təkliflər də təqdim edilib. Dövlət Turizm Agentliyinin tabeliyində “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılmasını, Qarabağ Regional Turizm İdarəsinin formalaşdırılmasını institusional çərçivədə bölgənin turizm imkanlarının səmərəli istifadəsi üzrə əhəmiyyətli tədbirlərdən hesab etmək olar".
Məlumatda vurğulanıb ki, bütövlükdə, Qarabağ bölgəsinin zəngin turizm potensialının istifadəsi və tanıdılması da hədəflərimiz sırasındadır:
"İştirak etdiyimiz bütün beynəlxalq tədbirlərdə, sərgilərdə Qarabağın turizm potensialı haqqında geniş təbliğat işləri aparılır. Qarabağın turizm potensialının tanıdılması işinə dəstək vermək üçün burada beynəlxalq tədbirlər də təşkil olunur. Məsələn, 2022-ci ilə Şuşada keçirilən I Beynəlxalq Kulinariya festivalı, 2023-cü ildə Ağdamda “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda I elmi-praktiki konfrans, “Türk dünyasının mədəni turizm perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans, bu il Şuşa şəhərində təşkil olunan beynəlxalq qastronomiya gününü, həmçinin “Azərbaycan Sağlamlıq Turizmi Konfransı: inkişaf imkanları” mövzusunda beynəlxalq konfransı nümunə gətirə bilərik. Bu kimi tədbirlər həm də bölgənin gələcəkdə işgüzar turizm imkanlarını tanıdılması işinə töhfədir".