RU

Azərbaycanın uğurları region üçün nümunədir

Dünya İqtisadi Forumu ölkəmizin “rəqəmsal iqtisadiyyat” quruculuğunu yüksək qiymətləndirib

Dünya İqtisadi Forumunun (DİF) bu günlərdə dərc edilən “Təsir Hesabatı: Dördüncü Sənaye İnqilabı Şəbəkəsi 2023-2024 Mərkəzi” (“Impact Report: Centre for the Fourth Industrial Revolution Network 2023-2024”) adlı hesabatında Azərbaycanda müasir innovasiya və sənaye quruculuğu yönündə son illərdə aparılan islahatları yüksək dəyərləndirilib. Hesabatda qeyd olunur ki, Azərbaycanda reallaşdırılan “Digital FDI” layihəsi hədəf prioritetlərinə çatmaq yolunda xeyli müsbət dəyişikliklərə səbəb olub. “Digital FDI” təşəbbüsü Azərbaycanın innovasiya və sahibkarlıq mühitinə mühüm təsir göstərib, yerli biznesin qlobal rəqəmsal transformasiya tendensiyalarına uyğunlaşmasına strateji dəstək verib. Şirkət və startaplar rəqəmsal hazırlıq səviyyələrini qiymətləndirmək, inkişaf istiqamətlərini müəyyənləşdirmək və praktik tövsiyələr almaq imkanı qazanıb ki, bu da onların investisiya cəlb etmə və fəaliyyətlərini genişləndirmə potensialını artırıb. Ümumilikdə, həmin strateji çərçivəyə əsasən, Azərbaycanda  “rəqəmsal iqtisadiyyat” quruculuğu arxitekturası xeyli güclənib, ölkədə fəaliyyət göstərən yerli və beynəlxalq müəssisələr arasında koordinasiyanın güclənməsi bazar dinamikasının yüksəlməsinə şərait yaradıb.

Rəqəmsal texnologiyaların yeni ünvanı - azad ərazilər

DİF-in ekspert qrupunun qənaətinə görə, sürətlə dəyişən qlobal mühitdə Azərbaycan rəqəmsal transformasiyanı iqtisadi artımın əsas amili kimi görür və həm yerli, həm də beynəlxalq investisiyalar üçün cəlbedici mühit yaradır, məqsədyönlü  tədbirlər həyata keçirir. Bildirilir ki, xarici investisiyaların cəlb edilməsi, özəl sektorun stimullaşdırılması və rəqəmsallaşmanın inkişafı Azərbaycan üçün sosial-iqtisadi inkişaf baxımından böyük əhəmiyyət kəsb edir.

Hazırda ölkəmizdə süni intellekt müxtəlif sahələrdə, o cümlədən, sənaye, energetika, kənd təsərrüfatı, SOCAR-ın müsəssisələri və sənaye parkları, futbol, güləş, cudo və digər sahələrdə daha geniş tətbiq edilir. Bundan başqa, müxtəlif biznes layihələrində, tikinti və texnologiyalar sahələrində süni intellekt və robotlar vasitəsilə müxtəlif layihələrin icrası həyata keçirilir. Bununla yanaşı, gömrük məntəqələrində xüsusi komputerlər və kameralar vasitəsilə məhsulların skan olunması və gömrük araşdırmalarının süni intellekt əsasında aparılması istiqamətində işlər gedir. Azərbaycan dilinin korpusunun yaradılması, çağrı mərkəzlərində süni intellekt vasitəsilə səsin, yazının tanınması və insanlara cavab verilməsi, generativ əsaslı xüsusi mobil tətbiqlər vasitəsilə insanlar arasında ünsiyyətin qurulması və məlumat mübadilələrinin qurulması istiqamətində də işlər aparılır.

Süni intellektlərin geniş istifadə olunduğu texnologiyalar ağıllı sistemlərə əsaslanır. Bu baxımdan Azərbaycanda son dövrlərdə “ağıllı texnologiyalar”a   geniş yer verilməsi yeni sənaye inqilabı quruculuğu hədəflərinə tam cavab verir.  Qarabağ və Şərqi Zəngəzurda “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyasından istifadənin artması da müasir süni inlellekt  texnologiyalarına keçidin sürətlənməsindən xəbər verir.

DİF-Azərbaycan əməkdaşlığı regional rəqəmsal quruculuğa töhfə verir

Azərbaycanla Dünya İqtisadi Forumu arasında səmərəli tərəfdaşlığın mühüm nəticəsi olaraq Dördüncü Sənaye İnqilabı (4Sİ) Şəbəkəsinin Azərbaycan Mərkəzi fəaliyyətə başlaması ölkəmizin mütərəqqi texnologiyalara əsaslanan sürətli inkişaf tempinə nail olmasına, regional rəqəmsal əməkdaşlığın genişlənməsinə töhfə verməkdədir. 4Sİ yüksək texnologiyalar və rəqəmsal iqtisadiyyat quruculuğunda və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.

IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov bildirib ki, pilot layihə DİF ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Müasir enerji gündəliyinə uyğun olaraq layihə süni intellektin energetika sahəsinə tətbiqinə yönəlib və bu da Azərbaycanda enerji istehlakını  optimallaşdırmağa, enerji səmərəliliyini artırmağa, əməliyyat xərclərini azaltmağa və ətraf mühitə təsiri minimuma endirməyə imkan verəcək. Bu layihə müsbət və uğurlu nəticələr verməklə digər ölkələr üçün model olacaq.

DİF Azərbaycanda rəqəmsal mühitin inkişafında yerli və xarici investisyaların əhəmiyyətinə də diqqət çəkir. Bu layihə rəqəmsal investisiya mənzərəsi haqqında şəffaf məlumat təqdim edərək, investisiya qərarlarının qəbulunu sadələşdirmək məqsədi daşıyır. “InvesTech” kalkulyatoru layihənin strategiyasının vacib hissəsidir və əlavə xarici investisiyaların cəlb olunmasına şərait yaradır.

Süni intellekt təmiz enerjiyə keçiddə mühüm rol oynayır

Hesabatda vurğulanır ki, süni intellekt təmiz enerjiyə keçiddə də mühüm yer tutur. Bu innovasiya və texnologiyaların köməyilə karbohidrogenlərin istehsalı və emalında ən yaxşı nəticəyə nail olmaq mümkündür. Ölkəmizin milli neft təchizatçısı - SOCAR-ın 2050-ci il üçün “Xalis sıfır” hədəfləri də süni zəka infrastrukturuna fokuslanıb. Hazırda karbon emissiyaları sahələrinin dəqiq aşkarlanması və idarə olunmasında peyklər və dronlar da daxil olmaqla digər süni texnologiyalara geniş yer verilməkdədir. Həmçinin bu texnologiyalardan istifadə yolu ilə metan emissiyalarının izlənməsi və azaldılması nəzərdə tutulur.

Hazırda Azərbaycan nufuzlu rəqəmsal şirkət olan “AI in Energy” təşəbbüsü ilə süni intellekt əsaslı həllərin inkişafına xüsusi önəm verməkdədir ki, bu da həm Azərbaycanda, həm də dünya miqyasında karbon emissiyasının azaldılmasına, şəhər enerjisinin idarə edilməsini yaxşılaşdırmağa, təmiz ekoloji enerjiyə keçidi sürətləndirməyə imkan verəcək. Bundan başqa, Azərbaycanın enerji sistemlərinə süni intelektin inteqrasiyası imkanlarının artması şəhər şəraitində dayanıqlılığın və enerji səmərəliliyinin yüksəlməsində yeni mərhələ açacaq.

Qeyd edək ki, 2024-cü ilin ortalarında Dünya İqtisadi Forumunun “IDEA: Investing in the Digital Economy of Azerbaijan” adlı hesabatında da Azərbaycanın startaplar və innovasiyalar üçün əlverişli mühit yaratması, bu sahədə əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirib.

E.CƏFƏRLİ

Избранный
5
4
yeniazerbaycan.com

5Источники