RU

Saray qəsəbəsində dərəbəylikdir, evlər qarət olunur -AÇIQLAMA

Narkomanlar at oynadır, vətəndaşların səsinə səs verən yoxdur

Vüqar Tofiqli: “Polis əməkdaşları ərazilərə daim nəzarət etməlidir, sahə müvəkkillərinin bu məsələdə üzərlərinə böyük məsuliyyət düşür, çünki onlar ərazidəki sakinləri tanıyırlar, kimin nə işlə məşğul olduğunu da bilirlər, uzaqbaşı, təxmin edirlər”
 
Abşeron rayonu, Saray qəsəbəsində oğurluq halları intensiv xarakter alıb. Əldə edilən məlumata görə, son günlərdə qəsəbədə bir neçə evdən oğurluq edilib. Son 3 hadisə Əziz Əliyev küçəsində baş verib. Məsələ burasındadır ki, hadisələr əhalinin sıx məskunlaşdığı ərazilərdə baş verir, necə deyərlər, gözdən-könüldən iraq yerlərdə yox. Saray qəsəbəsində əsasən həyət evləri, fərdi tikililərdir. Oğrular müxtəlif üsullarla həyətlərə daxil olur, mənzilləri qarət edirlər. Əslində, mənzillərdə qarət ediləsi bahalı əşyalar olmur. Çünki sahibləri bu evlərə adətən istirahət günlərində, yay tətili, məzuniyyət vaxtları gəlir. Qəsəbədə daimi məskunlaşmış sakinlərlə yanaşı, bu həyət evlərindən yazlıq kimi istifadə edənlər də var. Oğruların axtardığı nədir? Televizorlar, köhnə samovar, metal əşyalar, naqillər, dirəklər, tikinti materialları, hətta barmaqlıqları, məhəccərləri də bəzən xüsusi alətlə kəsib aparırlar. Qarət olunan əşyalara görə belə ehtimal etmək olar ki, oğrular əllərinə nə keçirsə aparır, təki satıb pula çevirsinlər. Metal, alüminium əşyaların alıcısı isə adətən metal qəbulu məntəqələridir. Məntəqələrdə bu əşyalar dəyər-dəyməzinə alınır. Bəzən bağ evlərindən, yaxud mənzillərdən oğurluq edənlərin bunu ehtiyac səbəbindən etdikləri deyilir. Lakin bəzən də məlum olur ki, oğurluq edənlər narkotik istifadəçiləridir. Narkotik maddə aludəçiləri nəyin bahasına olursa-olsun, pul əldə etməyə çalışır və oğurluq etməkdən də çəkinmirlər. Bu günlərdə Saray qəsəbəsində baş vermiş oğurluq hadisəsindən sonra evin sahibi mənzilə daxil olarkən qeyri-adi görüntü ilə rastlaşıb. Mənzildəki dağınıqlıq öz yerində, oğrunun divanda uzanıb yatdığı, bolluca siqaret çəkdiyi, döşəmədə çoxsaylı siqaret kötükləri qarətçinin ən azı bir gecə burada keçirdiyinə dəlalət edib. Ümumiyyətlə, Saray qəsəbəsində oxşar hadisələr əvvəllər də baş verib. Bir neçə il əvvəl qəsəbədə nə az, nə çox, tam 16 evdən oğurluq etmiş şəxs polis tərəfindən saxlanmışdı. Həmin şəxs izahatında oğurluqları etiraf edərək əşyaları paytaxtın Sabunçu rayonunda satdığını bildirmişdi.

Daimi nəzarət, məskunlaşma olmayan evlər necə qorunmalıdır? Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a açıqlamasında bağ evlərindən oğurluq hallarının davam etdiyini təəssüflə qarşıladı:

- Əvvəllər mehriban, səmimi qonşuluq münasibətləri olardı. Yay mövsümündə bağ evinə köçənlər payızda şəhərə qayıdanda həyət-bacanı qonşuya tapşırıb arxayın qayıdırdılar. Növbəti mövsüm bağa köçəndə hər bir əşyanı yerli-yerində görürdülər. Təəssüf ki, bu ənənələr pozuldu, kimsə-kimsəyə etibar etməz oldu. Üstəlik, oğurluq halları da çoxaldı. Oğruları dindirsən, deyəcəklər, ehtiyacımız vardı, pul lazım idi, ona görə etdik. Lakin insanlar arasında ehtiyaclılar həmişə olub, amma kimsə başqasının malına-mülkünə göz dikməyib, oğurluq etməyib. Bəlkə, kənar yerlərdən gələnlər bunu edərdi. Eyni kəndin, qəsəbənin sakinləri isə qonşunun malına əl uzatmazdı. Ənənələr dəyişdi, mehribanlıq, halallıq aradan qalxdı. Son illərdə baş verən oğurluq, qarət hadisələrində çox zaman tanışlar, qohumlar, qonşuların iştirak etdiyi görünür. Qəsəbədə hansı evdə daimi, hansında müvəqqəti  yaşayış olduğunu sakinlər bilir. Kənardan müşahidə edirlər, görürlər kimsə evə daxil olmur, kimsə çıxmır, səs-səmir gəlmir, 1-2 gün müşahidə edib, bilirlər ki, evdə kimsə qalmır. Fürsət düşən kimi mənzilə daxil olurlar.

V.Tofiqli qeyd etdi ki, belə yerlərdə nəzarət-müşahidə kameralarının quraşdırılması vacibdir:
- Nəzarət kameraları oğruları çəkindirən vasitədir. Real vasitədir ki, oğru tapılsın. Onlar da bunu bilir, küçədə, evin qarşısında kamera varsa, həmin ərazidən uzaq gəzirlər. Bu da məlumdur ki, hər kəsin kamera quraşdırmaq imkanı yoxdur. Amma hüquq-mühafizə orqanları əməkdaşları ərazilərə daim nəzarət etməlidir, sahə müvəkkillərinin bu məsələdə üzərlərinə böyük məsuliyyət düşür, çünki onlar ərazidəki sakinləri tanıyırlar, kimin nə işlə məşğul olduğunu da bilirlər, uzaqbaşı, təxmin edirlər.  

V.Tofiqli yerli özünüidarəetmə orqanı bələdiyyələrin də fəaliyyətinə toxundu:
- Bələdiyyələr də sakinlər arasında maarifləndirici söhbətlər aparmalı, sakinlərin iştirakı ilə görüşlər təşkil etməli, ərazidə sabitliyə, sakitliyə riayət olunmasına əhalini təşviq etməlidir. Ümumiyyətlə, bütün ərazilərdə hiss olunmalıdır ki, evlərə, küçələrə nəzarət var.
Избранный
17
sherg.az

1Источники