"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda (AÇG) sərbəst qazın işlənməsi layihəsi çərçivəsində ilk hasilata bu ilin sonunda başlanıla bilər.
Bunu jurnalistlərə açıqlamasında"BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.
Onun sözlərinə görə, hazırda iki prioritet laydan qaz hasil etmək məqsədilə ilkin quyu qazılır və bu prosesin cari ilin ikinci-üçüncü rübündə başa çatacağı gözlənilir.
Tamam Bayatlı qeyd edib ki, quyu qazıldıqdan sonra burada qazın hasilatına dərhal başlanılmayacaq. Quyu "Qərbi Azəri" platformasından gedən mövcud qaz sisteminə qoşulmalıdır ki, quyudan "mavi yanacaq" Səngəçal terminalına nəqli mümkün olsun.
"Bunun üçün də platformada böyük həcmdə avadanlıq quraşdırılmalıdır və hazırda bu istiqamətdə işlər aparılır", - Tamam Bayatlı qeyd edib.
O əlavə edib ki, qeyd olunan quraşdırma işləri platformanın dayandırılmasını tələb eləmir.
Xatırladaq ki, AÇG yatağındakı sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə 20 sentyabr 2024-cü il tarixində AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavə imzalanıb. AÇG yatağının STQ ehtiyatlarının xeyli iri həcmdə - 4 trilyon kub futadək olduğu düşünülür.
Bu sənədə uyğun olaraq, SOCAR və AÇG tərəfdaşları hazırda STQ laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Bu işlərin bir hissəsi kimi hazırda iki prioritet laydan qaz hasil etmək məqsədilə ilkin quyu qazılır. Bu quyu olduqca əhəmiyyətlidir, çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq. Quyu mövcud "Qərbi Çıraq" platformasında qazılır.
©apa