RU

Bu marketinq hiylələri ilə alıcılar aldadılır -

Marketlərdə adətən görürük ki, hansısa məhsulun adı başqa, tərkibi isə tamam başqadır. Məsələn, “bal” adı ilə satılan bəzi məhsulların tərkibində bal siropu və ya digər şəkərli maddələr var. Belə başqa məhsulları da misal göstərmək olar ki, aldadıcı adlarla istehlakçıları yanıltmağa çalışırlar. Bəs bu vəziyyətin qarşısını necə almaq olar? Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda malların adının dəyişdirilməsi, brend mallara oxşadılması çox böyük yayılmış istehlakçı problemidir: “Təkcə ərzaq mallarında deyil, bir çox sahələrdə buna rast gəlmək mümkündür. Ötən gün bizə telefonla gələn şikayətdə bildirilir: “Hundai” dükanları yazılıb. Biz də elə bilirik ki, orada orijinal avtomobillər hissələri satılır, lakin içəridə saxta hissələr satılır”. Azad İstehlakçılar Birliyi bununla bağlı xeyli iş aparıb və təəssüf ki, bazarda vəziyyət dəyişməyib. Yaxud “Lukoil”in adını oxşar formada edirlər, əhali elə bilir ki, əsl “lukoil” benzinləridir. “Panasonic”in adını “panatonic”, “pafofonic” və s. Edib satırlar. Bu yaxınlarda mənə şikayət edirlər ki, “LG” mallarının da saxta variantları istehsal olunub. Eləcə də bu, qida məhsullarında mövcuddur”. Sədr qeyd edib ki, qanun qadağan etdiyi hallarda belə Azərbaycanda qeydiyyata alınmış müəyyən ticarət markaları bəzən istehlakçıların hüquqlarını pozurlar, onları aldatmaq üçün müəyyən marketinq həyata keçirirlər: “Məsələn, bizim ofisimizdə üzərində arı şəkli olan ballar var ki, arı ilə heç bir əlaqəsi olmayan naməlum paraşoklardan əmələ gəlib. Ölkədə neçə ildir süni kürü satılır. Xarici ölkələrdən gələnlər Azərbaycanı “kürü ölkəsi” hesab edirlər, ucuz qiymətə alırlar. Azad İstehlakçılar Birliyi çox çətinliklə onun üzərindən nərə balığının şəklini yığışdırmağa nail oldu. Lakin Rusiyadan bu cür süni kürülər gətirilir. İlk baxışda, hətta yeyəndə belə onu ayırd etmək çox çətindir”. E.Hüseynov tövsiyə edib ki, xüsusən ərzaq dükanlarında insanlar bu zülallarla rastlaşanda mütləq dövlət orqanlarına məlumat versinlər: “Qida Təhlükəsizliyi Agentliyi daim etiket məlumatları ilə malın tərkibini, araşdırma işini aparır və bu sahədə xeyli irəliləyiş var. Qida Təhlükəsizliyi Agentliyinin 1003 qaynar telefon xətti ilə məlumat verə bilərlər. Sənaye mallarında da belə problemlər var. Məsələn, İvanovka kəndinin Azərbaycanda üç dükanı var, lakin Bakıda iyirmiyə qədər “İvanovka” adlı dükan mövcuddur. Belə hallarda isə vətəndaşların İqtisadiyyat Nazirliyinin 195 qaynar telefon xəttinə məlumat vermələrini tövsiyə edirəm”.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
26
1
metbuat.az

1Источники