RU

Cüdo: Azərbaycan millilərinin yeni məşqçi heyəti açıqlandı

Azərbaycan Cüdo Federasiyası (ACF) yeni Olimpiya tsikli ərəfəsində milli komandaların məşqçilər heyətində bir sıra dəyişikliklər edib.

Arena.az bu barədə ACF-in mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, ACF milli komandaların bütün yaş kateqoriyalarının işini beynəlxalq standartlara uyğunlaşdırmaq və aşkarlanmış istedadların elit idmançı səviyyəsinə effektiv şəkildə keçidini təmin etmək məqsədilə məşqçilər heyətində bir sıra dəyişikliklər barədə qərar qəbul edib.

ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu yeni məşqçi təyinatlarını şərh edərkən bildirib ki, bu dəyişikliklər federasiyanın qlobal səviyyədə rəqabət apara biləcək elit cüdo komandasının formalaşdırılması istiqamətində atdığı mühüm addımdır:

“Cəlb edilən yeni xarici mütəxəssislərin hər biri fərqli cüdo məktəbini təmsil edir və bununla da ən yaxşı təcrübələrdən istifadə imkanlarımız genişlənir. Bu, eyni zamanda, yerli məşqçilərin özlərini inkişaf etdirmələri üçün münbit şərait yaradır. Əminik ki, daha da gücləndirilmiş məşqçi heyətimiz federasiyanın qarşısına qoyduğu məqsədlərə çatmaqda öz dəyərli töhfəsini verəcək”.

Belə ki, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman milli komandaların bütün yaş qrupları üzrə fəaliyyətinin təşkilinə və koordinasiyasına nəzarət edəcək performans direktoru vəzifəsinə təyin edilib. O, eyni zamanda kişilərdən ibarət millimizin baş məşqçisi kimi fəaliyyətini davam etdirəcək.

Elxan Məmmədova yeni təyinat, Rəşad Məmmədovla əməkdaşlığa son

Elxan Məmmədov kişilərdən ibarət millimizin böyük məşqçisi vəzifəsinə təyin edilib. Buna qədər o, gənclərdən ibarət milli komandanın baş məşqçisi kimi çalışıb.

Həmçinin, indiyə qədər Polşa, Avstriya və Belçika milli komandalarında baş və böyük məşqçi kimi çalışmış Robert Kravçik də kişilərdən ibarət millimizin böyük məşqçisi kimi fəaliyyət göstərəcək. 2013-cü ildən məşqçilik fəaliyyəti göstərən Kravçikin yetirmələri Olimpiya Oyunları, Avropa Oyunları və çempionatlarının dəfələrlə mükafatçıları olublar.

Gənc oğlanlardan ibarət milli komandanın baş məşqçisi vəzifəsi isə indiyə qədər yeniyetmə oğlanlardan ibarət millinin baş məşqçisi olmuş Rüstəm Alimliyə həvalə edilib.

Yeniyetmə oğlanlardan ibarət milli komandanın baş məşqçisi isə indiyə qədər bu komandada məşqçi kimi çalışan Emin İskəndərov təyin edilib.

Gənc və yeniyetmə oğlanlardan ibarət milli komandaların texniki və taktiki hazırlığının müasir standartlara uyğun təmin edilməsi üçün Kotaro Sasaki bu komandalarda məşqçi kimi fəaliyyət göstərəcək. Yaponiyanın məhşur “Tokai” Universitetinin məzunu olan K.Sasaki 2016-cı ildən etibarən Yaponiya və Avropada bir sıra klublarda məşqçi kimi çalışmaqla yanaşı, müəyyən müddət Polşa Cüdo Federasiyasında yeniyetmələrdən ibarət komandanın əsas məşqçisi, həmçinin Olimpiya heyəti üzrə və gənclərdən ibarət milli komandanın köməkçi məşqçisi kimi fəaliyyət göstərib. Sasakinin yetirmələri böyüklər və gənclər arasında dünya çempionatlarının mükafatçıları olublar.

Qadınlardan ibarət milli komandanın baş məşqçisi Rəşad Məmmədovla qarşılıqlı razılaşma əsasında əməkdaşlığa son verilib. Federasiya Rəşad Məmmədova göstərdiyi xidmətlərə görə təşəkkür edib. Mütəxəssisə gələcək fəaliyyətində uğurlar arzulanıb.

Qadınlardan ibarət millimizin baş məşqçisi vəzifəsinə Amina Abdullatif təyin edilib. 2006-cı ildən etibarən məşqçilik təcrübəsi olan Abdullatif daha əvvəl Fransanın gənc və yeniyetmələrdən ibarət yığmalarının məşqçisi vəzifəsində çalışıb. O, son illərdə isə Fransanın Milli İdman İnstitutunda cüdo şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. Abdullatifin yetirmələri böyüklər, gənclər və yeniyetmələr arasında dəfələrlə dünya və Avropa çempionatlarının mükafatçıları olublar.

Saşa Herkenrat-Vimar qadınlardan ibarət millimizin məşqçisi vəzifəsinə təyin edilib. 2016-cı ildən məşqçilik fəaliyyəti ilə məşğul olan mütəxəssisin yetirmələri dəfələrlə beynəlxalq yarışların, o cümlədən Avropa çempionatının mükafatçısı olublar.

Избранный
12
9
arena.az

10Источники