Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bütün ölkələri, xüsusən də ölkədə yerləşən Avropa İttifaqı (Aİ) ölkələrinin səfirliklərini, eləcə də Brüsseli siyasi motivlərlə zorakılığı təşviq etməməyə çağırıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, o bu barədə Macarıstana rəsmi səfəri çərçivəsində jurnalistlərə verdiyi açıqlamada deyib.
Gürcüstan parlamentinin sədri Aİ rəsmilərinin Avropa dəyərlərinə riayət etməməsini tənqid edib. O, Brüsseldən gələn bəzi nümayəndələrin Gürcüstanda seçkiqabağı kampaniyalara açıq şəkildə müdaxilə etmələrini və bunun gürcü xalqının iradəsini əks etdirmədiyini bildirib.
Papuaşvili onların bu cür davranışlarını “Avropa dəyərlərindən uzaq” hesab edib.
Xatırladaq ki, yanvarın 24-də Aİ səfirləri Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimin dayandırılmasını dəstəkləyiblər. Bu qərar Avropa Komissiyasının təklifi ilə irəli sürülüb.