Boluda baş verən yanğının səbəbi məlum oldu – Fotolar
Bolunun “Kartalkaya” xizək mərkəzində yerləşən “Grand Kartal” otelində baş verən və 78 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı istintaq çərçivəsində yanğının necə başladığı məlum olub. Yeniavaz.com “Sabah” qəzetinə istinadla xəbər verir ki, yanğın otelin restoran hissəsində səhər yeməyi hazırlayarkən manqaldakı qaynar yağın alışması nəticəsində baş verib. Belə ki, otelin restoran işçiləri səhər yeməyi hazırlamağa başlayıb. İddiaya görə, işçilər səhər yeməyi hazırlamaq üçün istifadə edilən manqalı yandırıblar. Uzun müddət açıq qalan manqalın üzərindəki qaynar yağ qəfildən alışıb. Mətbəxdən alovların yüksəldiyini görən aşpaz Faysal Yavər və mətbəx işçiləri Yusuf Karahanlı, Fidan Kurç və Mehmet Gündüz yanğına müdaxilə etmək istəyiblər. Onlar alovu yanğınsöndürən balonla söndürmək əvəzinə su ilə söndürməyə çalışıblar. Lakin qaynar yağ su ilə təmasda olduqdan sonra alov böyüyərək ətrafa yayılıb. Alovun tüstü borusundan bacaya, oradan da dam örtüyünə keçib və qısa müddətdə oteli bürüyüb. Yanğın siqnalizasiyası işləmədiyi üçün oteldə qalanlara yanğın barədə məlumat vermək mümkün olmayıb. Otelin 4-cü mərtəbəsindəki restoranda başlayan yanğın sürətlə böyüyərək, bütün binanı əhatə edib. İstintaq çərçivəsində 78 nəfərin ölümü ilə nəticələnən yanğında səhlənkarlığı müəyyən edilən və yanğına səbəb olduğu iddia edilən aşpaz Faysal Yavər, mətbəx işçiləri Yusuf Karahanlı, Fidan Kurç və Mehmet Gündüz həbs edilib. Digər tərəfdən, “Grand Kartal” otelinin həbsdə olan sahibi Halit Ergülün ifadəsi üzə çıxıb. O, ifadəsində son yoxlamanın dekabrın 15-də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparıldığını iddia edib. O, yanğınla bağlı heç bir nöqsan aşkarlanmadığını bildirib. “Yanğın siqnalizasiya sistemi var idi, ancaq bu sistem çox güman ki, yanğın başlayanda zədələndiyi üçün işləməyib. Ancaq tüstü detektorları işə düşüb”, - deyə otel sahibi bildirib. Yanğından sağ çıxan otelin aşpazı Mustafa Serbest isə baş verənləri belə izah edib: “Hər tərəfi tüstü və qışqırıq səsləri bürümüşdü. Oteldə yanğınsöndürən var idi, amma işləmirdi. Mən yanğınsöndürən görmədim. Bildiyimə görə, baş aşpazın kabinetinin qarşısında biri var idi. Oteldə suvarma sistemi yox idi. Əslində yanğın nərdivanı var idi, ancaq ondan da şəxsi heyət istifadə edirdi. Yanğından xilasetmə pilləkənlərinin qapıları taxtadan idi”.