RU

AZAL-ın təyyarəsinin raketlə vurulduğu rəsmi təsdiqləndi- Rusiya yenə susdu...

Image

AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. 

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Xatırladaq ki, İ.Əliyev yanvarın 6-da təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə bəyan edib ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir.

Qeyd edək ki, AZAL-a məxsus təyyarənin dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Rusiyada aparılan cinayət işi hava gəmisinin “Pansir S-1” HHM sistemi ilə vurulduğunu təsdiq edib. Məlumata görə, həmin sistem Rusiyaya Suriyadan gətirilib: “Məlum olub ki, istintaq Azərbaycan təyyarəsinə qarşı radio-elektron mübarizə vasitəsinin tətbiq edildiyini təsdiq edib. Rusiya tərəfi həm təyyarəyə atəş açanların, həm də atəş əmri verənlərin şəxsiyyətini müəyyən edib”.

Onu da bildirək ki, AZAL-a məxsus təyyarənin “Pansir S-1” HHM sistemi ilə vurulduğu təsdiq edilsə də, Rusiyada bununla bağlı hər hansı bir addım atılmadı. Kimlərinsə həbs olunması və cinayət işinin açılması ilə bağlı iş görülməyib. Maraqlıdır, Rusiya məlum hadisəyə niyə reaksiya verməyib? 

Mətin Məmmədli: “Rusiyanın reaksiya verməməsi həmin ölkədə hakim dairələrin hələ də imperiya hikkəsində olması ilə bağlıdır”

Siyasi şərhçi Mətin Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, inkarolunmaz faktlar sübut edir ki, Azərbaycan mülki təyyarəsi Rusiya səmasında Rusiya hava hücumu müdafiə sistemi ilə, “Pansir S-1” HHM sistemi ilə vurulub: “Bu faktlar artıq aydındır. Bizim Rusiyadan gözləntimiz ondan ibarət idi ki, Moskva səhvini etiraf etməli və buna görə ölkəmizdən üzr istəməli idi. Bununla yanaşı, təqsirkarlar da cəzalandırılmalı və təzminat ödəməli idi. İlk növbədə beynəlxalq hüquq normaları Rusiyanın belə davranmağını tələb edir. Həmçinin, Rusiya-Azərbaycan əlaqələrini də bura əlavə etsək, həmin ölkədən bu cür münasibət gözləməyimizi tələb edirdi. Ancaq hələ ki, gözləntilərimiz özünü doğrultmayıb və bunun əvəzinə Rusiya ölkəmizə qarşı qarayaxma, təhqir kampaniyası aparır. Azərbaycan Rusiyanın bu davranışını heç bir formada qəbul edə bilməz. Məntiqlə, Rusiya belə münasibət göstərməməli idi. Məlumdur ki, Rusiya-Ukrayna müharibəsinə görə adıçəkilən ölkə dünyanın böyük bir hissəsi tərəfindən təcrid olunub. Ən ağır siyasi, iqtisadi sanksiyalar məhz Rusiyaya tətbiq olunur. Sadə dildə desəm, bu gün Rusiyanın dostları xeyli azalıb. Belə bir vaxtda Rusiyanın tərəfdaş ölkəni itirməsi onlara belə sərf etmir”.

Həmsöhbətimiz hesab edir ki, təyyarə qəzası ilə bağlı Rusiyanın reaksiya verməməsi həmin ölkədə hakim dairələrin hələ də imperiya hikkəsində olması ilə bağlıdır. Onlar qonşu xalqlara “yuxarıdan aşağı baxma” siyasətini davam etdirir. Bu səbəbdən də etdikləri səhvə görə heç bir addım atmırlar.

Tural İsmayılov: “Rusiyanın təyyarə qəzası ilə bağlı ortaya qoyduğu mövqe təəssüfedicidir”

Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Rusiyanın təyyarə qəzası ilə bağlı ortaya qoyduğu mövqe təəssüfedicidir: “Bu hal iki ölkə arasındakı yaxşı münasibətlərin ruhuna əsla uyğun gəlmir. Rusiya tərəfi ilk gündən təyyarə qəzası ilə bağlı üzrxahlıq etməli və daha adekvat reaksiya verməli idi. Rusiya günü bu gün də məlum hadisə ilə bağlı lazımi reaksiya vermir. Rusiyaya aid bütün media kanallarında, platformalarında hadisənin manipulyasiya edilməsinin şahidi oluruq. Bütün bunlar anlaşılmaz olaraq qalır. Məlumdur ki, Rusiya Ukraynanın ərazilərini tutduqdan sonra ona qarşı dünyada adekvat olmayan münasibətlər daha da gərginləşib, demək olar ki, əksər ölkələr Rusiyaya sərt münasibət bəsləyir. Belə bir ərəfədə Azərbaycan kimi etibarlı qonşu ilə münasibətləri zədələmək Rusiyaya baş ucalığı gətirməyəcək”.

T.İsmayılovun fikrincə, məlum təyyarə qəzasının obyektiv araşdırılması təmin edilməlidir. Rusiya tərəfindən rəsmi açıqlama verilməli, ölkəmizdən üzr istənməlidir. Bununla yanaşı, Rusiya ölkəmizə təzminat ödəməlidir: “Baş verən hadisəyə görə məsuliyyət Rusiyanın üzərindədir”.

Günel CƏLİLOVA





Избранный
13
26
baki-xeber.com

10Источники