RU

Arayik məhkəməyə sənəd verdi - Hakim baxış iclası təyin etdi

Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə hazırlıq iclası davam etdirilib.

Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, habelə müdafiə üçün vəkillərlə təmin olunub.

Prosesdə zərərçəkmiş qismində tanınmış 531 mindən artıq şəxsin bir qismi, habelə onların nümayəndələri iştirak ediblər.

Əvvəlcə təqsirləndirilən şəxslərin - Bako Saakyanın, Erik Qazaryanın, Araik Harutyunyanın, Melikset Paşayanın, Arkadi Qukasyanın, Levon Mnatsakanyanın, Vasili Beglaryanın, Davit Allahverdiyanın vəkilləri çıxış edərək, yeni vəsatətlər təqdim ediblər.

Müdafiəçilər verilmiş ittihamların bir qisminin təqsirləndirilən şəxslərə aid olmadığını bildirərək, cinayət təqibinə həmin hissələrdə bəraətverici əsaslarla xitam verilməsini məhkəmədən xahiş ediblər.

Təqsirləndirilən şəxslər vəkillərinin vəsatətlərini müdafiə ediblər.

A.Harutyunyanın vəkili vəsatət verərək, sübut siyahısına əlavə olunması üçün məhkəməyə sənəd təqdim edib.

İttiham tərəfi həmin sənədin sübutlar siyahısına əlavə edilməsinə etiraz etməyib, lakin qeyd olunan sənədin mötəbərliyinin məhkəmə istintaqının gedişində tədqiq olunacağını bildirib.

Dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxslər barəsində cinayət təqibinə hissəvi xitam verilməsinə dair vəsatətlərin təmin olunmamasını xahiş edib.

Prosesdə zərərçəkmiş şəxslərin nümayəndələri də çıxış edərək, ittiham tərəfinin mövqeyi ilə razılaşdıqlarını bildiriblər.

Prosesdə Azərbaycan dövləti adından zərərçəkmiş qismində iştirak edən Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edərək, vəsatətlərin təmin olunmamasını xahiş edib.

Избранный
19
6
aznews.az

10Источники